Ermənistan Rusiyadan silah və hərbi texnikanı aşağı qiymətlə birbaşa ala biləcək
Ermənistan Rusiya müəssisələrindən silah, sursat və hərbi texnikaları birbaşa satın alacaq.Bununla bağlı iki ölkə arasında unikal müqavilə imzalanıb. Bu barədə Ermənistanın “Qraparak” qəzeti parlamentdəki mənbələrə istinadən məlumat yayıb. Ermənistan parlamenti yaxın vaxtlarda Ermənistan və Rusiya arasında imzalanmış Rusiya hərbi zavodlarından birbaşa alınmaları nəzərdə tutan müqaviləni təsdiqləyəcək. Bununla, Ermənistan Rusiya ilə belə müqaviləyə malik yeganə ölkə olacaq.
Qeyd edək ki, hazırda Rusiya Ermənistana və yaxın müttəfiqi olan Belarusa silah və hərbi texnikanı xarici satışlara məsul olan «Rosoboroneksport» Dövlət Şirkəti vasitəsi ilə həyata keçirir. Rusiya Silahlı Qüvvələri və güc strukturları isə satınalma müqavilələrini birbaşa istehsalçı müəssisələrlə — vasitəçi olmadan bağlayır.
Müqavilə Ermənistan Müdafiə Nazirliyinə Rusiyadan bu ölkənin öz hərbi strukturlarından biri kimi, daha aşağı qiymətə silah almağa imkan verəcək. Qalır bir məsələ: Ermənistan bunun üçün pulu haradan tapacaq?