Muəllif:

Əyyaşlıq

Frankfurter Allgemeine Zeitung yazır ki, Kremlin içki içməyən sahibi Putin ölkəsində mübarizə etməyə yeni obyekt tapıb və bu mübarizənin ilk təzahürlərindən biri 13 ildir ki, vaxtilə şərabçılığın 100 illiyi şərəfinə 3 metr hündürlüyündə ucaldılmış gümüşü rəngli şərab şüşəsinin durduğu kürsiyyədən aşırılmasıdır. Demə, həmin «butılka» hökümətə spirtli içkilərlə mübarizə aparmağa imkan verməyən ən başlıca maneə imiş. Bununla belə, qanunvericilikdə də dəyişikliklər var. Məsələn, 125 rubla olan araq indi 175 rubladır. Deyilənlərə görə, Putin göz görə-görə içkinin ucbatından əldən gedən millətinə rahat baxa bilmir. Ola bilər, kim nə deyir ki…
Bu xəbəri oxuyanda yadıma bir əhvalat düşdü. Yox mən heç də keçən əsrin 30-cu illərinin Amerika butleqerlərindən danışmayacam. Söhbət Qorbaçovun SSRİ-nin son illərində alkoqol əleyhinə başlatdığı kampaniyanın özündən də getməyəcək. Hərçənd, həmin kampaniyanın nəticəsində Azərbaycanda üzüm deyilən meyvə az qala fəhlə-kəndlilərin qolçomaqlardan da betər sinfi düşməninə çevrilmişdi. Biz də ki, SSRİ-nin hamıdan çox «içən milləti» kimi Kremldəkilərin xoşuna gəlmək üçün məmləkətdə nə ki üzüm bağları vardı hamısının axırına çıxdıq. Nə isə, bu başqa bir yazının mövzusudur.
O illər çalışdığım müəssisədə bir yəhudi oğlan işləyirdi. Çox savadlı adam idi və bir neçə xarici dil bilirdi. Özü də bütün yəhudilərə xas olan təbii ehtiyatlılıq ondan da yan keçməmişdi. Hər-halda bir söz deməmişdən əvvəl onu həm siyasi, həm ictimai, həm də dövlət maraqları baxımından özü və yaxınlarına xələl gətirib-gətirməyəcəyini sanballayıb sonra ağzından çıxarardı. Bilmirəm nədəndi, ya mənə inandığından, ya da baş verənlərin nədən irəli gəldiyini bildiyi üçün hər şeydən bezdiyindəndi, amma günlərin bir günü o həmişəki kimi iş otağına girib tələsmədən paltosunu, sonra başındakı qulaqlı xəz papağı və onun altından adəti üzrə geydiyi çit təsəyi çıxarıb səliqəylə bükərək cibinə qoyar-qoymaz qayıtdı ki, bilirsən, bu ölkənin tarixi ərzində bundan əvvəl yalnız bircə dəfə «quru qanun» (suxoy zakon) tətbiq edilib ki, o da dünyanı lərzəyə salan 17-ci ilin oktyabr çevrilişi ilə nəticələnib. Zalımın ağzı elə bil falıymış. Bir neçə ildən sonra o boyda SSRİ dağıldı. Təbii, mən heç də demək istəmirəm ki, əvvəlcə Rusiya imperiyasını, sonra da SSRİ-ni yıxan içki olub, daha doğrusu, ona qoyulan qadağa. Sadəcə, rus «padşahları» ölkənin qara günə düşməyinin əsas səbəbini millətin içkiyə aludəçiliyində görürdülər, bəlkə də camaatın diqqətini başlıca problemdən yayındıraraq, hirsini yalançı qayğıkeşliklə soyutmaq istəyirmişlər. Hər halda əvvəl-əvvəl buna inanıb içkinin daşını atan millət, az sonra bununla həyatlarının yaxşılaşmadığını anlayıb dərdini araqda boğmaq üçün ayağa qalxıb.
Əslində isə, heç də hər şey bu qədər bəsit deyil. Bəli, Rusiyada çox içirlər, özü də həmişə içiblər. Bunu ölkənin sərt qışıyla da, fiziologiyayla da adət-ənənəylə də, daha nə bilim nələrlə də izah etmək olar. Amma, zənnimcə, problem bunda deyil, çünki başqa millətlər də içir, hətta müsəlman ölkələrində də içirlər. Problemsə, ancaq Rusiyada, özü də dövlət başçıları tərəfindən qabardılır. Maraqlıdır, deyilmi?
Alman qəzeti daha sonra yazır ki, Rusiyada yaranmış orta sinif nümayəndələri ölkədəki milli əyyaşlıqdan uzaqlaşmaqdadır, çünki hamı kimi yıxılanadək araq deyil, yemək zamanı bir badə bahalı şərab içməyə üstünlük verirlər. Axı onlar əqli zəhmətlə, səliqə-səhmanlı şirkətlərdə, bir çox hallarda isə əcnəbi şirkətlərdə çalışmaqla pul qazanırlar. Sanballı şirkətlərdə işləyib yüksək maaş almaq istəyirsənsə, ilk növbədə özünü və həyat tərzini dəyişməlisən. DEMƏLİ, MİLLƏTİN DƏRDİ HEÇ DƏ ƏYYAŞ OLMAĞINDA DEYİL, ƏYYAŞ OLMAMAQ ÜÇÜN ŞƏRAİTİN OLMAMASINDADIR. Bunun üçünsə dövlətdə azad iqtisadiyyat, ədalətli rəqabət şəraiti, süni inhisarların olmaması, qanunların işləməsi və çox demirəm, bir qədər də demokratiya gərəkdir.
Vaxtilə rus kraliçası Ekaterina deyərmiş ki, sərxoş milləti idarə etmək xeyli asandır. O vaxtdan Rusiya üsul-idarəsində, ictimai-siyasi formasiyalar dəyişsə belə, mahiyyətcə heç nə dəyişməyib və Putinin də xalqın guya içməməsi üçün atdığı yalançı inzibati-üsul idarəyə xas olan addımları onu göstərir ki, Kremlin sahibini əslində milli əyyaşlıq deyil, milli orta sinfin daha da güclənməsinə gətirəcək əsil iqtisadiyyatın yaranması narahat edir. Çünki orta sinif milli burjuaziya deməkdir, orta sinif demokratiyanın özəyi və dayağı deməkdir, orta sinif düşünən beyinlər, ziyalılar deməkdir. Onlarsa heç zaman natamam savada malik birisinin illərlə onların başının üstündə oturub ölkəni çalıb-talamasına imkan verməzlər. Belə olmasaydı, çekist Putin nə içki içən, nə də siqaret çəkən Navalnını 5 illik məhbəsə atdırmazdı.
Putin içkinin qiymətini artırmaqla onsuz da kasıblıqdan keyfiyyətli içki ala bilməyənləri daha ucuz və daha keyfiyyətsiz, çox zamansa insanı öldürə biləcək surroqatları içməyə vadar edir. Bir sözlə, millət kefindən deyil, səfalət içində olduğundan içir.
İndi mənə, vaxtilə yəhudi iş yoldaşımın söylədiklərinin təsadüf olub-olmadığını gözləmək qalır…

[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 388