Ermənistanı rüsvay edən 2 futbol hakimi həbs olundu
Ermənistan idmanını rüsvay edən 2 futbol hakimi İrəvanda həbs olundu. Avropa Liqası çərçivəsində keçirilən oyunda qərəzli hakimlik etdiklərinə görə ömürlük diskvalifikasiya olunmuş bu iki ermənistanlı hakim barəsində 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. Hökm ötən gün İrəvanın Nork Maraş rayon məhkəməsi tərəfindən Ermənistan Polisinin Baş İstintaq İdarəsinin iddiası əsasında çıxarılıb.
Məhkəmə iclası qapalı olub. Məhkəmə iclasından sonra Andranik Arsesyan və Ovanes Avakyan Ədliyyə Nazirliyinin Nubaraşen həbsxanasına aparılıblar. Bəlli olduğu kimi, avqustun 6-da Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi Avropa Liqasında keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə iki hakimin ömürlük diskvalifikasiya olunması barədə qərar qəbul edib.
Söhbət Avropa Liqasının I kvalifikasiya raundunda Finlandiyanın “İnter” və Farer adalarının “Vikinqur” komandaları arasında iyulun 11-də keçirilmiş cavab oyununa hakimlik etmiş baş hakim Andranik Arsenyan və onun köməkçisi Ohanes Avaqyandan gedir.
Totalizatorlarda “İnter” — “Vikinqur” matçına qoyulan həddindən artıq yüksək pul qoyuluşları UEFA nümayəndələrinin diqqətindən yan keçməyib. Belə ki, oyunun nəticəsinə hətta 300 min avro məbləğində pul qoyuluşları olduğu bildirilir. Sövdələşmənin iştirakçısı olan erməni hakimlər “lazımi” nəticəni təmin etməyi öz üzərilərinə götürüblərmiş. Bu səbəbdən də, onlar matç ərzində bir neçə dəfə əsassız penalti təyin ediblər.
Ekspert Komitəsi və Ermənistan Futbol Federasiyasının rəhbərliyi hadisə ilə bağlı hərtərəfli araşdırma aparıb. Arsenyan və Avaqyan təqsirli olduqlarını və sövdələşmədə iştirak etdiklərini etiraf ediblər.