Ermənilər bütün Kaliforniyanı barmaqlarına dolayıblar
Erməni mətbuatının sevinclə yaydığı məlumata əsasən, Kaliforniyada yerləşən cırtdan Hayland şəhərinin Şurası iki bəyanat qəbul edibr: birinci bəyanat qondarma «Dağlıq Qarabağın müstəqilliyinin tanınması», ikinci bəyanat isə «Dağlıq Qarabağın Berdzor şəhəri ilə qardaşlaşmış şəhərlər əlaqələrinin təsis olunması» barədədir.
Azərbaycanın Los Anceles Baş Konsulluğundan bildirilir ki, Konsulluq Şəhər Şurasının hər bir üzvünə bununla bağlı etiraz məktubu göndərib. Məktubda aşağıdakı faktlar Şura üzvlərinin diqqətinə çatdırılıb:
«Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz hissəsidir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri beynəlxalq birliyin bütün üzvləri tərəfindən tanınıb. Üstəlik, ABŞ dəfələrlə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığını bildirib. «Dağlıq Qarabağ Respublikası» adlanan bu qondarma qurum azərbaycanlılara qarşı qətliam və etnik təmizləmə həyata keçirilən qanunsuz hərbi işğal nəticəsində yaradılıb. Bu, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında qurulmuş oyuncaq rejimdir.
1991-94-cü illərdə Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 800 mindən çox azərbaycanlını öz yurd-yuvalarından məcburi şəkildə didərgin salıb. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü bir daha öz təsdiqini tapıb, Ermənistanın işğalçı qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb olunub. Dağlıq Qarabağdakı bu qanunsuz rejim Ermənistan da daxil omaqla dünyanın heç bir ölkəsi tərəfindən tanınmayıb».
Daha sonra məktubda deyilir: «Berdzor şəhəri ilə qardaşlaşmış şəhərlər əlaqəsi»nə gəlincə, Azərbaycanda belə bir adda şəhər yoxdur. Bu, 1992-ci ilin may ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Laçın şəhərinə qoyulan qondarma addır. İşğal nəticəsində Laçının 65 mindən çox azərbaycanlı sakini didərgin düşüb. İşğal zamanı minlərlə mülki azərbaycanlı həlak olub. Ermənistan ordusu Laçının yüzlərlə yaşayış yerlərini, tarixi abidələrini və mədəniyyət ocaqlarını qarət edib, dağıdıb».
Yuxarıda qeyd olunan faktları nəzərə alaraq, Baş Konsulluq Şura üzvlərini ABŞ Konstitusiyasını pozan (çünki xarici siyasət federal məsələdir və federal hökumət «DQR»-i tanımır), eyni zamanda, Azərbaycan ilə ABŞ arasındakı güclü və uğurlu tərəfdaşlığa zidd olan bu qərəzli bəyanatları təcili olaraq ləğv etməyə çağırıb.
Qeyd etmək lazımdır ki, bu, «Vaşinqton Post» qəzetinin redaksiyası tərəfindən «özünəməxsus ziyanverici lobbi» olaraq adlandırılan erməni lobbisinin Kaliforniyanın yerli qurumlarını belə gülünc bəyanatlar qəbul etməyə vadar edən ikinci cəhdidir. İlk belə cəhd bu ilin aprel ayında olub. Belə ki, erməni lobbisinin təsiri altında Fresno Vilayətinin Nəzarətçilər Şurası oxşar sənəd qəbul edib. Ancaq Azərbaycan Baş Konsulluğu tərəfindən kəskin etiraz bildirildikdən sonra Nəzarətçilər Şurasının sədri Henri Perea yerli «Fresno Bee» qəzetinə müsahibə verərək, bu manipulasiya ilə bağlı hiddətini ifadə edib və deyib: «Yerli özünüidarəetmə orqanları öz sərhədlərindən uzaqlarda yerləşən siyasi məsələlərə qarışanda, özlərini çox pis vəziyyətdə qoyurlar. Həmçinin xarici siyasətlə məşğul olmaq şəhər və vilayətlər üçün münasib məşğuliyyət sayılmır. Növbəti addım nə olsun? Bəlkə başqa dövlətlərə müharibə elan edək? Bu məsələ ilə bağlı mövqeyimizi yenidən nəzərdən keçirməliyik».
Qeyd olunanları nəzərə alaraq, Baş Konsulluq Kaliforniyadakı yerli özünüidarəetmə orqanlarını erməni lobbisinin onlardan öz etnosentrik məqsədləri naminə ABŞ-ın xarici siyasətinin və milli maraqlarının əksinə olaraq sui-istifadə etməsi cəhdlərinə qarşı diqqətli olmağa çağırıb.