Eurovision 2012 terrorçuları hakim qarşısına çıxarılır
Eurovision 2012 Mahnı Yarışması ərəfəsində terrora cəhd edənlərin məhkəməsi başlayır.
Bu Mahnı Yarışması ərəfəsində antiterror əməliyyatı nəticəsində həbs edilən 29 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Bu barədə AYNAya Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.
Məlumata görə, Samir Sanıyev və onunla birlikdə ittiham olunanların cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 2-nə təyin edilib.
Qeyd edək ki, beynəlxalq terrorçu şəbəkə tərəfindən Azərbaycanda terrorçuluq aksiyalarının törədilməsi üçün Vüqar Padarovla eyni dərəcədə səlahiyyət verilərək “əmir” təyin edilmiş “Əbu Ubeydə” ləqəbli Samir Saniyev cinayətkar şəbəkə yaradaraq Eurovision 2012 ərəfəsində Bakıda və regionlarda terror planları həyata keçiriblər.
İstintaq müəyyən edib ki, 2011-ci ilin fevralında Dağıstanın Kadar kəndi yaxınlığında təşkil olunmuş “Dağıstan əmirlərinin şurası”nda Azərbaycanda silahlı “cihad”ın edilməsi ilə bağlı müzakirələrdə Vüqar Padarov və Elmir Nurəliyevlə yanaşı, Samir Saniyev də iştirak edib.
Sonda “əmirlər şurası” Vüqar Padarova, Samir Saniyevə və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul veriblər. “Dağıstan cəbhəsinin əmiri” “Saleh” ləqəbli İbrahimxəlil Daudov yaradılmış yeni silahlı birləşməyə “Busra” ləqəbli Vüqar Padarovu “əmir” təyin edib və bu barədə videogörüntülü müraciət sonuncunun mobil telefonunun yaddaşına yazılıb.
Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev ötən ilin iyulunda silah-sursatla dövlət sərhədini Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəliblər. Və həmin şəbəkənin Azərbaycanda silsilə terrorçuluq aksiyalarının keçirilməsi məqsədilə bu 3 nəfər daim təlimatlandırılıblar.
Tapşırıqlara əsasən, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri cari ilin aprelin əvvəlində Azərbaycan Prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirilməli, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil edilməli, bu strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat ələ keçirilməyi planlaşdırıblar. Eyni zamanda bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi.
Bundan başqa, Samir Saniyev silahlı qrupun üzvləri ilə birlikdə Bakıda əcnəbilərin daha çox olduqları və ya qaldıqları yerlərdə, o cümlədən Hilton Baku və JW Marriot Hotel Absheron və digər mehmanxanalarda partlayışlar törətməliymiş. Eləcə də hər vəchlə biletlər əldə etməklə Eurovision-2012 müsabiqəsinin keçiriləcəyi Baku Crystal Hallda və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətmək planlaşdırılıb.
Istintaqın gəldiyi nəticəyə görə, Timur Hüseynov isə Baku Crystal Halla daxil olmalı və özlərinin xüsusi hazırladıqları, mütəxəssislərin “şok bombası” kimi tanınan partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanmış kütləvi basırığa nail olmalı idi. Eyni vaxtda mehmanxanaların qarşısında saxlanılmış avtomaşınlardakı partlayıcı maddələr məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan partlayışlar törədilməli idi. Həmçinin eyni üsulla partlayıcı maddələr yerləşdirilmiş daha bir avtomaşının Bayıl qəsəbəsinin Bayraq Meydanına yaxın yaşayış binalarından birinin həyətində partladılması da nəzərdə tutulubmuş.
MTN-nin keçirdiyi əməliyyat nəticəsində Elmir Nurəliyev, Faiq Sultanov, Əmir Muradov, Ağasadıq Əliyev, Nəriman Abbasoğlu, Aydın Həsənov, Arif Həsənov, Bəhruz Lələyev, Rəşad Aşurov, Məcid Aşurov, Mehdi Padarov, Nəsrullah Yunusov, Rauf Əfəndiyev, Elmir Həmidov, Məmməd Məmmədov, Ruslan Allahverdiyev, Faiq Süleymanov, Teymur Qaracayev və Mahmud Lələyev həbs ediliblər.
Dəstə başçısı Vüqar Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərkisilah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açıb və əl qumbarası atıblar. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Vüqar Padarov məhv edilib, Faiq Sultanov və Əmir Muradov isə tutulub.
Silahlı atışma zamanı MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Quliyev ölüb, nazirliyin xəsarət alan digər 3 əməkdaşı isə Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib. Ümumiyyətlə keçirilən əməliyyatlat nəticəsində Bakıda və Qazax rayonunda da hüquq-mühafizə orqanlarının 10-a yaxın əməkdaşı xəsarət alıb.