Ermənistan Bakı-Kars dəmiryoluna buraxıla bilməz
Gürcüstanın Azərbaycan səfiri Teymuraz Şaraşenidze də təsdiq edir ki, Bakı-Tbilisi-Kars dəmiryol layihəsinin büdcəsi tam təsdiq olunub və tərəflər bu ilin sonunda dəmiryolu xəttinə ilk qatarın buraxılması haqda razılığa gəliblər.
Şaraşenidze bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Ermənistan nəqliyyat nazirinin müavini Artaşes Avetisyanın “gələcəkdə mümkün olarsa, Ermənistan da bu yoldan istifadə edəcək” açıqlamasına münasibət bildirən səfir qeyd edib ki, hər hansı ölkənin bu xəttə qoşulması yalnız layihənin üzvü olan üç ölkənin razılığından sonra mümkün ola bilər. Yəni aydın olur ki, bu məsələdə Azərbaycanın da razılığı şərtdir. Bakının isə münasibəti bəllidir — Ermənistan bu yoldan o vaxt istifadə edə bilər ki, işğal altında saxladığı rayonlardan dincliklə çəkilib getsin.
İndilik isə Qazaxıstan, Türkmənistan və Rumıniya bu layihəyə maraq göstərirlər ki, bu da rentabellik baxımından olduqca önəmlidir.
Şaraşenidze onu da qeyd edib ki, bu il Qara dənizin Gürcüstan sahilində, böyük ehtimalla Potidə ARDNŞ və bir neçə Gürcüstan şirkəti neft emalı zavodu inşa edəcək və bu, ARDNŞ-ın Gürcüstandakı fəaliyyətinin yeni istiqaməti olacaqdır. Səfir ölkəsinin indiki hökumətinin 100 günlük fəaliyyətini müsbət şərh edərək, Qərbə inteqrasiya kursunun qaldığını bildirib.