Ermənistan Avropa Birliyinə «atdı»
Ermənistan Avropa Birliyinə «atdı» — bunu belə də qiymətləndirmək olar. Bu balaca ölkənin Avropa Birliyi ilə azad ticarət haqqında razılaşmaya dair danışıqlardan imtina edərək Rusiyaya inteqrasiya etmək fikrində olduğu üzə çıxıb. Bu çoxdan gözlədiyimiz «yeniliyi» ötən gün İsveç XİN rəhbəri Karl Bildt bəyan edib.
“Görünür, Ermənistan Avropa Birliyi ilə azad ticarət haqqında müqaviləyə dair danışıqları pozur və əvəzində, 180 dərəcə dönüş edərək, Rusiyaya inteqrasiya edir”, deyə Bildt “Twitter” səhifəsində qeyd edib.
Bəlli olduğu kimi, cari ilin noyabrında Vilnüsdə Avropa Birliyi rəhbərliyinin və AB-nın “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin liderlərinin sammiti keçiriləcək. Sammitdə Ermənistan da daxil olmaqla, bir neçə dövlətlə Assosiasiya sazişinin və “Azad ticarət məkanında dərin və hərtərəfli zonaların tətbiqi”nə dair ilkin razılaşmanın bağlanılması nəzərdə tutulub.
Qeyd edək ki, Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsü 2008-ci ildə Brüsseldə keçirilmiş AB sammitində təsdiqlənib və 2009-cu ildə Praqada rəsmi təsis olunub.
Proqramın məqsədi Avropa Birliyinin Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistanla yaxınlaşmasıdır (AB-nin tərkibinə qəbul olunmadan).
Moskva Gömrük İttifaqının bütün üzvlərinin Yerevanın quruma qoşulmaq barədə qərarını dəstəkləyəcəyinə ümid edir, Rusiya və Ermənistan bununla bağlı artıq siyasi qərarını verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
“Gömrük İttifaqında mövcud olan prosedurlar qüvvəyə minir — Gömrük İttifaqının təsisçiləri olan üç dövlətin rəhbərliyinə, Avrasiya İqtisadi Komissiyasına müraciət və s. Bu artıq danışıqların kifayət qədər texniki olan predmetidir. Rusiya və Ermənistan siyasi qərar verib. Ümid edirik ki, Gömrük İttifaqının bütün üzvləri Yerevanın bu qərarını dəstəkləyəcək”, deyə Lavrob jurnalistlərə bildirib.
Qeyd edək ki, sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Gömrük İttifaqına daxil olmağı qərara aldığını bəyan edib və bu məqsədlə əməli addımlar atmağa, gələcəkdə isə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etməyə hazır olduğunu bildirib. Rusiya prezidenti bu qərarı dəstəkləyib.