FHN göz yaşlarına inanmır
Daşqından ziyan çəkənlər öz şikayətlərini şəxsən FHN rəhbərinə təqdim edə bilməyiblər. Baxmayaraq ki, bu gün Salyanda FHN rəhbəri Kəmaləddin Heydərovun ictimai qəbulu təşkil edilmişdi. Heydərovun qəbuluna düşmək üçün səhər saatlarından Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarından 300-dən çox insan görüşün planlaşdırıldığı FHN Muğan Regional Mərkəzinin binası qarşısında toplaşıb. Bu, əsasən 2010-cu ildə güclü daşqından ziyan çəkmiş vətəndaşlar idi, bu barədə Turan-a “Demokratiyaya yardım” regional QHT-nin rəhbəri Emil Məmmədov bildirib.
Qəbul təyin edilmiş vaxtdan 1 saat gec başlayıb. Növbədə “asayişi təmin edən” mülki geyimli şəxslər şikayətçilər, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları ilə kobud davranıb. Şikayətçilər daha çox nazirlə birbaşa görüşə bilməməkdən məyus olublar. Onları FHN əməkdaşlarından ibarət komissiya üzvləri qəbul edib. Uniformalı FHN əməkdaşları Azadlıq radiostansiyasının əməkdaşı Azər Əlini və Regional Mərkəzdən çıxan şikayətçilərdən müsahibə almaq istəyən digər yerli jurnalistləri təhqir ediblər və görüşün keçirildiyi binanın yanından güclə uzaqlaşdırıblar.
Şikayətini heç kim dinləmədiyi üçün Sabirabad rayonunun Meyniman kənd sakini Leyla Yaqubovanın halı pisləşib, onu “təcili yardım” maşını ilə aparıblar. Beləliklə, daşqından ziyan çəkənlərin şikayətlərini hökumətin diqqətinə çatdırmaq üçün son ümidləri də puç oldu, deyə Məmmədov bildirib.
2010-cu ilin yazında Araz və Kür çaylarında daşqın nəticəsində 100 min hektardan çox torpaq sahəsi və 20 mindən çox ev su altında qalıb. Daşqının nəticələrinin aradan qaldırılması üçün dövlət 460 mln. manat ayırıb. İşləri FHN həyata keçirib. Əhaliyə kömək üçün yaradılmış ictimai birlik – “Kür” vətəndaş cəmiyyəti qərargahı yüksək səviyyədə korrupsiya, vəsaitlərin mənimsənilməsi və məmurların sui-istifadə faktlarını aşkar edib. Sui-istifadə faktları haqqında bütün yüksək instansiyalara müraciətlərə baxmayaraq, heç bir tədbir görülməyib.
200 ailə FHN-i, “Meliorasiya və su təsərrufatı” ASC-ni, habelə rayon hakimiyyətlərini məhkəməyə verib. Bu gün 114 şikayətə məhkəmədə baxılır. İki şikayət Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Bütün iddiaçıların hüquqlarını “Kür” qərargahı müdafiə edir.

