Eysebio Azərbaycanı zəif futbol ölkəsi gözündə görür
Eysebio Azərbaycanı zəif futbol ölkəsi gözündə görür. Bunu Portuqaliya futbolunun canlı əfsanəsi öz həmyerlisi Kriştianu Ronaldo ilə müqayisə olunmasından narazılığını bildiərkən deyib. Veteran futbolçu onunla Madrid “Real”ının hücumçusunun məhsuldarlığını eyni tərəziyə qoyulmasını düzgün saymır.
Eysebio fikrini əsaslandırarkən, Ronaldo ilə eyni sayda oyun keçirmədiyinə və onun kimi Lixtenşteyn və Azərbaycan yığmalarına qarşı oynamadığına diqqət çəkib: “Mən Portuqaliya millisində 60 matçda forma geyinmişəm və 41 qol vurmuşam. Kriştianu isə artıq 100-dən çox oyuna çıxıb. Digər tərəfdən, ondan fərqli olaraq, Lixtenşteyn və Azərbaycan yığması kimi komandalara qarşı oynamamışam. Məni Ronaldo ilə müqayisə edəndə əhvalım korlanır”.
Qeyd edək ki, yığmada 43 qol vuran Kriştianu Ronaldonun həm millidə, həm də “Real”da komanda yoldaşı olan Pepe bir neçə gün öncə Portuqaliya futbolunun Eysebio ilə deyil, Ronaldo ilə assosiasiya olunduğunu bəyan etmişdi.