Muəllif:

Fəxrəddin Manafov: «Sabah sabahkı külək əsəcək»

Onun rollarını uşaqdan böyüyə izləyənlərin hamısı sevir. Aktyor yaşa dolsa da, kinolentdəki obrazları onu cavan saxlayır. Səhhətindəki problemləri hərdən onu narahat edir, fəqət kino onu həyata bərk bağlamışdır. Fəxrəddin Manafov:Amma aktyor kinodan ayrılmır. Valideyn məhdudiyyəti ilə bu sənəti sahiblənən aktyor söhbətinə elə keçmişi xatərlamaqla başlayır:

— Ticarət texnikumuna daxil olmuşdum. Valideynlərim belə məsləhət gördülər. Ancaq birinci kursdan nəsə ora xoşuma gəlmədi. Evdən xəbərsiz ordan qaçıb sənədlərimi Montində 12 nömrəli texniki peşə məktəbinə verdim. Evdəkilərin xəbəri olmadan oranın kino mexanikliyi ixtisasını bitirdim. Elə oldu ki, böyük qardaşım Aktyor Evinin qarşısında elanı oxumuşdu ki, ora kino mexaniki tələb olunur. Getdim, işə götürüldüm. İlk dəfə Aktyor Evində simaları, böyük aktyorları görəndə məndə sənətə, aktyorluğa bir sevgi, istək yarandı. Futbol da oynayırdım. Sözün düzü, pis də oynamırdım. Ən böyük istəyim, arzum bəlkə də o idi ki, futbolçu olum. Amma türklər demişkən, maaləsəf, tale, təsadüf elə gətirdi ki, aktyor oldum. O dövrdəki böyük simaları görəndə sənət tamamilə başqa idi. Bu gün də yaxşı sənətkarlar var, ancaq azdır. Bütün bunlarla yanaşı, ilk dəfə orada «Yuğ» Teatrının təməlini qoyan Vaqif İbrahimoğlu mənə köməyini göstərdi. İlk dəfə o mənə səhnədə yerişi öyrətdi. Səhnə danışığını, səhnə mədəniyyətini, səhnə plastikasını ondan öyrəndim. «Yuğ» Teatrından əvvəl, 1976-cı ilin sonu, 77-nin əvvəllərində Vaqif müəllimlə Aktyor Evində teatr açdıq. Tədris teatrı idi. Orada gözəl tamaşalar səhnəyə qoyulurdu. Və 1978-ci ildə məni kino çəkilişləri üçün sınaqlara dəvət etməyə başladılar. Kino sınaqlarına dəvət edirdilər, amma çəkmirdilər. Hətta məni «kino sınaqları üzrə xalq artisti» adı ilə çağırmağa başlamışdılar. Soruşanda ki, niyə məni çəkmirsiz, deyirdilər ki, «fotogenik» deyilsən. Deyirdilər ki, ya yaxşı çıxmırsan, ya üzün uyğun gəlmir, ya deyirdilər burnun yekədir. Bilmirəm səbəblər nə qədər düzgün, nə qədər qeyri-düzgün idi. Sonra elə bir vaxt gəldi ki, Vaqif İbrahimoğlu «Dədə-Qorqud» eposuna müraciət edib tamaşanı səhnəyə qoydu. Bir müddət sonra mənə studiyadan zəng vurdular ki, bəs Rasim İsmayılov (Allah rəhmət eləsin) sizlə danışmaq istəyir. Dəstəyi götürdüm, dedi studiyaya gəl, səni təsdiq etmişik, filmə çəkilirsən. Mən də eşitmişdim ki, artıq o filmə başqa uşaq təsdiq olunub. Hətta filmin bir hissəsi çəkilmişdi. Təxminən 300 metr «polezni» lent çəkilib. Qulaqlarıma inanmırdım ki, bundan sonra məni o filmə dəvət edərlər. O da yadımdadır ki, Rasim müəllim dəstəyi Elmira xanıma verəndə mən dedim ki, ardımca maşın göndərin. Orada tutuldular. Necə yəni maşın? Dedim maşın göndərin də… Maşın göndərin gəlim, yoxsa mən özüm piyada gəlməyəcəm. O pauzalardan sonra dedilər ki, yaxşı. Dedilər ki, bu uşaq maşın istəyir, qəribədir. İndiyə qədər də yadımdadır ki, dalımca maşın göndərdilər və mən getdim telestudiyaya.

— Dediniz ki, ilk çəkiliş üçün maşın göndərilməsini istəmişdiniz. Baxmayaraq ki, siz xeyli müddət sınaq çəkilişlərinə getsəniz də, ilk dəfə idi dəvət gəlmişdi. Bu iddia idi, yoxsa sənətə olan hörmət?

— Bilirsiniz necə, bu həm də özümdən gəlirdi. Sadəcə, bu, daxili aləmin təzahürü idi. Əgər mən sizə lazımamsa, demək bunu dəyərləndirmək lazımdır. Bunu bizə Vaqif müəllim öyrədib. Vaqif müəllim həmişə aktyorlarına, bizə, sənətinə hörmətlə yanaşmağı öyrədib, xahiş edib, tələb edib. Onun aktyorları harasa dəvət alanda da məhz bu yolla gediblər. Mən hesab edirəm ki, bu, düzgündür. Əgər mən aktyor kimi hansısa çəkiliş üçün lazımamsa, mən ora qan-tər içində gələ bilmərəm. Basabasla avtobusda gəlim, sonra sənət yaradım, bu, çox çətindir.

— Rasim Balayev də bizə verdiyi müsahibələrindən birində «Ac qarına şah oynamaq olmaz» söyləmişdi…

— İcazə verin, mən bir qədər fərqli yanaşım. Yaradıcı adam gərək ac qarına sənət yaratsın. Çünki insanın gözü tox olanda doyursan, fərqinə varmırsan, bu, pisdir. Əgər mən bir professional kimi özümə hörmət etməyi bacarmıramsa, heç kim mənə hörmət etməz. Mən birinci gündən öz qarşıma məqsəd qoymuşdum ki, mən neyləsəm də, şəxsiyyətimi kimsənin qabağında əzmərəm. Bu mənim qanımda da var. Dediyiniz kimi, baxmayaraq ki, mən filmlərə çəkilmirdim, ancaq yenə də ehtiyat etmədim. Həmin gün biləndə ki, artıq ikinci rejissor zəng edib məni çəkilişə dəvət edir və biləndə ki, artıq təsdiq olunmuşam, inanmıram ki, bir maşına görə təkliflərindən geri dönərdilər. Əgər belə olsaydı, heç o rejissorla çəkilməyə də dəyməzdi. Allah rəhmət eləsin, Rasim İsmayılov çox gözəl sənətkar idi. Çox kübar, böyük bir insan idi. Onunla təmasda olduq film boyu.

— Bir çox aktyorlarda qəribə bir fikir formalaşıb. Teatr və kino aktyorunun fərqi böyükdür deyirlər.

— Necə biz deyə bilərik ki, siz raket «injener»isiz, mən maşın «injener»iyəm, fərqimiz böyükdür. Hər ikisi eyni ixtisasdır. Məzmun eynidir, forma fərqlidir. Vallah-billah, aktyor elə aktyordur. Bu dünyada da belədir. Aktyor həm teatrda çalışır, həm kinoda çəkilir. Etiraf etmək olar ki, teatrda əziyyət daha çoxdur. Teatrda tutaq ki, bir sözü, «salam»ı elə deməlisən ki, 29-cu sırada oturan tamaşaçı onu eşitsin. Ancaq kinoda mikrofon köməyə çatır və sən onu sakit tərzdə də deyəndə eşidilir. Teatrda durmadan tamaşa iki saat gedirsə, sən onu oynamalısan. Kinoda isə yorulanda deyirsən ki, bağışlayın, yorulmuşam, mənə bir kofe verin içim. Kino aktyorları bir az tənbəl olur. Kino aktyorları bir qədər xəsis olurlar. Yəni potensialını tam tükətmir. Kinoda mən hər hansı bir baxışla fikrimi bildirə bilirəm. Tamaşaçı görür, başa düşür. Ancaq teatrda 29-cu sırada oturan tamaşaçıya mimikanı göstərmək üçün mən həm də barmağımı ağzıma sıxıb, əfsusluğumu çatdırmalıyam. Fərq budur. Fərq maneradadır, tərzdədir.

— Sizi ilk illər çəkməyəndə səbəb göstəriblər: Üz cizgiləriniz kinoya uyğun deyil. Sonralar sizin vizual görüntünüz, Fəxrəddin Manafov siması böyük tamaşaçı auditoriyasının diqqətini çəkə bildi. Xüsusilə də o vizual sima xanımların marağına səbəb oldu…

— Hər bir dövrün, epoxanın bir tələbi olur. O dövrdə yəqin ki, məhz mənim sifət cizgilərimə uyğun aktyor simasına ehtiyac var idi. Rus dilində belə bir söz var — «Mujskoe naçalo». Təxminən Azərbaycan dilində kəskin sifət cizgiləri olan kişi aktyorlarına tələbat var idi. Yəni yumru sifətli kişi simasından daha çox iti, kəskin sifətli aktyorlara maraq yaranmışdı. Elmdə bu ad elə «Mujskoe naçalo» adlanır. Mənim o ilk filmdən sonra artıq bizim və mənim hörmət etdiyim rejissorlar, rəhmətlik Rasim Ocaqov da məni kinoya dəvət etməyə başladı. Rasim Ocaqov ayrı söhbətin mövzusudur. Allah rəhmət eləsin, Şahmar Ələkbərov, Əliabbas Qədirov, Səməndər Rzayev, Həsənağa Turabov yumru sifət cizgilərinə malik idilər. Ondan sonrakılara fikir vermisizsə, artıq mənim yuxarıda qeyd etdiyim sifət cizgilərinə malik idilər, kəskin, iti. Mən də vaxtında, düzgün yerdə olduğumdan bəxtim gətirmişdi. Yanımda çox gözəl aktyorlar var idi ki, yumru sifət cizgisinə malik olduqlarından dəvət almırdılar. Mənim bəxtim gətirdi.

— Uzun illər keçəndən sonra rolunuza baxanda, bu gün oynasaydım bunu başqa cür oynayırdım demisinizmi?

— Yox, elə fikrim olmayıb. Bayaq dediyim kimi, hər dövrün öz tələbi var. Təbii ki, bu gün oynasaydım, hər hansı obrazı fərqli oynardım. Niyə? Mən insanam. Bu gün qarşımda olan insana bir cür münasibət göstərə bilərəm, müraciət edə bilərəm, sabah bu münasibət, müraciət dəyişə bilər. Bu qanundur. Kino da belədir. Freydin testinə görə, «Mən bu günlük, bu anlıq sualı ilə səni testlə sual-cavab edirəm. Sabah təbii ki, mənim sənə verdiyim eyni sualın cavabı fərqli olacaq. Bu fəlsəfədir. Yapon, Şin fəlsəfəsinə görə, deyirlər ki, «zavtra budet dut zavtraşnıy veter — sabah sabahkı külək əsəcək». Axar suya baxırsan eynidir, amma əslində eyni deyil. Təbii ki, bu gün mənim belim ağrıyır, özümü narahat hiss edirəm. Bu komponentlər mənim bugünkü ümumi əhval-ruhiyyəmə təsirini göstərir. Yox, hərgah sən qarşına hər hansı bir işi qoyub, onun konsepsiyasını dəyişmək istəyirsənsə, o başqa məsələ. Əgər mən bu gün tənhalığı oynayırdımsa, sabah mən bədbəxtçiliyi oynayıram. Bu, konsepsiya dəyişikliyidir. Ancaq istər-istəməz dünənkini eynən etmək düzgün deyil. Adi güzgüyə baxanda üzündə bu gün bir qırış görürsənsə, sabah iki qırış görünür.
Dostlarım, tanışlarım deyirlər ki, sən özünü qadınlara sevdirə bilirsən və mən bundan çəkinmirəm. Sözün düzü, bu mənim xoşuma gəlir. Heç nə eləmirsən, ancaq özünü sevdirə bilirsən.

— Yaratdığınız obrazlardan Zaur xüsusilə fərqlənir. Gəlin razılaşaq ki, bu obraz sizin yaradıcılığınızda fərqli cığır açdı…

— Yalnız onu deyə bilərəm ki, tamaşaçı hər zaman həyatda bir neçə şeyi gözləyir. Nağıl — əgər fikir vermisinizsə, biz uşaqlıqdan lap qocalanadək nağılı sevirik. Nəyə görə? Çünki nağıldır. Həyata keçən bir şey deyil. Gecələr yatanda düşünürsən ki, nə olaydı mənim filan avtomobilim, filan cür evim olaydı, filan-bəsməkan. Ömür boyu düşünürsən. İnsan ona yetəndən sonra da deyəcək ki, mənim bir katerim olaydı, filanım-filanım olaydı. Arzular bitmir.

— Filmdə Fəxrəddinin ifadələri bu gün çoxları, qadın-kişi münasibətlərində eynən istifadə etməyə çalışırlar…

— Onlar mənim sözlərim yox, Anar müəllimin yazdıqları idi. O başqa məsələdir ki, mən onu təbii oynadığım üçün baxanlar oradan nəsə götürə bilib. Hətta bir etiraf söyləyim, bir nəfər mənə zəng vurdu, dedi ki, fanatınızam. Zəng vuranda deyir ki, mən məhəbbətimlə belə danışıram, elə deyirəm. Görürəm ki, hamısı Zaurun hərəkətlərinin təkrarıdır. Bir gün də mənə zəng vurdu ki, bəs xəstəxanadayam. Ay bala, nə olub? Bəs məhəbbətimlə yolu keçirdim, dedim səni sevirəm, dedi ki, inanmıram. Mən də özümü atdım maşının altına. O köpək oğlu da bərk sürürdü deyə, qolum-qıçım sındı. Dedi ki, gəlin dəyin mənə, dedim yox, yanına gəlsəm sən özünü dənizə atacaqsan. Mən çalışmamışam ki, o filmdə boğazdan yuxarı səslə «ha-ha-ha, salam…» deyim. Sadəcə, salam demişəm. Sadə, təbii şəkildə…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 964