Ermənilərin “təsir agenti” bizi ciddi saymadı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, ermənilərin” təsir agenti”, müdafiəçisi rolunda şıxış edən Nikolay Bordyuja növbəti dəfə Azərbaycan əleyhinə bəyanatla çıxış edib. Şoyqu ilə birlikdə İrəvanda olan Bordyuja Azərbaycan Nazirlər Kabinetinin ölkənin işğal olunmuş əraziləri üzərində qanunsuz uçuş keçirəcək təyyarələrin vurulması barədə qərarına münasibət bildirərkən deyib ki, bu, ya uğursuz interpretasiya, ya da uğursuz zarafatdır:
“Mən Azərbaycana ümumbəşəri normalara sadiq, sivil dövlət kimi baxıram. Şübhə edirəm ki, hansısa ölkənin rəhbərliyi mülki təyyarələrin qəsdən vurulması barədə əmr verər. Bizim tariximizdə belə şeylər olub, biz hamımız Uzaq Şərqdəki faciəni və dünya ictimaiyyətinin buna reaksiyasını xatırlayırıq. Mən hesab etmirəm ki, bu gün hansısa dövlət mülki təyyarəni məhv etməyə çalışar. Ona görə də bu informasiyanı ciddi qəbul etmirəm”.
Türkiyənin Azərbaycan səfiri isə bildirib ki: hava məkanı hər ölkənin milli suverenlik məkanıdır, ortada işğal faktı var, diqqəti başqa istiqamətə yönəldəcək addımlaı düzgün sayıla bilməz. “Hər şeydən öncə ortada Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə bağlı problem var. Bu baxımdan da diqqətləri başqa yönə çəkəcək hərəkətləri heç bir şəkildə düzgün qəbul etmirəm”. Türkiyənin Azərbaycan səfiri İsmayıl Alper Çoşkun Ermənistanın Xocalı aeroportundan uçuşlara başlayacağı barədə xəbərləri APA-ya belə şərh edib.
O ölkəsinin xarici işlər naziri Əhməd Davudoğlunun bu məsələ ilə bağlı rəsmi açıqlama verdiyini xatırladıb. Azərbaycan Nazirlər Kabinetinin də ölkənin hava məkanını icazəsiz pozacaq istənilən təyyarənin vurulacağı barədə qərarına münasibət bildirən səfir qeyd edib ki, hava məkanı da hər bir ölkələrin milli suverenlik məkanıdır:
“Onun istifadəsi də beynəlxalq şəkildə qəbul edilmiş müəyyən qanunlarla tənzimlənir. Həmçinin hava məkanının qorunması ilə bağlı addımlar da bu qanunlarda göstərilir. Azərbaycan tərəfi də verdiyi bu açıqlamalarla bu qanunların ona verdiyi hüquqa əsaslanır”.