Fariz Məmmədov: “Bakıda Avropa kəməri uğrunda döyüşüm olmalıdır”
Azərbaycanı və “Qəbələ” boks klubunu peşəkar arenada təmsil edən Fariz Məmmədov ötən həftə 2013-cü ildə keçirdiyi ilk reytinq döyüşündə qələbə qazanıb. Almaniyanın paytaxtı Berlinin “Merkur” arenasında baş tutan döyüşdə F.Məmmədov 36 yaşlı polşalı boksçu Mariuzs Biskupski ilə üz-üzə gəlib. Gərgin keçən 6 raundluq reytinq döyüşü idmançımızın xal hesablı qələbəsi ilə yekunlaşıb. Döyüş ərzində boksçumuz rəqibini iki dəfə noqdauna salıb.
Fariz Məmmədov dünən vətənə qayıdıb. Onu hava limanında ölkə idmansevərləri, dostları və media nümayəndələri qarşılayıb. Qalib boksçumuza çələng təqdim olunub. Daha sonra F.Məmmədov media nümayəndələrinin suallarına cavab verib. Əvvəlcə ona göstərilən diqqətə idmansevərlərə və kütləvi informasiya vasitələrinə təşəkkürünü bildirib. Döyüş barədə medianı məlumatlandıran boksçu döyüşün çətin keçdiyini, amma ağır məşqlər sayəsində qələbə qazandığını söyləyib: «Döyüşə yaxşı hazırlaşmışdım. Artıq iki ay idi ki, yalnız bu görüş barədə düşünürdüm və gərgin məşqlər keçirdim. Rəqibim də çox güclü və təcrübəli döyüşçü idi. Əslində bir həftə öncəyə kimi fərqli rəqiblə görüşəcəyimi düşünürdüm. Amma peşəkar boksda belə gedişlər olur. Dediyim kimi, polşalı boksçu peşəkar arenada tanınır. O indiyə kimi 45 peşəkar döyüş keçirmişdi.
Döyüşə qədər bir sıra fiziki və psixoloji problemlərlə üzləşdim. Ağır məşqlərdə əlim zədələndi. Daha sonra yaxın dostum, keçmiş boksçu Mübariz Nəcəfov dünyasını dəyişdi. Bu hadisə mənə çox ağır təsir etdi. Onunla Almaniyaya birlikdə getməliydik. Hətta onun adını məşqçi kimi iştirak ərizəsinə də salmışdıq. Amma əcəl buna imkan vermədi. Çətin döyüş olacağını bilirdik. Rəqibim peşəkar araneda məndən daha təcrübəli idi. Mən layiqli rəqiblərlə döyüşməyi, risk etməyi sevirəm. Çox şadam ki, döyüşdən üzüağ çıxmağı bacardım».
Fariz Məmmədov gələcək planlar barədə də danışıb. Boksçu qarşıda onu maraqlı döyüşlərin gözlədiyini, Avropa çempionu olmaq istədiyini bildirib: “Mənə maraqlı təkliflər var. Bu təkliflər üzərində düşünürük. Bildiyiniz kimi, mən karyeram ərzində bir sıra titullara sahib çıxmışam. Hazırda hədəfim Avropa çempionluğu uğrunda döyüşməkdir. Son döyüşdəki qələbədən sonra Avropada reytinqdə ikinci sıradayam. Mayda mühüm döyüşüm planlaşdırılır. Rəqibin kimliyi hələ müəyyənləşməyib. Ancaq onu bilirəm ki, növbəti rəqib daha güclü olacaq. Bundan əlavə dekabr ayında Azərbaycanda ilk dəfə Bakıda Avropa kəməri uğrunda döyüşüm olmalıdır. Məndən başqa boksçumuz Azad Əzizovun da döyüşməsi planlaşdırılır. Həmin görüşlər “Eurosport” kanalı vasitəsilə canlı yayımlanacaq”.
Qeyd edək ki, bu, 8 illik fasilədən sonra (7 il həbsxana həyatı yaşadıqdan sonra ötən ilin yazında azadlığa çıxıb – müəl.) yenidən idmana qayıdan F.Məmmədovun peşəkar rinqdə ikinci döyüşü olub. Belə ki, Fariz ötən ilin may ayında Almaniyanın Vaysvalden şəhərində təşkil olunan döyüşdə Avstriya vətəndaşı olan erməni əsilli Jeqise Tomazyanla qarşılaşmışdı. WBCA versiyası üzrə keçirilən döyüşün 4-cü raundunda ermənini nokauta salan F.Məmmədov rinqdən qalib ayrılmışdı.
Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov hazırda “Qəbələ” idman klubunun boks bölməsinə başçılıq edir. O, ötən il Almaniyanın boks şirkətlərinin biri ilə müqavilə imzalayıb.