Erməni mayor ağır yara alıb, polkovnik sivişib aradan çıxa bilib
Hadisə cəbhənin Qazax rayonu istiqamətində qeydə alınıb: mayor ağır yaralanıb, aalay komandiri, polkovnik Harut Minasyan isə onu ataraq ziqzaq yazıb və sivişib aradan çıxa bilib. Avqustun 6-da gecə saatlarında cəbhə xəttinin Berd-Qazax sahəsində baş vermiş qarşılıqlı atışmada Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun zabiti vurulub.
Hərbi qaynaqlara istinadən, avqustun 6-sı saat 00:50-də baş vermiş atışma zamanı Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində düşmən ordunun tabor komandiri, mayor Avelyan Armen Saroyeviç ağır yaralanıb. Bu istiqamətdə cəbhənin müdafiəsinə məsuliyyət daşıyan alayın komandiri, polkovnik Harut Minasyan da həmin vaxt onunla bir yerdə olub. Minasyan atışma vaxtı ərazidən qaçmaqla xilas ola bilib. Tabor komandiri A. Avelyan isə yaralı halda təhlükəli ərazidən uzaqlaşmağı bacarıb.
Durumu ağır olan Avelyan əvvəlcə Berd rayon hərbi hospitalına, oradan isə İrəvan Mərkəzi Hərbi Hospitalına aparılıb. Əldə olunmuş məlumatlara əsasən, tabor komandirinin döş qəfəsindən, qıç və qollarından güllə yarası aldığı deyilir. Əməliyyat zamanı mayorun sağ əlinin barmaqları da amputasiya olunub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Döyüş postlarındakı əsgərlər isə hərbi hissə komandiri Minasyanın yaralı zabiti ataraq ərazidən qaçdığını istehza ilə bir-birinə ötürürlər. Bu hərəkətinə görə onun barəsində nalayiq ifadələr işlədilir.
Ermənistan MN isə mayorun yaralanması faktının bu günədək ictimaiyyətdən gizlədib, qeyd olunan tarixdə cəbhə xəttinin sözügedən istiqamətində yalnız Armenak Ayvazyan adlı hərbçinin yaralanması barədə məlumat yayıb.
Ümumilikdə, avqustun 2-dən 8-dək cəbhə xəttində Azərbaycan snayperləri tərəfindən Ermənistan Ordusunun 3 hərbçisi öldürülüb, 3 hərbçi yaralanıb. İkisi UAZ və 1-i URAL markalı olmaqla 3 nəqliyyat vasitəsi sıradan çıxarılıb.

