«FHN mayoru» və «leytenantı» paylarını aldılar: 14 il 6 ay
Qəsdən adam öldürməkdə təqsirli bilinən Şamaxı rayon sakinləri Vasif Soltanov və Oqtay Mürsəlovun cinayət işi üzrə məhkəmə başa çatıb. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və onlar çox uzun müddətliyə cəmiyyət arasında yaşamamağa layiq görüldülər.
Bi iki subyekt özlərini vəzifəli şəxs kimi təqdim edərək, özgənin külli miqdarda pulunu ələ keçiriblər. Belə ki, Oqtay Mürsəlov FHN mayoru, Vasif Soltanov isə leytenant rütbəsində vəzifəli şəxs olduqlarını bildiriblər.
Onlar Elsevər Məmmədov tanışlarının FHN-nə işə düzəltmək adı ilə aldadıblar. Elsevər Məmmədovun vasitəsi ilə iki tanışından 11 min 500 manat alaraq mənimsəyiblər.
Bundan sonra Elsevər Məmmədovla təqsirli bilinən şəxslərin arasında mübahisə yaranıb. Oqtay Mürsəlov ötən ilin dekabırın 3-də Elsevər Məmmədovu işə düzəltmək məqsədilə Şamaxı rayonuna çağırıb. Həmin gün saat 16.00 radələrində Ağdaş rayonunda yaşayan Elsevər Məmmədov özünə məxsus VAZ-2106 markalı avtomaşında evdən çıxaraq Pirqulu qəsəbəsinə gedib və həmin gündən də geri qayıtmaylıb. Elsevər Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili isə Qaradağ rayonunun Müşviqabad qəsəbəsi ərazisində gizlədiblər.
Araşdırmalar zamanı Elsevər Məmmədovun həmin gün Şamaxı rayon sakinləri Vasif Soltanov və Oqtay Mürsəlov tərəfindən tamah məqsədilə Şamaxı rayonunun Çuxuryurd kəndinə aparılıb orada boğma yolu ilə qətlə yetirilməsi, meyitinin isə meşə zolağında basdırılması müəyyən edilib. Vaqif Soltanov və Oqtay Mürsəlov polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində tutulub.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bildilər. Oqtay Mürsəlov bildirdi ki, “Azər-Trans” mühafizə şirkətinin işçisi olub. Onun sözlərinə görə, həmin mühafizə şirkətinin tərkibində prezidentə məxsus Şamaxı rayonunda olan iqamətgahında mühafizənin rəisi olub: “Bu hadisədən 4-5 ay əvvəl həmin vəzifədən kənarlaşdırılıb. Hadisə baş verən vaxt adı mühafizəçi işləmişəm. Hadisə baş verən gündən sonra da ərizəmlə işdən azad edilmişəm”.
Daha sonra şahid qismində mərhumun oğlu Ayxan Məmmədov ifadə verdi. O, bildirdi ki, təqsirləndirilən şəxslərlə münasibəti olmayıb. Onun sözlərinə görə, təqsirli bilinən şəxsləri atasının qatilləri kimi tanıyır: “Oqtay Mürsəlov dekabrın 3-də atamı çağırıb. O, atama deyib ki, görüşməyə gələndə bu barədə heç kimə deməsin. Lakin atam evdən çıxanda anama deyib ki, Oqtay Mürsəlovla görüşməyə gedib. Həmin gün axşam anam atamla əlaqə saxlayıb. Atam deyib ki, dumanlı havaya düşüb və axşam evə gələ bilməyəcək. Səhəri gün atamın telefonuna zəng etsək də, telefonun bağlı olduğundan əlaqə yaratmağımız mümkün olmayıb”.
Şahid daha sonra qeyd etdi ki, atasının evə gəlməməsi ilə bağlı axtarışa başlayıblar. Onun sözlərinə görə, Oqtay Mürsəlovla görüşüblər: “Oqtay atamdan xəbərsiz olduğunu bildirdi. Hətta “var-yox” söyüşü də söydü ki, atamın yerini bilmir. Daha sonra onun yanından ayrıldıq və Ağdaş rayon Polis Şöbəsinə gəldik. Burada atamın itkin düşməsi ilə bağlı şikayət etdik. Milli Təhlükəsizlik nazirliyi vasitəsi ilə atamın hadisə zamanı təqsirləndirilən şəxslərlə görüşməsi barədə telefon dinləmələri oldu. Müəyyən edildi ki, həmin gün atam bu şəxslərlə görüşüb”.
Şahid daha sonra qeyd etdi ki, təqsirləndirilən şəxslər atasını tamah məqsədilə qətlə yetiriblər. Onun sözlərinə görə, həmin gün atası evdən çıxanda üstündə 450 manat pulu olub. Bildirdi ki, atasını qətlə yetirəndən sonra həmin pulu da götürüblər.
Şahid daha sonra ifadəsində təqsirləndirilən şəxslərlə atasının necə tanış olmasını açıqladı: “Atam bu şəxslərlə kəndimizdə Azər adlı şəxsin atasının yas yerində görüşüblər. Həmin vaxt bu şəxslər özlərini vəzifəli şəxs kimi təqdim ediblər. Atamda bir nəfəri işə düzəltmək üçün onlardan soruşub. Onlar bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin Şamaxı regional şöbəsinə işə düzəldə biləcəklərini deyiblər. Buna görə də 11 min 500 manat alıblar. Evdə olan söhbətlərdən eşitmişdim ki, bu iş baş tutsaydı atam da 300-500 manat hörmət ediləcəkdi. Lakin günlər keçsə də, iş baş tutmayıb. Bundan sonra atamı Pirquluya çağırıblar. Həmin vaxt atama deyiblər ki, nazirlikdən də yüksək vəzifəli şəxs gələcək, onunla görüşəcək”.
Daha sonra şahid qismində mərhumun digər oğlu Orxan Məmmədov ifadə verdi. Orxan Məmmədov da atasını təqsirli bilinən şəxslər tərəfindən qətlə yetirildiyini bildirdikdən sonra şahid qismində adı keçən Azər Babayev ifadə verdi. O, bildirdi ki, Oqtay Mürsəlovu tanıyır və onun Şamaxıda mühafizəçi işlədiyini bildirdi: “Mərhumla bu şəxslər atamın yas yerində tanış olublar. Onların tanışlığında mən də iştirak etmişəm. Oqtay Müsrəslov dostum olduğunu bildirmişəm. Oqtay Mürsəlov atamın yas yerində olanda mayor, Vasif Soltanov isə leytenant rütbəli formada olublar. Onların forması mühafizə işçilərinin forması olmayıb. Çünki mühafizəçilərin forması göy olur. Bunlar isə geyindiyi formalar isə yaşıl idi”.
Azər Hüseynov daha sonra qeyd etdi ki, mərhumla təqsirləndirilən şəxsin arasında olan pul haqq-hesabından xəbəri olmayıb. Daha sonra mərhumun həyat yoldaşı Tünzalə Məmmədova zərərçəkmiş şəxs qismində ifadə verdi. O, bildirdi ki, mərhum həyat yoldaşı evdən çıxarkən üstündə 350 manat pulu olub. Onun sözlərinə görə, həmin pulu özü sayıb. Zərərçəkmişin sözlərinə görə, həmin puldan əlavə də xırda pullar olub və həmin xırda pulları saymadığı üçün nə qədər olduğunu bilməyib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.