«Əsəd Bəyin əzabları» bitdi
Film 2004-cü ildən bəri Almaniyada, Avstriyada, İtaliyada və Azərbaycanda çəkilmişdir. 1 milyon avroya başa gələn bu film hələlik yalnız alman dilindədir.
Filmdə Əsəd Bəyin Qurban Səid təxəllüsü ilə yazmış olduğu son əlyazması olan «Sevgidən bixəbər kişi» romanından Azərbaycana olan sevgisi, vətən həsrəti, öz vətənində və ona edilən minbir haqsızlıqlar, çəkmiş olduğu dözülməz əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr verilir. İçərişəhərdə keçən uşaqlığı, Berlindəki eyni vaxtda oxuduğu şagirdlik və tələbə həyatı, Avstriyada yazmış olduğu bestseller romanı olan «Əli və Nino» əsərinin yazıldığı Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Pozitano şəhərində ev dustağı edildiyi, son mənzilində ağır xəstəliyi və dözülməz ağrıları ilə ölüm yatağında yazmış olduğu son romanının ərsəyə gəldiyi şərait 70 ildən sonra belə seyrçini sarsıdır. Əsəd Bəyin qulluqçusu olmuş Maria Paone aptekçinin bir ağrıkəsici dərman vermək üçün Əsəd Bəydən onun qızıl saatını almasını göz yaşları içərisində filmdə anladır. Dərmana pulu olmadığı zaman ona artıq dərman verməkdən imtina edildiyini, evin kirayəsini verə bilmədiyi zaman kirekeşin onu evden, xəstə yatağından çölə atmaq istədiyinin şahidi olan digər bir şahid — Fioravante Rispoli bütün bunları sadə bir dillə anladır. Əsəd Bəyin Azərbaycanda tərcüməçisi olan Çərkəz Qurbanlı Əsəd Bəyə Azərbaycanda olan ögey münasibətdən və onun özünə edilən həmlələrdən və haqsızlıqlara da üstüörtülü toxunur.
Bəli, Əsəd Bəyin əzabları bitməsə də, onun əzabları haqqında çəkilən film başa çatıb. Əminik ki, bu film Azərbaycanın milli sərvətinə çevriləcək. Filmin Azərbaycanda çəkilişləri zamanı artıq filmin büdcəsi tamamilə bitmişdi. Rejissor Ralf Marşallek mətbuat vasitəsi ilə, rəsmi məktublarla müxtəlif quruluşlara və ictimaiyyətə müraciət etdi. Kimsədən səs çıxmadı. Əlbəttə ki, Əsəd Bəy o zamanlar hələ bu günki kimi məşhur deyil, Azərbaycanda ona qarşı qara qüvvələr savaşır və bütün var-qüvvələri ilə onun «Əli və Nino» əsərini Çəmənzəminlinin adına çıxmağa çalışırdılar. Hansı qüvvələr isə Amerikalı xanım Betty Bleyeri həm maddi, həm mənəvi dəstəkləyir, Azərbaycanın Universitetlərində, görkəmli rəsmi qurumlarında, təşkilatlarda, onunla görüşlər keçirir, qəzet və jurnallarda səhifələrlə müsahibələrini çap edir, Əsəd Bəyi Azərbaycanın düşməni elan edərək az qala vətən xaini kimi xalqın gözündən salmağa çalışırdılar. Belə Propaqanda İdarələrindən biri olan Azərbaycan Yazarlar Briliyi isə Əsəd Bəyin Qurban Səid təxəllüsü ilə yazmış olduğu «Əli və Nino» romanı Çəmənzəminlinindir — deyə «jek idarəsi» kimi (İfadə Çərkəz Qurbanlıya məxsusdur) arayış belə vermişdi. Hətta ölkənin ədəbiyyatının başında 10 illərdir əzəmətlə duran bir nəhəng yazar məni qəbul edərək üzümə baxmadan əmr formasında göstəriş belə verməyə cəsarət etdi:
— Deyirlər sən Əsəd Bəyi tədqiq edirsən. Biz istəyirik onu elə tədqiq edəsən ki, sonunda müəllif Yusif Vəzir Çəmənzəminli çıxsın!»
Qulaqlarıma inanmırmış kimi təəccüblə sordum: Nəyə görə bunu etməliyəm? Üstümə bir az da bozararaq:
— Ona görə ki, Çəmənzəminli bizimdir.
Sərt bir şəkildə gözlərinin dik içinə baxaraq:
— Mən həqiqəti sübut edəcəyəm və sübut edəcəyəm ki, Əsəd bəy də bizimdir»
— deyərək kabinetini tərk etdim.
Mən bunu necə edə bilərdim? Avropa arxivlərində onun ilk arxiv sənədlərini mən toplasam, gələcək tədqiqatçılar, alman dilini, italyan dilini öyrənərək bu arxivlərdə işləyəcəklər axı… Ədəbiyyata, ölkənin mədəniyyətinə edilən bu xəyanətə necə imza atmaq olar və bunu necə tələb etmək olardı!?…
O gündən var gücümlə Əsəd Bəyə beynəlxalq bəraət verilməsi uğrunda savaşa başladım. İlk öncə Berlində onun yaşadğı evin önündə onun bürüncdən barelyefini asdırdım. Əsəd Bəyin İtaliyadan, Almaniyadan, İsveçrədən, Gürcüstandan bütün arxiv sənədlərini toplayaraq onun öz vətənində 2007-ci ildə «Yüz ilin sirləri. Əsəd Bəy — dövrün və şərin qurbanı» adı altında Nurlan nəşriyatında nəşr etdirdim. Əsəd Bəyin Positanoda məzar daşı onun vəsiyyətinə uyğun olaraq üzü Məkkəyə basdırılmadığından İtaliya dövlətinə dəfələrlə müraciət edərək məzar daşının rəsmən dəyişdirilməsi iznini Pozitano Bələdiyyəsindən aldım.
Lakin hansı maddi vəsaitlə bunu dəyişəcəkdim heç bilmirdim. Elə belə günlərin birində Bakıda çox mötəbər nazirliklərin birindən mənə zəng oldu. Təsadüfən bir görkəmli dövlət rəsmisi Pozitanoda olmuş və Əsəd Bəyin məzarını ziyarət etmişdi. Pozitanolular ona mənim min bir əziyyətlərlə dəfələrlə Pozitanoya gələrək arxivlərdə, kitabxanalarda Əsəd Bəyi tədqiq etdiyimi, onu tanıyan o dövrün şahidlərini axtarıb tapdığımı və hətta Əsəd Bəyin məzar daşını üzü Məkkəyə çevirmək haqqında rəsmi icazə ala bildiyimi, amma buna tələb olunan maddi vəsaitin olmaması ucbatından edə bilmədiyimi söyləmişdilər. Mənə zəng edən şəxs ilk öncə bu işlər üçün təşəkkür etdi və gərəkən maddi vəsaiti ödəyəcəklərini bildirdi. Bakıya növbəti görüşümdə həmin rəsmi şəxs məni qəbul etdi. Həyatda onu ilk dəfə görürdüm. Sakit, ciddi və qısa bir şəkildə söylədi: Mən sizin bu vətənsevərliyiniz, zəhmətləriniz qarşısında baş əyirəm, sizin nə qədər əziyyət çəkdiyiniz çoxlarına məlumdur və vətən qarşısında böyük bir iş görürsünüz. Mən sizə Azərbaycanın bir oğlu olaraq vicdanımın səsi ilə kömək edəcəyəm. Lakin bir şərtim var, mənim ismimi və etdiyim bu yaxşılığı heç bir yerdə çəkməyəcək, sizə kömək etdiyimi heç zaman dilinizə almayacaqsınız. Mənim reklama ehtiyacım yoxdur (Yaxşı ki, qələmə alma demədi). Kabineti tərk edərkən köməkçi zərfin içində mənə məzar daşını dəyişmək üçün tam hesablanmış vəsaiti verdi. (Otel, bilet pulu, hətta məzar daşının restavrasiyası üçün aparacağım memarın xərcləri dəqiq hesablanmışdı). Bu məni çox təsirləndirdi. İki-üç gün ondan sonrakı Gülüstan sarayında Azərbaycanın milli günündə onu təbrik etmək üçün yaxınlaşdığımda sanki məni heç bir zaman görməyibmiş kimi rəsmi və soyuq davrandı.
Vətənimin belə oğullarının, hətta dövlətin yüksək rəsmilərinin içində olması və gördüyüm işlərə qiymət verilməsi gücümü birə min artırdı. Lakin dövlətimin Almaniya səfiri isə amazonların onun çaldığına oynamayacağını anladığı gündən mütəmadi olaraq mənə qarşı açıq və gizli qərəzli kampaniyalar aparır, məni var gücü ilə üzdən-gözdən salmağa çalışırdı. Bu bir tərəfdən fəaliyyətimə zərər vursa da, digər tərəfdən xeyrimə işləyirdi. Almaniya mənim fəaliyyətimi və edilən bütün bu haqsızlıqları, əlbəttə, görür və hər cür dəstəyi bütün quruluşlardan alırdım.
Məni əvvəlcə P.E.N Almaniya Mərkəzinə, sonra alman jurnalistlər Birliyində Komitə sədrinin müavini və sonra alman yazarlar Birliyinə üzv seçirlər. Edilən bütün bu haqsızlıqlar əslində mənə zərər vurmaq deyildi, Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə zərər vurmaq idi. «Məni şantaj edirlər» deyə dünyaya car çəkmək, daha çox populyar olmaq, bundan dolayı daha çox dəstək ala bilmə imkanlarım olsa da, sadəcə susurdum. Prezidentimizin Berlində diaspor təmsilçiləri ilə olan görüşündə Əsəd Bəyə beynəlxalq bəraət verilməsi məsələsini qaldırdım. Prezident mənə haqq verdi və kəskin olaraq» Bu təbliğatlarla bağlı biz səfirliyə yetəri qədər maliyyə ayırırıq» deyə mənə dəstək verdi. Lakin bu maliyyələr Almaniya siyasətində və ictimaiyyətində üzdən-gözdən düşmüş, uzaqlaşdırılmış muzdlu lobbiçilərin cibinə axır, onların gülünc lobbi fəaliyyəti Almaniyanın «Spiegel» və s. kimi dövri mətbuatında açıq-aşkar ifşa olunur və Azərbaycanın imicinə xeyrindən daha çox zərər vururdu. Prezident isə bütün bu və ona məlum olan və olmayan digər haqsızlıqlararın qarşısında susurdu və hələ də susur.
Mənsə heç bir şeyə baxmadan əlimdən gələn işi görürdüm. Mənim cavabım sadəcə Amazon olaraq qala bilməyim idi.
Bütün çətinliklrə baxmayaraq Əsəd Bəy haqqında çəkilən film bitdi. Bu gün artıq Əsəd Bəy ölkəsində yetəri qədər tanınır. Onun «Əli və Nino» romanı Oskar mükafatının qalibi Kristofer Hampton tərəfindən filmə çəkilir. (Filmin baş prodüsseri Leyla Əliyevadır.)
Hətta artıq Əsəd Bəy haqqında «elmi dissertasiyalar» yazılır. Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasından çıxan, təxminən 50 yaşlarında bir kişi sevinclə üstümə cumdu. Nuridə xanım, mən sizin Əsəd Bəy haqqında yazdığınız kitab əsasında elmi iş müdafiə etdim və artıq elmlər doktoruyam. Mənim 3 cilddə yazılacaq kitabımın hələ yalnız 1-ci cildi çap olunmuşdu. Və bu qətiyyən elmi bir əsər deyil. Üzünə matdım-matdım baxaraq: Sizin kimi saxta alimlər olduğu üçün Azərbaycan elmi bu vəziyyətdədir, — deyərək ondan uzaqlaşdım.
Bir neçə il əvvəl Əsəd Bəyin Qurban Səid adı ilə son romanının əlyazmasını Bakıya gətirərək onun tərcümə edilməsi üçün demək olar ki, bütün quruluşlara müraciət etdim. Heç kim sahib çıxmadı, lakin bu gün mənə hətta pul təklif edənlər, əlyazmanı verərsək özləri tərcümə edərlər, hətta mənim də adımı yazarlar (sanki özüm tərcümə edə bilirəm) deyə ucuz təkliflər alıram.
Bütün olanlar keçib gedib. Edilən haqsızlıqlar məni daha çox mübariz və daha güclü edib. İndi isə Azərbaycanın milli sərvətinə çevrilməyə hazır və layiq olan «Əsəd Bəyin əzabları» filmi doğma vətəninə yola çıxmağa hazırlaşır. Filmin milli və mənəvi haqları Azərbaycan xalqına aid olsa da, GUS ölkələri üzrə hüquqi haqları Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutundadır.
Bizi düşündürən bircə sual var: 10 ildən artıq zəhmət çəkilmiş bu filmə vətəndə sahib çıxan olacaqmı? Film azərbaycan, rus və ingilis dillərinə çevrilərsə, geniş tamaşaçı kütləsinə təqdim edilərsə, Əsəd Bəyə beynəlxalq bəraət verilməsində, xalqının onu daha yaxşı tanımasında və sevilməsində böyük rol oynaya bilər. Azərbaycan ədəbiyyatını dünyaya ilk tanıdan yeganə yazarımız Əsəd Bəy — Qurban Səidin əzablarına görəsən nə vaxtsa son qoyulacaq və onun dünyalar qədər sevdiyi doğma vətəni olan Azərbaycan tezliklə onu «Vətən övladı» deyib bağrına basacaqmı? İstəyimiz yalnız budur.