Muəllif:

Əxlaqsızlıq yarışı

Ankara
Bakı Şəhər Baş Polis İdarəsinin mayın 15-də gecə saatlarında keçirdiyi əməliyyat nəticəsində əxlaqsızlıqla məşğul olan 45 qadın və onlarla birgə 8 kişi saxlanılıb. Kişilərin hamısı Azərbaycan, qadınların isə əksəriyyəti Özbəkistan vətəndaşlarıdır.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən «Turan»a bəlli olub ki, saxlanılan qadınların əksəriyyəti 17-20 yaşlarındadır. Əməliyyat Bakının Nəsimi rayonunda «Nizami» kinoteatrına yaxın ərazidə yerləşən «İnfiniti» gecə barında və Xətai rayonundakı «Dalğa» saunasında aparılıb. Belə ki, «İnfiniti» gecə barına qadınların girişi pulsuzdur, kişilər isə giriş üçün əvvəldən pul ödəməlidir. Qadınlar və kişilər əvvəlcə «İnfiniti»də qəlyanaltı stolu arxasında tanışlıq sövdələşməsi edir, sonra «Dalğa» saunasına gedirlər. Paytaxt polisi hazırda əməliyyat-axtarış işlərini davam etdirir.
Əvvəllər olsaydı, bu cür polis əməliyyatlarının hüquqi əsaslandırılması və insan haqlarına müvafiqliyi ətrafında müzakirə açardım. Çünki bizdə əxlaqsızlığa qarşı da çox əcaib vasitələrlə mübarizə aparırlar.
Bir çox hallarda kütləvi informasiya vasitələrinin iştirakı ilə «oblavalar» keçirilir, gecə barlarında, saunalarda həm istirahət edənlərin, həm də, necə deyərlər, «fərdi əmək fəaliyyəti» ilə məşğul olanların hamısını polis idarəsinə toplayırlar. Sonra isə bəzilərinin bəxti gətirir, onların «hörmətli» və qanun qarşısında heç suçu olmayan vətəndaş olduğu aydınlaşır, qalanları isə Ramanaya göndərilir.
Bir sözlə, bu ölkədə bəlli saatlardan sonra saunada və ya gecə barında, yəni «əxlaqsızlıq yuvasında» əks cinsin nümayəndəsi ilə ünsiyyətə girmək əxlaqsızlığın danılmaz sübutu kimi dəyərləndirilir. Hətta araşdırma nəticəsində «günahsızlığı» sübuta yetirilmiş vətəndaşlar belə səslərini çıxarmağa cəsarət etmirlər, çünki «əxlaqsızlıq yuvasında» yaxalanıblar. Doğrudan da çox əcaib və insan haqlarına təmamilə zidd bir hüquqi yanaşmadır.
Heç soruşan da yoxdur ki, barlar, saunalar və bu tip digər əyləncə yerləri hüquqi isbata ehtiyacı olmayan «əxlaqsızlıq yuvaları»dırsa», onların fəaliyyətinə nədən icazə verilir? Axı insan, necə deyərlər, zəif məxluqdur. Onsuz da Şeytan onun iradəsini hər gün özü də dəfələrlə sınağa çəkir. Dövlətin bu işdə Şeytanla «müttəfiq» olmasına ehtiyac varmı? Həm hüquqi, həm də etik baxımdan filosofların üzərində baş sındırmasına layiq, əbədi bir sualdır. Mənim isə ən azından filosoflar kimi əbədiyyətlə yarışa girməyə imkan verəcək qədər vaxtım yoxdur. Bəlli saata qədər hazır məqalə redaktorun gözünün önündə olmalıdır.
Ədalət naminə etiraf etmək lazımdır ki, yalnız bizdə deyil, bir çox ölkələrdə də polis bu tip əyləncə yerlərində, pardon, «əxlaqsızlıq yuvalarında» vaxtaşırı «oblavalar» keçirir. Türkiyə istisna deyil. Televiziya ekranlarında kriminal xəbərlərdə bu cür «oblavalardan» görüntüləri izləyərkən bir məqam diqqətimi cəlb etdi və nəticədə çox bəsit bir həqiqətin kəşfində mənə yardımçı oldu. Diqqət edin, kişi və ya qadınlığından asılı olmayaraq, polisin «əxlaqsızlıq yuvalarında» yaxaladığı insanların mütləq əksəriyyəti, hətta «ən qədim peşənin sahibləri» belə, üzlərini fotoaparat və videokamera obyektivlərindən gizlətməyə çalışırlar.
İndə isə keçək mənim bəsit «kəşfimə». Bir düşünün: müxtəlif səbəblərdən, bəzi hallarda bizim günahımızdan «həyatın dibinə» yuvarlanmış və əksər hallarda son nəfərlərinə qədər bu «bataqlıqda» çapalayacaq «ən qədim peşə sahiblərini» görüntülənməkdən çəkindirən nədir?! Axı necə deyərlər, «islanmışın yağışdan nə qorxusu»?!
Düşünürəm ki, bu cür davranışın bir neçə səbəbi var. Əvvəla, hər birimiz yaşadığımız gerçəklikləri bizə uşaqlıqdan aşılanan, daha doğrusu, konkret tarixi dönəmdə hakim olan mənəvi dəyərlər sistemi çərçivəsində qiymətləndiririk. Yəni «ən qədim peşə sahiblərinin» belə fahişəliyə, başqa sözlə desək, əxlaqsızlığa münasibəti, bütövlükdə toplum üçün xas olan ortalama dəyərləndirmədən fərqlənmir. Bir sözlə, «ən qədim peşə sahibləri» belə, yaşadıqları gerçəkləri utandırıcı, toplumun qınağına layiq hesab edirlər.
İkincisi, toplum bütövlükdə ibarət olduğu ayrı-ayrı fərdlərdən daha qəddardır. Kütlə «əxlaqsızları», necə deyərlər, «normal cəmiyyətdən» qovur, dışlayır, onlara islah haqqını tanımır. Əslində bu, toplumun riyakar «kütləvi özünümüdafiə» refleksidir. Cəmiyyət, sadəcə olaraq, bu «əxlaqsızlıq bataqlığının» mövcudluğundakı günahlarını etiraf etmək istəmir. Təsadüfi deyil ki, bir sıra ölkələrdə uşaq qatili, uyuşdurucu alverçisi və «ən qədim peşə sahibinin» cəzası eynidir.
Əslində toplum, nəticə etibarı ilə, öz qəddarlığı ilə «əxlaqsız üzvlərini» fərqli gələcəyə ümiddən məhrum edir. İnsan isə kimliyindən asılı olmayaraq ümidlə yaşayır.
Uzun sözün qısası, məncə, ictimai qınaqla tam üst-üstə düşən şəxsi utanc hissi və fərqli gələcəyə ümidin qorunub saxlanılması bu «oblavalar» zamanı «ən qədim peşə sahibləri»nin havayı reklamdan imtina etməsinin əsas səbəbləridir. Bu, bir sıra hallarda «mədəni» dünyamızın əxlaqsızlığı mənəvi normalar çərçivəsindəki davranış tərzi kimi qəbul edən cəhalət dövründən fərqləndirən əsas məqamlardan biridir. Elə ulu Yaradan tərəfindən də məhv edilən Sodom və Qomorra şəhərləri haqqındakı dini əfsanələri yada salmaq kifayətdir.
İndi isə keçək bizim gerçəkliklərə. Bu günlərdə Azərbaycan və Gürcüstanda iki bir-birinə oxşar hadisənin şahidi olduq. Hadisələr çox oxşar idi, amma cəmiyyətin təpkisi və reaksiyası farqli. İnternet ortamında bir tanınmış jurnalistin şəxsi həyatı ilə bağlı görüntülər yayımlandı. Bu görüntülərin mənbəyi çox qısa müddət ərzində müəyyənləşdirildi. Məlum oldu ki, daxili işlər nazirinin müavini tanınmış jurnalistdən əvəz çıxmaq üçün DİN-də toplanmış «filmotekanın» arxivindən istifadə edib. Çox çirkin olaydır. Amma pozitiv tərəfi də var. Daxili işlər nazirinin müavini həm vəzifəsini itirib, həm də artıq həbsdədir. Hakimiyyət insanların şəxsi həyatları ilə bağlı görüntülərin toplandığı bu «filmotekanın» məhv ediləcəyinə söz verib.
Bir sözlə, siyasi iqtidar açıq-açığına əxlaqsızlığa ortaq olmaqdan, əxlaqsızlıq üçün məsuliyyət daşımaqdan imtina etdi. Yəni siyasi iqtidar özünü ictimai mənəvi dəyərlər çərçivəsində davranmaq məcburiyyətində hiss edir. Bu, ən azından, cəmiyyətdə hamin dəyərlərin hakim kəsilməsinin göstəricisidir.
Düşünməyin ki, söhbət Azərbaycandan, tanınmış jurnalist Xədicə İsmayılovanın yataq otağında baş verənləri görüntüləmək əmrini verənlərin aşkarlanıb, cəzalandırılmasından gedir. Əsla yox. Axı ip ucu verdim. Qeyd etdim ki, söhbət son dövrlərdə baş vermiş hadisələrdən gedir. X.İsmayılovanın şəxsiyyətinə qarşı törədilmiş o cinayətin üstündən bir ildən artıq vaxt keçib. Artıq heç kim nə həmin cinayəti törədənlərin, nə də sifariş verənlərin aşkar olunacağına ümid etmir. «Narazı» jurnalistlərə qarşı törədilən bütün cinayətlər kimi.
Söhbət Gürcüstandan gedir.
Azərbaycanda isə başqa bir olay oldu. Bu dəfə də həbsdə olan «narazı» gənc fəalların fotoşəkilləri internetdə yayımlanıb. Bizdə də bu məsələ hay-küyə səbəb oldu, hətta parlamentdə müzakirə mövzusuna çevrildi.
«Üç gənc müxalifətçinin fotoşəkillərinin sosial şəbəkələrdə yayılmasının məqsədi qalan gənclərə psixoloji təzyiq göstərməkdən ibarətdir. Bu, qeyri-etik və yolverilməzdir», — deyə Milli Məclisin iclasında deputat İqbal Ağazadə bildirdi.
Onun sözlərinə görə, fotoşəkillər hüquq-mühafizə orqanları tərəfindən çəkilib, daha sonra İnternetdə yayılıb, çünki başqa heç kimin istintaq təcridxanasına çıxışı yoxdur.
Cavabında parlamentin spikeri Oqtay Əsədov bildirib ki, sözlə bəyanatlar vermək yerinə, məsələni faktlarla aydınlaşdırmaq lazımdır. Sual meydana çıxır: kim aydınlaşdırmalıdır? Bir də bu araşdırma üçün nə qədər vaxt tələb olunur? Məkan bəlli, zaman bəlli, potensial şübhəlilər bəlli. Özü də potensial şübhəlilərin çərçivəsi məhdud.
Digər tərəfdən, dövlət vətəndaşı azadlıqdan məhrum edərkən, öz üzərinə müəyyən öhdəliklər də götürmüş olur. Məsələn, bu halda dövlət vətəndaşın şəxsi həyatına onun özünün razılığı olmadan müdaxilənin qarşısının alınması ilə bağlı məsuliyyət daşıyır. Bu halda vətəndaşa deyə bilməzsən ki, günah sənin özündədir, evin qapısındakı qıfılın açarını itirmək lazım deyildi. Çünki ev də, qapı da, qıfıl da, açar da dövlətindir.
Deməli, ən azından müvafiq təcridxananın rəhbərliyi vəzifə sahlənkarlığına yol verib və vətəndaşların şəxsi həyatına onların razılığı olmadan müdaxiləyə imkan yaradıb. Siyasi iqtidar insanların şəxsi həyatına bu əxlaqsız müdaxiləyə şərik çıxmadığının nümayişi kimi ən azından müvafiq təcridxananın rəhbərliyini vəzifədən azad etməli idi. Bunun üçün heç bir araşdırma lazım deyil.
Biz isə araşdıracağıq. Və yüz faiz əminliklə demək olar ki, araşdırıb axırına çıxa bilməyəcəyik. Bizim hüquq-mühafizə orqanları «narazıların» vətəndaşlıq hüquqlarının müdafiəsində ixtisaslaşmayıblar. Daha vacib iş-gücləri var. «Əməli saleh» vətəndaşları bir kənara qoyub, «narazılar» haqqında ağzına gələni yazan, onların şəxsi həyatına həyasızcasına əxlaqsız müdaxilə edən «ictimai palatka» saytının kim tərəfindən yaradıldığını araşdıracaqlar?!
Bir sözlə, əcaib dövrdə yaşayırıq. Haqqında bol-bol, özü də yerli-yersiz boşboğazlıq etdiyimiz milli mentalitet adlanan ənənəvi etik dəyərlər sistemi əslində zibilliyin bir küncünə atılıb. Ağaya sədaqətin nümayişi hər şeydən önəmlidir, vacibdir. Hətta əxlaqsızlıq üçün utanc hissindən belə. Bir çoxları böyük şərəf və fərəhlə əxlaqsızlıqlarını topluma nümayiş etdirirlər. Yuxarıda haqqında danışılan görüntüləri müvafiq məzmunlu şəkilaltılarla toplumla paylaşan həmkarlarımızın bu «peşəkarlığını» başqa cür dəyərləndirmək olmaz. Görünür, «peşəkar» ictimai əxlaqsızlığın mükafatı da çox böyükdür. O qədər böyükdür ki, «ən qədim peşə sahiblərindən» fərqli olaraq, nə utanc hissi, nə ictimai qınaq, nə də fərqli gələcəyə ümidin qorunub saxlanılması istəyi bu əxlaqsızlıq nümayişinə mane ola bilir…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 948