Fəhləni öldürən naxçıvanlara hökm oxundu : 13 il 6 ay
Xüsusi amansızlıqla qəsdən öldürməkdə ittiham olunan Naxçıvan şəhər sakinləri Rahib Musayev və Əli Əliyevin məhkəməsi başa çatıb. İttihama görə, 1966-cı ildə Şuşa şəhərində anadan olmuş Salman Məmmədov ötən ilin sentyabrın 11-də Bakı şəhəri Buzovna qəsəbəsi, “Albalılıq” yaşayış sahəsində naməlum şəxslər tərəfindən küçədə aldığı xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.
Aparılmış istintaq zamanı cinayətin Rahib Musayev və Əli Əliyev tərəfindən törədildiyi müəyyən edilib və onlar polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə söyüş üstə baş verib. Rahib Musayev tanışı Əli Əliyev ilə Salman Məmmədovun məskunlaşıb yaşadığı Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki “Abşeron” sanatoriyasının həyətinə gedərək sonuncuya məxsus “UAZ 452” markalı avtomaşınla Bakı şəhəri, Buzovna qəsəbəsi “Albalılıq” yaşayış sahəsində yerləşən kirayəyə verdiyi evindən məişət avadanlıqlarını daşımaq barədə razılığa gəliblər.
Sonra həmin avtomaşınla “Albalılıq” yaşayış sahəsi istiqamətində hərəkət edərkən yolda Salman Məmmədovun naxçıvanlıların ünvanına nalayiq sözlər işlətməsi səbəbindən tərəflər arasında mübahisə baş verib. Mübahisə zamanı Salman Məmmədov avtomaşını yolun kənarında saxlayıb. Avtomaşında sərxoş vəziyyətdə olan Rahib Musayev Əli Əliyevlə birlikdə Salman Məmmədova kərpiclə çoxlu sayda xəsarətlər yetiriblər.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Rahib Musayev və Əli Əliyevin hər biri 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.