Ət və ət məhsulları bahalaşıb — bu anormaldır
Ət və ət məhsulları bahalaşıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz artıb. Lakin ətin qiymətinin qalxması anormal haldır, çünki ölkəmizdə həm mal, həm də qoyun ətinin qiyməti kifayət qədər yüksəkdir. Qonşu Gürcüstan, Ermənistandan fərqli olaraq bizdə mal-qoyun ətinin qiyməti 30 faiz yüksəkdir.
KTN rəsmilər dəi ətin qiymətinin artmasının süni xarakter daşıdığını bildirirlər. Bununla da bahalaşmanın günahı daha çox sahibkarların üzərinə atılıb.
Qeyd edək ki, komitənin bir məlumatında ətin, digər məlumatında isə arpanın bahalaşdığı deyilir. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bunlar bir-biri ilə bağlı olan məsələdir. Çünki arpadan yetişdirilən heyvanların, xüsusən, qoyunların bəslənilməsində istifadə olunur:”Nə qədər arpanın qiyməti qalxıb, bir o qədər də qoyun ətinin qiyməti artıb. Quş ətinin qiyməti isə quş yemi komponentlərinin bahalaşması ilə əlaqədardır. Bəlli olduğu kimi, bu komponentləri biz xaricdən idxal edirik. Həmin məhsullar da bahalaşıb. Ona görə bu quş ətinin qiymətinin artmasına səbəb olub. Bunlar hamısı bir-biri ilə əlaqədardır. Kənd Təsərrüfatı Nazirliyi rəsmiləri və ya başqa ekspertlərin deməyi əsas deyil. Əgər yemin qiymət artıbsa, mütləq bu ətin qiymətinə təsir edəcək».
Məhərrəmovun sözlərinə görə, hökumət elə aqrar siyasət aparmalıdır ki, sahibkarın əldə etdiyi məhsul ucuz olsun. Məhsulun ucuz olması üçün isə yemin qiyməti ucuz başa gəlməlidir. Möhkəm yem bazası yaradılmalıdır:”Onun maya dəyəri aşağı olmalıdır. Kökəltmə ilə məşğul olan fermerlər əldə etdiyi məhsulun maya dəyərinin aşağı olmasına çalışırlar. Yoxsa, kimsə bazara nəzarət etsin, qəssabın başının üstündə dayanıb, qiymətlərin qalxmasına imkan verməsin, bu yolla nəyəsə nail olmaq mümkün deyil. Yalnız normal aqrar siyasət aparmaqla bu sahədə irəliləyiş əldə etmək olar. Yəni məhsul istehsalı ilə təklifi artırmaq olar, bu da bazara mütləq şəkildə təsir edəcək».
Fermer təsərrüfatlarında mal-qaranın əksəriyyəti universal tiplidir. Yəni mal-qaradan həm südlük, həm də ətlik istifadə olunur. Amma o da nəzərə alınmalıdır ki, bu tip mal-qara ətlik istifadə üçün tam sərf etmir. Çünki onun kökəldilməsi uzun vaxt tələb edir. Bu isə xeyli vəsait deməkdir. Bu da ətin qiymətinə təsir edən faktordur.