Ermənilər “dilənçi büdcəsi”ndən qəzəbləniblər: son ümidlər qırılır…
Gömrük İttifaqına qoşulmaqla Ermənistan gömrük rüsumlarından üç qat itirəcək.
Bu barədə noyabrın 14-də Levon Ter-Petrosyanın prezidentliyi dövründə baş nazir olmuş, deputat Hrant Baqratyan 2014-cü ilin büdcə layihəsinin parlament müzakirəsi zamanı bəyan edib. “Əgər Ermənistan Gömrük İttifaqına qoşulmağa qərar veribsə, o Avropadakından 3 qat artıq idxal gömrük rüsumu tətbiq etməli olacaq”, deyə Baqratyan qeyd edib.
Belə ki, Dünya Bankının məlumatına görə, 2011-ci ildə Rusiyada xammala tətbiq edilən idxal gömrük rüsumu orta hesabla 6,97 faiz təşkil etdiyi halda, Avropa Birliyi ölkələrində bu göstərici cəmi 1,24 faiz olub. Ermənistanda 2008-ci ildə (sonrakı illərin göstəriciləri məlum deyil) bu göstərici 3,48 faiz təşkil edib. Beləliklə, Ermənistan Gömrük İttifaqına qoşulmaqla idxal mallarına tətbiq ediləcək tariflər, yəni əmtəə qiymətləri xeyli yüksələcək. Avropa Birliyi ilə vahid ticarət məkanına qoşulacağı təqdirdə isə bu baş verməyəcəkdi.
“Gömrük rüsumlarının dərəcələrinin dəyişəcəyini nəzərə almaqla, Ermənistanda gəlirlərdə əhəmiyyətli dərəcədə dəyişikliklər baş verəcək. Gözlənilən dəyişikliklər təqdim olunmuş büdcə layihəsində yer almayıb. Bu baxımdan, büdcə hesablanarkən ölkənin Gömrük İttifaqına qoşulmasının nəzərə alınması daha məqsədəuyğun olardı”, deyə Baqratyan vurğulayıb.
Ermənistanın “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postandjyan da parlamentdə 2014-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı bəyan edib ki, Ermənistan Gömrük İttifaqına üzv olmaq qərarı verdikdən sonra Avropa Birliyinin donor konfransını İrəvanda keçirmək imkanını əldən qaçırıb.
Zarui Postandjyan 2014-cü ilin dövlət büdcəsini “dilənçi büdcəsi” adlandıraraq qeyd edib ki, o Ermənistan əhalisinin layiqli yaşayışa olan son ümidlərini qırır.
“Planlaşdırılan iqtisadi göstəricilərin heç biri icra olunmur. Hökumət bu cür məsələləri heç fikrinə belə gətirmir. Əgər siz bunu gələcəkdə də etmək niyyətində deyilsinizsə, onda biz sizi əvəz edib, bunu sizin əvəzinizə edərik”, deyə Zarui Postandjyan vurğulayıb və müzakirəyə çıxarılan büdcə layihəsinin əleyhinə səs verəcəyini qeyd edib.