Əvəz Zeynallıya çıxarılan hökm geniş rezonans dogurdu
Jurnalistlərin Müdafiəsi Komitəsi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı narahatlığını bildirib. Turan-ın xəbərinə istinadən, qurumun Avropa və Orta Asiya üzrə araşdırmaçısı Müzəffər Süleymanovun dediklərinə görə, cəza tədbiri Azərbaycanda müstəqil jurnalistikanın kriminallaşdırılması aktıdır. “Azərbaycan mətbuat azadlığı öhdəliklərindən boyun qaçırdıqca jurnalistlər repressiyalara məruz qalırlar. Apellyasiya Məhkəməsi Əvəz Zeynallının cəzasını ləğv etməlidir”, — deyə o bildirib.
Bəlli olduğu kimi, Ə.Zeynallı 2011-ci ilin oktyabrında həbs olunub. 2012-ci ilin mayında ona qarşı məhkəmə başlayıb. Məhkəmə Ə.Zeynallını CM 311.3.3 (külli miqdarda rüşvət alma), 311.4 (hədə yolu ilə pul tələb etmə), 306 (məhkəmənin qərarını icra etməmə) və 213.1 (xeyli miqdarda vergini ödəməkdən yayınma) maddələri ilə təqsirli bilib.
Bu gün Müsavat Partiyası da Əvəz Zeynallıya azadlıq tələb etdi. Partiya onun
9 il müddətinə azadlıqdan məhrum olunmasını pisləyən bəyanat yayaraq, bu həbsi ali icra hakimiyyətinin birbaşa sifarişi saydı. Baş redaktorun barəsində çıxarılan qərarın Azərbaycan adına ləkə olduğu bəyan edilir. Bu qərarın müstəqil medianı susdurmağa, tənqidi jurnalistikanı sıradan çıxarmağa xidmət etdiyi bildirilir.
Müəlliflər Ə.Zeynallının işi üzrə məhkəmə istintaqının ədalətlə aparılmadığını bəyan edirlər. Bu səbəbdən baş redaktorun barəsində çıxarılan məhkəmə qərarının ləğv olunması, onun azadlığa buraxılması tələb olunub.
Bir qrup media mənsubu “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının azadlıqdan mərhum olunması ilə bağlı bu gün RATİ-də mətbuat konfransı keçirərək bu həbsi birmənalı olaraq siyasi sifariş adlandırıblar. Martın 12-də redaktorun barəsində çıxarılan 9 il müddətinə azadlıqdan məhrum olunma qərarını həmin siyasi sifarişin təsdiqi kimi dəyərləndiriblər. Belə ki, ölkənin müstəqil media mənsubları, jurnalist qurumları Ə.Zeynallı həbsə alınarkən bu həbsin siyasi sifariş olduğunu bəyan etmişdilər. Məhkəmə istintaqının aparılmaması, keçmiş deputat, bu məhkəmə prosesində əsas şahid, hazırda müttəhim olan Gülər Əhmədovanın Ə.Zeynallıya qarşı rüşvət tələb etməsi ittihamı özünü doğrultmadı. Bundan əlavə, 70 min manat həcmində vergidən yayınmanın sonda 4 min manata düşməsi ittihamların əsassız olduğunu bir daha təsdiqlədi. İbtidai istintaqda Ə.Zetynallıya rüşvət verdikləri haqda ifadə verənlərin bəzilərinin məhkəmədə ifadələrini danmaları xatırladıldı. Şahidlərin ifadələrindəki ciddi ziddiyyətlər araşdırılmadı.
Buna görə də media mənsubları məhkəmə qərarının özünü hüquqi qərar yox, siyasi qərar kimi qiymətləndirdilər. Bu siyasi həbsin arxasında PA rəhbəri Ramiz Mehdiyevin, “Azərbaycan” nəşriyyarının direktoru Ağabəy Əsgərovun, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin durduğunu bəyan etdilər. Media mənsubları bu qərarı təkcə Ə.Zeynallının həbsi kimi yox, həm də azad sözə, ifadə azadlığına təhdid kimi dəyərləndirdilər. Bununla yanaşı bu təhdidləri ayrı-ayrı məmurların özbaşınalığı kimi deyil, bütünlükdə iqtidarın ifadə azadlığına münasibətinin göstəricisi saydılar. Bu təhdidlərə baxmayaraq, media mənsubları azad söz və ifadə azadlığı uğrunda mübarizədən kənara çəkilməyəcəklərini bəyan etdilər. Aparılan mübarizə nəticəsində bu il ərazində Ə.Zeynallının həbsdən azad oluna biləcəyinə inam bildirdilər (Turan).
Qeyd olunur ki, Ə.Zeynallıya qarşı zorla rüşvət tələb etmə, vergidən yayınma və s. ittihamlar irəli sürülsə də, bu ittihamların heç biri məhkəmədə təsdiqini tapmayıb. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva Ə.Zeynallının barəsində 9 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Məhkəmədə əsas şahid olan keçmiş deputat Gülər Əhmədova özü dələduzluq ittihamı həbs olunub.