Muəllif:

«Eurovision məhkəməsi»: davamı aprelin 26-da…

Eurovision 2012 mahnı müsabiqəsinə etiraz etməkdə ittiham olunan “Azad Xəbər” internet qəzetinin baş redaktoru Nicat Əliyev, Elvin Nəzərov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Emin Tofiqi, Temirxan Hüseynov, Əli Əliyev, Səfər Məmmədov, Valeh Abdullayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bu şəxslər ötən ilin aprel-may aylarında Bakıda və Sumqayıtda Eurovision 2012 mahnı müsabiqəsinin keçirilməsinə etiraz olaraq video yazılar yayıb, Evrovision və ehtimali “gey-parad”a etiraz ediblər.
Onlar dini ədəbiyyat əldə ediblər və təhrif olunmuş formada ictimai yerlərdə yaymağa başlayıblar. Mayın 18-də Bakıda yerləşən “Dadaş” məscidində Eurovisiona etiraz barədə plan hazırlayıblar.
Plana əsasən, onlar Bakı və Sumqayıtda əhalinin sıx yerlərində video disklər yayıblar. Bundan başqa, ittiham aktında qeyd olunur ki, onlar dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş çağırışlar ediblər. Onların satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmələri də müəyyən edilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevə ifadə vermək təklif edildi. Nicat Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, məhkəmənin hazırkı mərhələsində ifadə vermək istəmir: “Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanlandan sonra 11 ay qanunsuz olaraq avtomobilimi qaytarmayıblar. Avtomobilimdə olan 900 manat da pul yoxa çıxıb. Mən bu məsələyə aydınlıq gətirilməsini məhkəmədən xahiş edirəm. Hazırda ifadə vermirəm, məhkəmənin gedişində ifadə verəcəm. İfadə vermədiyim üçün sualları da cavablandırmayacam”.
Hakim təqsirləndirilən şəxsin ifadə verməkdən imtina etməsi ilə bağlı tərəflərin fuikirlərini öyrəndi. Dövlət ittihamçısı bildirdi ki, qanuna əsasən ifadə verməyən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi elan edilir və araşdırılır. Nicat Əliyevin vəkili Anar Qasımlı müdafiə etdiyi şəxsin istintaqa verdiyi ifadəsinin açıqlanması ilə bağlı dövlət ittihamçısının təklifinə etirazını bildirdi. O, qeyd etdi ki, Nicat Əliyev məhkəmənin hazırkı mərhələsində ifadə vermir. Vəkilin bildirdiyinə görə, buna görə də təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsinin açıqlanması qanunsuzdur.
Hakim daha sonra digər təqsirləndirilən Ceyhun Səfərliyə ifadə vermək təklif etdi. İfadə verən Ceyhun Səfərli elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək dedi ki, özü də daxil olmaqla burada mühakimə olunanların heç biri günahkar deyil. O, bildirib ki, təqsirləndirilən şəxslərdən Elvin Nəzərovu tanıyıb: “Elvinlə birlikdə Bakı şəhərində kirayədə yaşamışıq və onu Lənkəran rayonundan tanımışam. Nicat Əliyevi isə disklərlə bağlı tanımışam. Digər təqsirləndirilən şəxsləri isə tanımıram”.
Ceyhun Səfərli daha sonra bildirdi ki, mayın 19-da Nəsimi polisi tərəfindən həbs edilib. Onun sözlərinə görə, həbs olunandan sonra kirayə yaşadıqları evdə axtarış aparılıb. Onun sözlərinə görə, kirayə yaşadıqları evdən tapılan narkotik vasitənin ona və Elvin Nəzərova aidiyyəti yoxdur. O, həmin ittihamın şər-böhtan olduğunu iddia etdi.
Daha sonra bildirdi ki, həbs olunana kimi Azneftdə işləyib. Onun sözlərinə görə, həbs olunan günü işə getməyib: “Mayın 19-da bütün günü evdə olmuşam. Həmin günü də Elvinlə birlikdə heç bir yerə getməmişəm. Elvin də evə disk gətirməyib”.
Ceyhun Səfərli onu da bildirdi ki, həbs olunan vaxtı evdə polis əməkdaşları tərəfindən Elvin döyülüb. Təqsirləndirilən şəxsin sözlərinə görə, onlara polis əməkdaşları danışmağa belə imkan verməyiblər: “Polis əməkdaşları Elvini döyəndən sonra evdə axtarış aparmağa başladılar. Sonra bizi polis bölməsinə apardılar. Orada məni də döydülər”.
O, qeyd etdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsinin arasında fərq var. O, istintaqa verdiyi ifadəsinin təsdiqləmədi: “Həmin ifadələri alanda mənə təzyiq göstəriblər, ifadələrimə imza etdiriblər. Onu da deyim ki, axtarış zamanı bizim evdən kitablar çıxıb. Bu da cinayət deyil. Evdə tapılan kitabların bəzilərinin də bizə aidiyyəti yoxdur. Həmin bizə aid olmayan kitablar axtarış aparan şəxslər tərəfindən gətirilib. Bizə olmazın işgəncələr veriblər. Elə hərəkətlər ediblər ki, onları burada açıqlaya bilmirəm”.
Onun sözlərinə görə, Nicat Əliyevlə 3-4 il əvvəl sinif yoldaşı vasitəsilə tanış olub. Onun qeyd etdiyinə görə, tanış olarkən Nicat mağazalardan birində satıcı işləyib: “Sinif yoldaşım Nicatla məni tanış edəndə dedi ki, mağazada satıcı işləyir, paltar almaq lazım olanda ondan almağımı məsləhət bildi. Elə oldu ki, mən onunla sonra əlaqə saxlamadım və əsgərliyə getdim. Əsgərlikdən qayıtdıqdan sonra Nicatla əlaqə saxladım. Əlaqə saxlayanda daha Nicat mağazada satıcı işləmirdi. Bundan sonra Nicatla 3-4 dəfə görüşmüşük, “Memar Əcəmi” metro st-nın yaxınlığında çayxanada çay içib, söhbət etmişik. Söhbətlərimiz zamanı dinlə bağlı olmayıb, havadan, sudan danışmışıq. Sonuncu dəfə Nicatla aprel aynıda görüşmüşük. Həmin görüşdən 11 ay keçib, nə barədə danışmağımız yadımdan çıxıb. Amma onu bilirəm ki, dinlə bağlı Nicatla heç bir söhbətimiz olmayıb”.
Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, Nicat Əliyevlə Eurovision 2012 müsabiqəsinə etiraz barədə söhbətləri olmayıb. Onun sözlərinə görə, mahnı müsabiqəsinə etiraz etmələri ilə bağlı disklər və vərəqələr paylamayıb”.
Dövlət ittihamçısı bildirdi ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadələr arasında ciddi ziddiyyətlər var. Buna görə də dövlət ittihamçısı onun ibtidai istintaqa verdiyi ifadəsinin elan edilməsini hakimlərə təklif etdi. Dövlət ittihamçısının təklifi hakimlər tərəfindən müsbət qəbul edildi və Ceyhun Səfərlinin istintaqa verdiyi ifadələrini elan etməyə başladı. Hakim ilk olaraq təqsirləndirilənin şübhəli şəxs qismində verdiyi ifadəsini açıqladı.
Səslənən ifadədən məlum oldu ki, 10 ilə yaxındır islam dini ilə məşğul olub. Onun ifadəsinə görə, bir evdə kirayə yaşadığı Elvin Nəzərov mayın 19-da siqaret kağızına bükülmüş tiryəki ona verib. Bildirib ki, Elvin həmin narkotik vasitəni “Nizami” metrosunun yaxınlığında tanımadığı şəxsdən pulsuz alıb. O, daha sonra qeyd edib ki, disklər və vərəqlər paylayıb. Onun qeyd etdiyinə görə, “Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində “gey parad”ın keçirilməsinə etiraz olaraq vərəqləri Bakının bəzi yerlərində vətəndaşlara paylayıb və “gey-parad”ın keçirilməsinə vətəndaşların etiraz etmələrini təklif ediblər. Ceyhun Səfərli daha sonra ibtidai istintaq zamanı bildirib ki, mayın 19-da “Sovetski” deyilən ərazidə 250-yə yaxın disk və vərəqələr paylayıblar.
Ifadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxsə suallar ünvanlandı. O, həmin ifadəni təzyiq altında verdiyini dedi. Hakimlər daha sonra Ceyhun Səfərlinin ibtidai istintaq zamanı verdiyi digər ifadələrini elan etdilər. O, həmin ifadələri də təzyiqlər altında verdiyini qeyd etdi.
Qorxmaz Camalova ifadə verməsi təklif edilsə də, o, ifadə verməkdən imtina etdi. Sonra ifadə verən Samir Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Samir Hüseynov CM 228.4-cü (qanunsuz silah gəzdirmə) maddəsi ilə özünü təqsirli bilib. O, bildirdi ki, mayın 23-də həbs edilib. Onun sözlərinə təqsirləndirilən şəxslərdən yalnız Səfər Məmmədovu tanıyır. Onun qeyd etdiyinə görə, Səfər Məmmədovla internet vasitəsi ilə tanış olublar.
Samir Hüseynov bildirdi ki, “Hicab”a qoyulan qadağalara etiraz edib. Onun sözlərinə görə, buna görə də disklər və vərəqələri könüllü olaraq paylayıb: “Disklərin paylanması ilə bağlı mənə göstəriş və əmr verən olmayıb. Allahın əmrinə qarşı çıaxanlara qarşı etiraz etmişəm. Özümü də günahkar saymıram”.
Daha sonra Valeh Abdullayev, Əli Əliyev, Emin Tofiqi, Səfər Məmmədov özlərini qismən təqsirli bildi. Əli Əliyev bildirdi ki, diskləri işlədiyi mağazada saxlayıb. Onun sözlərinə görə, həmin disklərin məzmununun nədən ibarət olmasından xəbəri olmayıb. Elvin Nəzərov, Temirxan Hüseynov özlərini təqsirli bilmədilər. Məhkəmə iclası aprelin 26-da davam etdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 325