Ermənistan hərbçiləri Sadaxlı sakinini tutub aparıblar
Dünən gecə saatlarında Gürcüstanın Marneuli rayonunun Sadaxlı kənd sakini Ermənistan sərhədçiləri tərəfindən girov götürülüb.
Bunu APA-nın Gürcüstan bürosuna “Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev deyib.
Onun bildirdiyinə görə, dünən gecə Sadaxlı kənd sakini Allahverdi Pələngov axşamüstü kənd yaxınlığındakı Muşul meşəsində qoyun sürüsünü axtararkən, erməni sərhədçiləri tərəfindən saxlanılıb: “Onu gecə saat 2-yə qədər ermənilərin Sadaxlının yaxınlığındakı hərbi hissəsində saxladıqdan sonra İrəvana aparıblar. Bu gün səhər isə Ermənistandan Allahverdi Pələngovun oğlu Kənana zəng edib, atasının İrəvan Milli Təhlükəsizlik Nazirliyində olduğunu deyiblər”.
Pələngovun qardaşı oğlu Anar Pələngov APA-ya faktı təsdiqləyib və hazırda Sadaxlıda Ermənistan-Gürcüstan sərhədindəki gömrük-buraxılış məntqəsində olduqlarını deyib: “Gürcü hərbçiləri sərhəddən heç kimin keçmədiyini deyirlər. Onlar əmimin yerini bilmədiklərini söyləməklə kifayətlənirlər. Amma Ermənistanın hərbi hissəndən bizə zəng olub, hazırda isə ordan bizə heç bir cavab verilmir”.
Qeyd edək ki, Allahverdi Pələngov 1969-cu il doğumludur.