Muəllif:

Əylisdən Məclisə: Əkrəm Əylisliyə hiddət püskürdülər

Milli Məclisin yaz sessiyası dünən öz işinə başladı. Qış tətilindən sonra gümrah əhvalda parlamentə qayıdan deputatlar üçün dünənki gün heç yaz havası yaşatmadı. Hələ iclas başlamazdan deputatların öz aralarında apardığı müzakirələrin əsas məqamı Əkrəm Əylislinin yenicə dərc edilmiş «Daş yuxular» əsəri idi. Bir neçə gün əvvəl ölkə KİV-ində gurultu qoparan bu əsər lənət və qarğış subyektinə çevrilmişdi. Belə görünürdü ki, Əkrəm Əylisli eks-həmkarlarının ciddi tənqidindən qurtula bilməyəcəkdi.
Azərbaycanın dövlət himninin oxunmasından sonra cari məsələlər üçün ayrılan vaxt bütünlüklə Əkrəm Əylislinin yeni «şedevr»inə həsr olundu. İlk çıxış edən deputat Musa Quliyev qəzəblə bildirdi ki, «Daş yuxular»da Azərbaycanın apardığı milli-azadlıq mübarizəsi, onun qəhrəmanları təhqir olunub. «Əkrəm bu əsərində bizim qədim torpaqlarımızın ermənilərə məxsus olduğunu iddia edir. Bakıda tökülən qanlara görə azərbaycanlılar ittiham olunur. Mən deyirəm ki, o, Əkrəm Əylisli yox, Akram Aqulskidir (Əylisin ermənicə adı nəzərdə tutulur). Yəqin, son nəfəsində onun üzərində həsrət duyduğu erməni duaları oxunacaq», — deyə hirslə danışan deputat bu kitaba görə onun məsuliyyət daşıdığını bildirdi.
Ə.Əylislinin romanının Azərbaycanın milli mədəni dəyərlərini aşağılayan əsər olduğunu deyən deputat vurğuladı ki, bu, ermənilərin işğal siyasətinə faktiki olaraq bəraət qazandırmaqdır. «Əkrəm Əylisli faktiki olaraq Naxçıvan və Qarabağı «erməni torpağı» kimi təqdim edir. O, ermənilərin saxtakarlığını həqiqət kimi təqdim etməyə çalışır».
Onun ardınca çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədovun sözləri daha da kəskin oldu. «Əkrəm Əylislinin «Daş yuxular» əsəri ölkədə qadağan edilməlidir» tələbi millət vəkilləri arasında razılıq ifadə edən uğultu ilə müşayiət olundu.
«Bu əsər xalqa vurulan zərbədir. Odur ki, bu kitabın təsirləri çox böyükdür və dövlətin əsaslarına yönəlib. Bu kitabda Əkrəm Əylisli azərbaycanlıları təhqir edib. Dünyada günahkar azərbaycanlı xalqı obrazı yaradır. Bu kitab qadağan olunmalıdır», — deyə Əli Əhmədov xüsusi olaraq bir daha qeyd etdi.
Digər deputat Zahid Orucun müqayisəli çıxışı da diqqət çəkdi. «Əkrəm Əylisinin «Daş yuxular» əsəri Salman Rüşdinin «Şeytan ayələri» kitabı ilə eynidir», — deyən Zahid Orucun sözlərinə görə, Salman Rüşdinin bu kitabı müsəlmanlar üçün necə ciddi problemlər yaradıbsa, Əkrəm Əylislinin kitabı da Azərbaycan üçün elədir: «Əkrəm Əylislinin yazdığı bu əsər Azərbaycan xalqı üçün çox ciddi və mənfi əsərdir. Burada azərbaycanlılar çox ciddi şəkildə tənqid olunur». Bununla yanaşı, Zahid Oruc bildirib ki, Milli Məclisdə Əkrəm Əylislinin müzakirə edilməsi heç də ona qarşı totalitar hücum olunması mənasını vermir.
«Deputatlar, sadəcə olaraq, öz vətəndaşlıq mövqeyini burada sərgiləyirlər. Əkrəm Əylisli deyib ki, «ölkədən çıxıb gedəcəyəm və mənə bir şey olsa, bunun cavabını kim verəcək?». Mən hesab edirəm ki, heç kimin üzərinə total hücum etmək düzgün olmazdı. Amma hər bir kəs də öz məsuliyyətini anlamalı və nəticə çıxarmalıdır», — deyə millət vəkili əlavə edib.
Getdikcə emosional hisslərin alovlandığı iclasda söz alan deputat Qənirə Paşayeva romanı «Azərbaycanın xarici siyasətinə zərbə» kimi qiymətləndirdi.
Onun arxasınca gur, bariton səslə çıxış edən deputat Nizami Cəfərovun tələbi iclasda gərginliyi bir qədər də artırdı. Filoloq-professor olan N.Cəfərov Əkrəm Əylislinin Azərbaycan vətəndaşlığından çıxarılmasını tələb etdi. Deputat hiss olunacaq əsəbi tonla bildirdi ki, «Daş yuxular» əsərilə Əkrəm Əylisli Azərbaycan xalqını təhqir edib.
«Bu təhqirə qarşı kəskin addım atılmalıdır. Əkrəm Əylisli Azərbaycan vətəndaşlığından məhrum edilməlidir. Qoy gedib İrəvanda yaşasın. Sən kimsən ki, xalq adından belə günahı boynuna götürürsən». N. Cəfərovun sözlərinə görə, bütün dünya «erməni xəstəliyi»nin olduğunu etiraf etdiyi bir halda, onun Azərbaycan xalqını belə qəddar və xəstə bir cəmiyyət kimi təqdim etməsi üçün heç bir halda şərh və izah da yoxdur.
«Buna görə də Əkrəm Əylisli vətəndaşlıqdan məhrum edilməlidir».
Vitse-spiker Bahar Muradova da Əkrəm Əylislinin əsərini kəskin tənqid etdi. «Bu, xəyanətdir. Və xəyanətkara da münasibət bir olmalıdır. Təkcə Ermənistandan gələnlər, qarabağlılar, bakılılar kimi məsələyə yanaşmaq yox, azərbaycanlılar kimi münasibət bildirmək lazımdır» deyə vitse-spiker vurğuladı.
Onun sözlərinə görə, əsərdə Azərbaycan vətəndaşlarına müxtəlif ayamalar, şəbədələr qoşulur. «Normal məntiq bunu heç cürə qəbul etmir. Əkrəm Əylisli guya bəşəri mədəniyyətin tezisləri ilə yazdığını deyir. İndi isə məlum oldu ki, bu illər ərzində Əkrəm Əylisli aktyor olub. Bu illər ərzində aktyorluq edib. Biz də ona ən yüksək adları vermişik. Mən həmişə fikirləşirdim ki, bunun əsərlərində bu qədər kin və qəzəb hardandır.
Əkrəm Əylisli, mən burdan sənə deyirəm. Əmin ola bilərsən, Ermənistanda, Qarabağda qətlə yetirilmiş günahsız insanların ruhu sənə rahatlıq verməyəcək, harda olsa, bunlar səni tapacaq. Tələb edirəm, qoy onun ətrafındakı adamlar, Ziyalılar Forumu münasibət bildirsin. Qoy görək kim kimdir. Biz bunları tanıyaq, qoy bilək kiminləyik. Ziyalılar Forumu kimdir, bunun ətrafındakı münasibətləri aydınlaşdıraq». B.Muradova qeyd edib ki, neçə gündür bu kitabı oxuyur və bu, Azərbaycan xalqının təhqirindən başqa bir şey deyil. «Necə olur ki, bizimlə birgə yaşayır və biz bunu qəbul edirik. Odur ki, Bakıdan çıxıb getsən, get qohumlarının yanına, onlar sənə daha yaxındırlar», — deyə Bahar Muradova çıxışını kəskin notlarla bitirdi.
Milli Məclisin spikeri Oqtay Əsədovun da Əkrəm Əylislinin «Daş yuxular» əsərindən əsəbiləşdiyi hiss olunurdu. Çıxışında romanı kəskin tənqid edən spiker bu əsəri Azərbaycana baş ucalığı gətirməyən əsər, mənfi kitab kimi qeyd edərək bu kitabdan xəcalət çəkdiyini vurğuladı.
Daha sonra O. Əsədov bir sıra detalları sayaraq qeyd etdi ki, bunlar boş yerdən yazılmayıb: «2006-cı ildən Əkrəm Əylisli bu kitabı yazıb. İndi 2013, seçki ilidir, niyə kitabı indi ortaya çıxır. Məqsəd nədir?» Spiker vurğuladı ki, «bunların məqsədini yiyələri daha yaxşı bilir».
«Yiyələrindən soruşmaq lazımdır, onun ətrafındakı dostları yaxşı bilir. Məqsəd Nobelə təqdim etməkdir. Amma bunu heç bir halda millətin qınağından yayındıra bilməz. Mən qulaq asırdım. «Azadlıq Radiosu»nda bildirib ki, mən bədii roman yazmışam. Sən əgər bədii roman yazmısansa, niyə Sumqayıtdan, Ermənistanda 80 nəfər uşağı «turba»ya doldurub qaynaq edəndən yazmırsan. Sən bilmirsən Sumqayıt hadisələrini kim törədib? Axı bunlar hamısı məlum məsələlərdir. Buna münasibət çox pis və kəskindir».
Spiker bildirib ki, Əkrəm Əylislidən qəhrəman düzəltməyə ehtiyac yoxdur və onun cavabını tarix verəcək. Milli ruhu olan hər bir adam ona öz etirazını bildirməlidir.
Daha sonra çıxışları dayandıran spiker iclasın gündəliyinə keçməyi təklif etdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 240