Eurovisiona kin bəsləyən daha bir qrupa cəza verildi
Ağır cinayətlərə səbəb olan hadisələrin törədilməsinin qarşısını alınması üzrə həbs edilən və silah alverində ittiham olunan Şəki şəhər sakinləri – Əlisəfa Mustafayev, Mehman Qasımov, Şirin Qasımov, Tahir Həmidov, Şərif Yunusov və Zaqatala şəhər sakini Rəşad Aşurov, Akif İsayev, Habil Məmmədov, Əsəd Dadaşov, Cahangir Abdulkərimov, Rizvan Səfərov, Anar İsmayılov, Sərdar Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Ittihama görə, Rəşad Aşurov qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb, gəzdirib və satıb. O, Mehman Qasımov və digər təqsirli bilinən şəxslərlə külli miqdarda narkotik əldə ediblər.
Belə ki, Rəşad Aşurovun əldə etdiyi külli miqdarda silah-sursat 6 aprel 2012-ci ildə yaşadığı Zaqatala şəhəri, Sülh küçəsi ev 4, mənzil 3 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülüb.
Bundan əlavə, 2011-ci ilin oktyabrında Rəşad Aşurov iş üzrə digər təqsirləndirilən şəxs Əli Mustafayevdən 650 manat müqabilində müvafiq olaraq odlu silah və döyüş sursatı alıb. 2012-ci ilin yanvarında Əlisəfa Mustafayevdən 1.200 ABŞ dolları dəyərində daha bir neçə silah-sursat əldə edib.
Istintaq materiallarında qeyd edilir ki, təqsirləndirilən şəxslər 2012-ci ilin yanvar-aprel ayları ərzində bir çox silah-sursat əldə ediblər və yaşadıqları evlərdə gizlədiblər. Lakin həmin ilin aprel və may ayları ərzində hüquq-mühafizə orqanları əməkdaşlarının “Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində keçirdiyi əməliyyatlar nəticəsində təqsirli bilinən şəxslər məsuliyyətə cəlb ediliblər.
Bu cinayət işinə Şəki şəhər Məhkəməsində baxılıb.Əlisəfa Mustafayev 4 il 6 ay, Mehman Qasımov 4 il 6 ay, Şirin Qasımov 4 il 6 ay, Tahir Həmidov 4 il 6 ay, Şərif Yunusov 3 il 6 ay, Zaqatala şəhər sakini Rəşad Aşurov 3 il 6 ay, Akif İsayev 3 il 6 ay, Habil Məmmədov 4 il 6 ay, Əsəd Dadaşov 1 il 6 ay, Cahangir Abdulkərimov 1 il, Rizvan Səfərov 1 il 6 ay, Anar İsmayılov 1 il 6 ay, Sərdar Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmənin hökmündən təqsirləndirilən şəxslər və onların vəkilləri apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində həbs olmayan cəza ilə cəzalarının əvəz edilməsini xahiş ediblər.
Şikayətə Şəki Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyada baxılıb. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayətləri təmin edilməyib.