Əsgərlərin odun anbarında «dava-dava» oyunu
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgər yoldaşına xəsarət yetirməkdə ittiham olunan Sarvan Muradovun (1993) cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Sarvan Muradov 11 fevral 2013-cü il, saat 11:00 radələrində hissə ərazisində yerləşən odun anbarında mobil telefonunun batareyasına enerji yükləmək üçün elektrik naqilinə birləşdirib.
Bu zaman oraya daxil olmuş həmin batareyanın 1-ci taqım manqa komandiri, əsgər Baxış Baxışlı Sarvana mobil telefonunu qısaqapanma ola biləcəyini bildirib və elektrik naqilindən ayırmasını deyib. Lakin Sarvan Muradov bunu etməyəcəyini bildirib.
Bundan sonra Baxış Baxışlı Sarvanın mobil telefonunu elektrik naqilindən ayıraraq cibinə qoyub və odun anbarından bayıra çıxmaq istəyib. Bu zaman Sarvan Muradov da Baxış Baxışlının arxasınca çıxıb, bayırda bu səbəbdən aralarında mübahisə baş verib.
Mübahisədən sonra Sarvan Muradov yerdən götürdüyü dəmir boru parçası ilə Baxış Baxışlının sol-təpə gicgah nahiyəsinə, papağın üstündən bir zərbə vurub. Bu zərbənin təsirindən Baxış Baxışlı “qapalı kəllə-beyin travması” alıb.
Məhkəmədə ifadə verən Sarvan Muradov özünü ona elan olunmuş ittihamda təqsirli bilib. O, ifadəsində göstərib ki, «Abşeron rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılıb və
bu hərbi hissənin tank əleyhinə batareyasının sanitar-təlimatçısı vəzifəsində əsgər hərbi rütbəsində xidmət edir. «Baxış Baxışlını hərbi xidmət müddətində tanımışam və münasibətlərimiz xidməti olub. Fevralın 11-də, saat 11:00 radələrində odunxanada mobil telefonunu batareyasına enerci yükləmək üçün elektrik naqilinə qoşmuşdum. Baxış Baxışlı odunxanaya daxil oldu və məndən telefonu elektrik naqilindən ayırmağımı dedi. Lakin onun sözünə əhəmiyyət vermədim. Baxış Baxışlı bir neçə dəfə məndən telefonu elektrik naqilindən çıxartmasını tələb etsə də, buna əməl etməmişəm”.
Daha sonra təqsirləndirilən şəxs qeyd edib ki, Baxış Baxışlı mobil telefonu elektrikdən ayırıb və buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zəminində Baxış Baxışlını da vurduğunu etiraf edib. Təqsirləndirilən şəxs daha sonra öz əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını göstərərək, ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Məhkəmədə zərərçəkmiş Baxış Baxışlı da ifadə verərək təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib. Bu cinayət işinə Gəncə Hərbi Məhkəməsində baxılıb və hakim Xıdır Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sarvan Muradov 1 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmündən narazı qalan Sarvan Muradov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin edilmiş hökmün dəyişdirilməsini, cəzasını həbs olmayan cəza ilə əvəz edilməsini istəyib. Onun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilib və birinci məhkəmə instansiyasının hökmü dəyişdirilib. Qərara görə, Sarvan Muradovun barəsində CM 70-ci (şərti məhkum etmə)maddəsi tətbiq edilib və şərti cəza verilib. O, məhkəmə zalından dərhal azadlığa buraxılıb