Ermənilər Aureliya Qriqoriunun evində də rahat buraxmırlar
Əli uzun olan və azı 120 illik terror təcrübəsi olan ermənilər Aureliya Qriqoriunun evində də rahat buraxmırlar. Erməni diaspora nümayəndələrinin Moldovanın insan hüquqları üzrə müvəkkili Aureliya Qriqoriunun ünvanına təhdidləri davam edir. GUAM üzrə «Dostumuz və müttəfiqimiz» Moldova hakimiyyət orqanları onu müdafiə edə bilmir və ya müdafiə etmək istəmirlər. Ya da erməni dələduzların qarşısında aciz durumdadırlar.
Bu acınacaqlı durum barədə APA-ya açıqlama verən Aureliya Qriqoriu bildirib ki, onun bu ilin iyulun 4-də İrəvanda etdiyi çıxışından sonra Rışkan kəndinin pretoru (meri) və Rışkan polis komissarlığı onun ləyaqətinin və parlament vəkili nüfuzunun alçaldılması, psixoloji təzyiq göstərilməsi üçün müəyyən addımlar atıblar.
A. Qriqoriunun sözlərinə görə, Rışkan kəndin pretoru tərəfindən ona yaşadığı evin dezinfeksiya edilməsi tələbi ilə məktub göndərilib: “Mən pretora rəsmi cavab göndərdikdən sonra komissariat tərəfindən konkret tədbirlər görülməyə başlanıb. İyulun 31-də mülki geyimdə olan bir naməlum kişi qapımızı döyərək, evə daxil olmaq istəyib. Anam buna yol verməyib, bu zaman həmin kişi sərt şəkildə bildirib ki, qapımızı sındıracaq. Anam mənə zəng vuracağını dedikdən sonra həmin naməlum şəxs evin telefon xətlərini kəsərək gedib”.
A. Qriqoriu avqustun 1-də bacısı Viktoriya Qriqoriu bu hadisə ilə bağlı Mixail Vasluyan adlı ərazi müfəttişinə müraciət edib: “Vasluyan bildirib ki, mən İrəvanda toxunduğum mövzuya görə cavab verəcəyəm. Deyib ki, Aureliya heç bir addım ata bilməz, çünki o, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını və televiziya işçilərini evimizə çağıracaq. Ondan soruşanda ki, hansı əsaslara görə belə bir addım atılır, müfəttiş bildirib ki, həmin evin sakinlərinin müraciəti var. Guya anamı atmışam, ona baxmıram, ac qalır. Vasluyan bu tədbirlərin mənə qarşı hakimiyyət tərəfindən başlanan məqsədyönlü aksiya olduğunu gizlətmir”.
Moldovalı ombudsman əlavə edib ki, o pretor, polis komissarı və ərazi müfəttişinin addımlarını — təqib, parlament vəkilinin işinə qarışmaq, səlahiyyətləri aşmaq, sui-istifadə, insan haqlarının pozulması kimi dəyərləndirir: “Bununla bağlı mən Moldova Respublikasının Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edərək, həmin şəxslərin Cinayət Məcəlləsinin 328-ci maddəsi üzrə (səlahiyyətlərin aşması və sui-istifadəsi) məsuliyyətə cəlb edilməsini tələb etdim”.