Ermənistanda prezident seçkiləri təxirə düşə bilər
Ermənistanda prezidentliyə namizəd Paruyr Ayrikyana qarşı törədilmiş sui-qəsd səbəbindən ölkədə prezident seçkiləri təxirə salına bilər. RİA «Novosti»yə istinadən, bu barədə Ermənistan televiziyası parlamentin sədri Ovik Abramyana istinadən xəbər yayıb. Qanun buna yol verir. Belə ki, Konstitusiyaya əsasən, prezidentliyə namizədlərdən hər hansı birinə aradan qaldırılması mümkün olmayan maneələr yarandıqda ölkədə prezident seçkiləri iki həftə müddətinə təxirə salınmalıdır.
Xəstəxanadan verilən bilgiyə görə, siyasətçinin vəziyyəti sabitdir və onun həyatına təhlükə yoxdur. Ermənistan parlamentinin sədri Ovik Abramyan bunu təsdiqləyib və qeyd edib ki, o şəxsən Ayrikyanla xəstəxanada söhbət edib.
Ovik Abramyan Ayrikyana qarşı törədilən sui-qəsdi Ermənistan dövlətçiliyinə qarşı cinayət adlandırıb. Ermənistan parlamentinin sədrinin sözlərinə görə, Ayrikyan ona iki dəfə atəş açıldığını bildirib.
Artıq məlumat verildiyi kimi, Paruyr Ayrikyan aftomobilindən çıxarkən ona arxadan iki dəfə atəş açılıb. Güllələrdən biri onun sağ körpücük sümüyünə dəyib, ikinci gülləni isə polis hadisə yerində aşkar edib. Gilizlər hadisə yerində aşkar olunmayıb, bu da onu deməyə əsas verir ki, cinayətkar «Naqan» tipli tapançadan istifadə edib.
Fakt üzrə cinayət işi açılıb. İlkin araşdırmanı Milli Təhlükəsizlik Xidmətinin və Polisin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu aparır.