Eşton və Füle cəza nəzərdə tutan düzəlişlərin qəbulunu tənqid etdilər
Eşton və Füle böhtana görə cəza nəzərdə tutan düzəlişlərin qəbulunu tənqid ediblər.AB xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eştonun və AB genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin mətbuat katibləri birgə bəyanatla çıxış ediblər, deyə AB-nin Azərbaycan nümayəndəliyindən yayılan xəbərdə deyilir.
“Ali nümayəndə və komissar Cinayət Məcəlləsinə düzəlişlərin yekun təsdiqlənməsindən narahat olduqlarını bildiriblər. Bu düzəlişlər İnternetdə böhtan və təhqirə görə cinayət cəzasını nəzərdə tutur.
AB Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasından narahatdır. 2013-cü il Azərbaycan üçün seçki ilidir. Ölkə demokratik seçkilər üçün şəraitin yaxşılaşdırılması barədə öhdəlik götürüb. Demokratik rəqabət üçün açıq platformanın yaradılmasından ötrü zəminlərdən biri ictimai informasiyanın bütün formalarında söz azadlığıdır.
AB dəfələrlə qəti şəkildə bəyan edib ki, diffamasiya haqqında cinayət qanunverciliyi əks-məhsuldardır. Təcrübə göstərir kiŞ vətəndaş tədbirləri kifayət qədərdir və ədliyyənin ehtimal edilən böhtan və ya təhqir hallarında effektiv və şəffaf fəaliyyət göstərməsinə imkan verir. Belə yanaşma beynəlxalq standartlara uyğundur.
Ali nümayəndə və komissar Azərbaycan hakimiyyətini plüralist diskussiyalar və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməısi məqsədilə beynəlxalq biriiklə əməkdaşlıq üçün məkan yaratmağa çağırır. AB bu prosesdə Azərbaycana yardım etməyə hazır olduğunu bir daha bəyan edir”.