Ermənilər hay-küy salıb, sonra çıxıb gediblər
Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu Beynəlxalq Ziyarətçilər Şurası (International Visitors Council) tərəfindən iyulun 25-də Azərbaycana həsr olunmuş geniş tədbir insidentsiz ötüşməyib. İştirak edən ermənilər hay-küy salıb, sonra çıxıb gediblər. Azərbaycanın Los Anceles Baş Konsulluğunun yaydığı məlumata görə, tədbir Levantayn Mədəniyyət Mərkəzində baş tutub.
Vətəndaş diplomatiyası sahəsində ixtisaslaşan Los Anceles Beynəlxalq Ziyarətçilər Şurası ABŞ Dövlət Departmentinin xəttilə dünyanın müxtəlif ölkələrindən Los Ancelesə qısamüdətli ixtisasartırma kurslarına gələn peşəkarlara evsahibliyi edir.
Tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev Azərbaycanın tarixi, müstəqil dövlət kimi inkişafı, neft strategiyası, ABŞ, Avropa, İsrail və qonşu dövlətlər ilə münasibətləri və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə iştirakçılara ətraflı məlumat vermişdir. Ermənistanın işğalçılıq siyasəti barədə danışan diplomat bildirmişdir ki, bu qanunsuz hərbi işğal həm beynəlxalq hüququn, həm də fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır. O qeyd etmişdir ki, Ermənistan rəhbərliyinin siyasəti nəinki bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına mane olur, həmçinin erməni xalqının gələcəyini böyük sual altında qoyur, ölkəni bundan da böyük fəlakətlərə sürükləyir. Ermənistan əhalisinin son 22 il ərzində 1 milyon azaldığını və son beynəlxalq rəy sorğusuna görə ölkə əhalisinin az qala yarısının Ermənistanı daimi olaraq tərk etmək arzusunda olduğunu bildirən baş konsul bunun təsadüfi olmadığını, Ermənistan hökumətinin yarıtmaz siyasətinin birbaşa nəticəsi olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə iştirak edən radikal erməni təşkilatlarının bir sıra nümayəndələri səs-küy salaraq tədbiri pozmağa çalışsalar da, iştirakçıların kəskin etirazı ilə üzləşərək rüsvayçı şəkildə tədbiri tərk etməyə məcbur olmuşlar.
Gecə azərbaycanlı xanəndə Şəhla Saruxan tərəfindən Azərbaycan mahnılarının ifası ilə yekunlaşmışdır. İfa iştirakçıların sürəkli alqışları ilə qarşılanmışdır.