Muəllif:

Fərəc Qarayev — Moskva ilə Bakı arasında…

Qara Qarayevin oğlu, Rusiyada yaşayan bəstəkar və pedaqoq, professor Fərəc Qarayevin Azərbaycan musiqi sənəti ilə bağlılığı qalır. Bu illər ərzində paralel olaraq həm Moskvada, həm də Bakıda yaşayır. Yəni Azərbaycanın musiqi həyatını müşahidə etmək imkanı və müəyyən qənaətləri var. Yaradıcılıq həyatı səfərlərlə dolu olan musiqiçi ilə söhbətə onun Moskva həyatı ilə başladıq:

-Anam neçə il idi oraya köçmüşdü, artıq yaşlı idi, mənim onun yanında olmağım lazım idi. Moskva konservatoriyasının prorektoru Aleksandr Sergeyeviç Sokolov isə 1995-ci ildən məni orada çalışmağa dəvət edirdi. Nəhayət 2003-cü ildə qərara gəlib Moskva konservatoriyasında çalışmağa başladım. Sokolov təklif edirdi ki, orda daha bir alətşünaslıq kafedrası açım. Amma mən buna ehtiyac olmadığını dedim.

Elə vaxtlar olub ki, hər şeyin o qədər də yaxşı olmadığını düşünmüşəm. Amma musiqi sahəsində istedadlı xalq olmağımız öz sözünü deməyə bilməz. Maraqlı tapıntıları ilə seçilən yaradıcı gənclər az deyil. Məsələn Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin məzunlarına ümidim çoxdur. Bizim ən böyük problem — Azərbaycan dilində dərsliklərin olmaması olub. Bu problem dövlət səviyyəsində həll olunmalıdır. Unutmaq olmaz ki, sovet təhsil sistemi bir çox müsbət keyfiyyətlərə malik idi. Keçmiş quruluşdur deyə, ondakı yaxşı cəhətlərin üstündən xətt çəkmək doğru deyil.

— Bir neçə il öncə sizin rəhbərlik etdiyiniz “Yeni musiqi” Cəmiyyəti çox maraqlı layihələr gercəkləşdirirdi. Nəyə görə bu, davamlı olmadı?

— “Yeni musiqi” Cəmiyyətini gözəl musiqişünas Cahangir Səlimxanovla birlikdə yaratmışdıq. Cəmiyyətlə bərabər “SoNoR” müasir ansamblı fəaliyyət göstərirdi, eyniadlı festival keçirdik. Təəssüf ki, bir müddətdən sonra maddi problemlər səbəbindən ansambl dağıldı, “SoNoR” Müasir Musiqi Festivalı isə ənənəyə çevrilmədi. Musiqiçilər də insandır – uzun müddət heç bir maddi bünövrə olmadan musiqinin inkişafına xidmət edə bilməzlər.

— Akademik musiqinin inkişafında prodüser, menecer işinin roluna münasibətiniz necədir?

— Mən yaşca başqa nəsildən olduğum üçün belə fəaliyyət forması tanış deyil. Bununla belə hesab edirəm ki, bacarıqlı prodüserlərin, menecerlərin potensialından istifadə etmək lazımdır. Müasir dövrdə bu, çox lazımlı fəaliyyət sahəsidir. Bu sahədə peşəkar olan insanların keçirdiyi internet-müsabiqələr sayəsində bu gün simfonik musiqi əsərləri fərqli dinləyici auditoriyası qazana bilir. Bizdə isə son dövrdə musiqi festivalları ənənəsi dirçəlməkdədir. Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Qəbələdə Pianoçuların Beynəlxalq Festivalı və s. Bunların hər il baş baş tutmasının özü son dərəcə yaxşı haldı. Mən çox şadam ki, Qara Qarayev adına Müasir Musiqi Festivalı yenidən Azərbaycanın mədəni həyatının bir hissəsinə çevrildi.

— Sizin yaradıcılığınız teatrla sıx bağlıdır. Bu teatra məhəbbətdən irəli gəlir, yoxsa belə alınır?

— Belə alınır. “Azdrama”da qoyulan “Pompeyin Qafqaza səyahəti” və “Arılar arasında” tamaşaları son işlərimdəndir. İnstumental teatr üçün əsərlərim daha çoxdur. Doğrusu, musiqiçilərin tamaşa qurmasının müəllifi olmaqdan böyük həzz alıram.

— Həm də ən müxtəlif alətlərin köməyilə…

— Bu, əsərin ideyasından asılı olur. Məsələn, Amsterdamda ifa olunan üçhissəli əsərdə tardan, mugamın canlı ifasından və “Qurani-Kərim”dən bir surənin səsləndirilməsindən istifadə etmişdim. “Babil qülləsi” əsərinə isə tar və kamançadan başqa bütün Şərq xalqlarının alətlərini daxil etmişdim. Bu əsərlərin təqdimatı zamanı Möhlət Müslümov, Fəxrəddin Dadaşov, Elşən Mansurovla əməkdaşlıqdan böyük zövq aldım. Onların Avropa səhnəsini fəth etmələrinin şahidi olmaq isə sözlə ifadə oluna bilməyən ruh yüksəkliyi idi.

— Qara Qarayev məişətdə necə insan idi? Dahi bəstəkarın oğlunun uşaqlığı necə keçib?

— Uşaqlığım gün ərzində beş saat royal çalmağı öyrənməklə keçib. Bizim üçün ən qiymətli hədiyyə kitab və musiqi valları idi. Birinci kostyum mənə orta məktəbi bitirəndə alınıb. Atam işləyəndə evdə tam sakitlik yaradırdıq. Onun işləməyi yalnız royal arxasında yeni əsəri üzərində çalışmaqdan ibarət deyildi. Hər yeni əsərə qədər o, xeyli müddət düşünürdü. Atam bizə öyüd-nəsihətlə deyil, şəxsi və yaradıcı keyfiyyətləri nümunəsi ilə tərbiyə verirdi. 12-13 yaşım olanda atamın Rimski-Korsakovun “Şəhrizad” əsərini çalması, mənim isə partituraya baxmağım ən parlaq xatirələrimdən biridir.

— Ağlınız kəsəndən yalnız musiqiçi olmaq istəmisiniz?

— Evdə həmişə musiqiçiləri gördüyüm, musiqi haqqında söhbətləri eşitdiyim üçün bu, öz-özünə baş verdi. Amma yadıma gəlir ki, 7-8-ci siniflərdə oxuyanda pianoçu kimi o qədər də istedadlı olmadığımı aşkarladım. Atam təhsilimi yarımçıq qoymağı məsləhət görmədi. Dedi ki, musiqi məktəbini bitir, sonra hansı sənəti istəyirəmsə, seçə bilərəm. Tələbə vaxlarmda isə cazzla nəinki maraqlanır, həm də ifa edirdim. Vaqif Sadıxovla birlikdə “Dostluq” restoranında çalırdıq.

— İlk əsərinizi neçə yaşında yazmısınız?

— Doqquz yaşında. Hansısa mahnıya variasiya idi. Mənim bəstəkar kimi formalaşmağımda atamdan savayı daha iki nəfərin böyük rolu olub – Alfred Şnitke və Edison Denisov. 1978-ci ildə isə musiqi ilə məşğul olmaq mənə mənasız göründü. Fikirləşdim ki, bundan sonra fotojurnalistika ilə məşğul olaram. Dostlarım məsləhət gördülər ki, əsərlərimi Şnitkeyə göstərim. Onun yanına gələndə dedim ki, mən öz əsərlərimi dinləyə bilmirəm, siz qulaq asana qədər mən gedim gəzişim. Qayıdanda o, dedi ki, musiqini atmağıma heç bir səbəb görmür. Edison Denisov isə əsərlərimin dünya səhnələrində səslənməsinə yardım etmiş şəxsdir. Ümumiyyətlə o, çalışırdı ki, gənc bəstəkarları daha geniş dairə tanısın. Mən də bu yolu davam etdirməyə çalışıram. “Nostalgiya” Simfoniyasını bu üç insanın xatirəsinə həsr etmişəm.

— Övladlarınız hansı peşəni seçiblər?

— Oğlum Əjdər uşaq vaxtı deyirdi ki, babam bəstəkardı, atam bəstəkardı, mən də bəstəkar olacam. Amma sonradan qərara gəldi ki, böyük babası Əbülfəs Qarayev kimi həkim olsun. Bakıda Tibb İnstitutunu bitirəndən sonra beş il təcili yardımda işlədi. 90-cı ilin 20 yanvarında o da növbədə idi. Evə gələndə üst-başı qan içində idi. Qızım Mədinə isə kompüter qrafikası, dizayn üzrə mütəxəssisdir, rəssamlığı da var. Telefilmlər də çəkir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 637