Muəllif:

Ermənistanda hamı yapışqanlı skotç alır…

Arminfo David Stepanyanın diqqətimizi çəkən bir yazısını dərc edib. Bəlli olur ki, aprelin əvvəlindən Ermənistanda yapışqanlı skotç satışı heyrət doğuracaq bir şəkildə artıb. Kənd dükanlarının satıcıları nə vaxt belə bir hal olduğunu xatırlaya bilmirlər. Demə bunun bəsit bir səbəbi varmış — bu gen dünyada nəsibini bulmaq üçün səfərə yollananda iri bağlamalarına və zənbillərinə dolamağa lazım imiş bu yapışqanlı skotç…

Müəllif ölkədən gedənlərin çox, gələnlərin az olduğunu əks etdirən məlum rəqəmləri təsdiqlədikdən sonra əlavə edir ki, «xopançıların» (Ermənistan azərbaycanlılarına tanış termindir — qürbətə mövsümi işə yollananlara deyilir) mövsümü hələ başlanmayıb. Müəllif bu hazırlığı
«xopan»la bağlamır — ona hələ bir az var. Mövsümi gediş də deyil bu. Son illər getdikcə artan mühacirətin əyani
təzahürüdür. Stepanyan yazır ki, ucuz marşrut seçirlər — reys avtobusları, marşrutkalar, bir çox hallarda öz şəxsi
avtomobilləri ilə yola çıxırlar. Armavia-nın müflis çıxması yerüstü nəqliyyatı fəallaşdırdığı qeyd edilir.
Yazır:

«Yerlərdə, əksərən kənd yerlərində situasiyanın müşahidəsi bir çox hallarda adamı dəhşətə salır. Ən dəhşətlisi bu sözün gerçək mənasında odur ki, əmək miqrasiyası yerlərində, əsas etibarilə Rusyada tədricən özünə yer-yurd düzəldən boşalmış erməni kəndlərinin sakinləri son illər özləri ilə ailələrini də aparmağa başlayıblar. Burdakı qapı-bacasına göz olmağa yaşlı nəsildən olanlar qalır, ömrünün ahıl çağlarını
yaşayanlar oradan göndərilən iki-üç yüzlük dollar əskinası ilə kifayətlənməli olur. Beləliklə, Ermənistanı
bir qayda olaraq əmək qabiliyyətli və ən kədərlisi, «beyinli» adamlar tərk edirlər. Bunun nəyə gətirib çıxaracağı, çox şeydən göründüyü kimi ritorik sual deyil,
iqtidar özü də bir çox hallarda daha buna bir söz tapıb deyə bilmir. Sənaye ölkəsi olan Sovet Ermənistanının dünənki əməkçilərinə və qurucularına verilən pensiya ən yaxşı halda bir tikə pendir-çörəyə və kommunal xidmət haqlarını ödəməyə çatır».

Müəllif qeyd edir ki, əgər kənd adamları işsizlikdən, torpağını becərməyə pul tapmamaqdan və nəticədə yaşayışını nəmin edə bilmədiyi səbəbdən gedirsə, paytaxt İrəvanda durum bir qədər fərqlidir. Burada imkanlı, yerli ölçülərlə təminatlı adamlar «əllərini yelləyib» gedirlər.
Son prezident seçkilərinin yekunları miqrasiya göstəricilərini etiraz elektoratı hesabına daha da artırmışdır. Beləliklə, qələbə qazanan Serj Sarqsyanın
«Təminatlı Ermənistana doğru!» seçkiöncəsi şüarı ölkə vətəndaşlarını az ruhlandırır. Görünür, vətəndaşlar bu şüarın müəllifləri ilə ya ayaqlaşmaq istəmirlər, ya da ayaqlaşmağı bacarmırlar…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 180