Ev heyvanları ilə rəhmsiz davranan 500 manat, qayğı göstərməyən 200 manat cərimələnəcək
Ev heyvanları ilə rəhmsiz davrananlar 500 manat, onlara qayğı göstərməyənlər 200 manat cərimələnəcək. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən və MM Aqrar siyasət Komitəsinin bugünkü iclasında müzakirə olunan əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Qeyd edək ki, hazırda cərimənin məbləği 25-45 manatdır. «APA-Economics»in məlumatına görə, ev heyvanlarının hüquqlarının müdafiəsinin artırılması məqsədilə nəzərdə tutulan dəyişikliyə əsasən, qanun pozuntusuna yol verənlər iri məbləğdə cərimələnəcəklər. Dəyişikliyə görə, yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədilə onlara preparatların verilməsi, tibbi texniki üsulların tətbiq edilməsinə görə 200 manat cərimə nəzərdə tutulub.
Bundan başqa, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəminin dəyişdirilməsi və ya digər qeyri-müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqların kəsilməsi, dırnaq və dişlərin çıxarılması) aparılması da 200 manatlıq cərimə ilə cəzalandırılacaq.
Bundan başqa, heyvanların devokalizasiya edilməsi, məsələn, itlərin hürməməsi üçün boğazlarının kəsilməsi də 200 manatlıq cərimə ilə nəticələnəcək.
Nəhayət, ev heyvanlarını saxlayan və ya ona baxan şəxs tərəfindən heyvana müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə 200 manat cərimə müəyyən edilib.
Komitənin sədri Eldar İbrahimovun sözlərinə görə, bu dəyişikliklər qanunvericiliyin Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması və heyvanların hüquqlarının qorunması, eləcə də onlarla qeyri-humanist rəftarın qarşısını almaq məqsədi daşıyır.

