Ərini baltalayıb evin zirzəmisində basdırmışdı
Ərini xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Sabirabad rayon sakini Gülbəniz Ələkbərovanın cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Sabirabad rayon sakini Zeynal Ələkbərovun itkin düşməsi barədə polisə ötən il avqustun 3-də məlumat verilib. Aparılan araşdırmalar zamanı onun 2011-ci il yanvarın 16-da qardaşı Əlibaxış (2011-ci ilin aprel ayında öz əcəli ilə ölüb) və arvadı Gülbəniz Ələkbərova tərəfindən öldürülərək Suqovuşan kəndindəki evinin zirzəmisində basdırılması müəyyən edilib. Gülbəniz Ələkbərova Sabirabad rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.
Istintaq müəyyən edib ki, 2011-ci ilin yanvarında Zeynal Ələkbərov Qazaxıstanın Aktau şəhərindən qayıdıb. Orada xırda ticarətlə məşğul olan Zeynal Ələkbərovun qayıdışı ağır cinayətə səbəb olub.
Zeynal Ələkbərov həyat yoldaşı Gülbəniz Ələkbərova tərəfindən baltalanaraq qətlə yetirilib. O, ərini qətlə yetirəndən sonra meyiti bir neçə hissəyə bölüb və daha sonra sellofana bükərək evin zirzəmisində basdırıb…
Bu qətl hadisəsindən bir neçə ay sonra Zeynal Ələkbərovun kiçik qardaşı Əlibaxış qəfildən vəfat edib. Gülbəniz Ələkbərova qaynının hüzn mərasimində iştirak etsə də, Zeynalın olmaması qohumlar arasında narahatlığa səbəb olub. Buna görə də hər kəs Zeynalın cavan qardaşının yas mərasiminə gəlmədiyinin səbəbi ilə maraqlanıb.
Lakin Gülbəniz ərinin yas mərasiminə gələ bilməməsinə belə cavablandırıb ki, əri imkansızlıqdan hüzrdə iştirak edə bilməyib. Əlibaxışın “40” mərasimindən sonra qohumlar yenə də Zeynalla maraqlansalar da, Gülbəniz deyir ki, bir dəfə zəng edib, qardaşının yasına gəlmədiyi üçün xəcalətlidir, ona görə də, bacı və qardaşlarına zəng etməyə utanır.
Bu qətl olayından 1 il 4 ay keçəndən sonra, 2012-ci ilin aprelində Zeynal Ələkbərovun bacısı Səfiyyə qardaşını xəbər alır. Gülbəniz yenə də ərinin imkanı olmadığını və qardaşının ilinə də gələ bilməyəcəyini deyib. Bacı qardaşının Qazaxıstanda olan nömərəsini istəsə də, Gülbəniz bəhanə gətirərək vermir. Səfiyyə bundan sonra qohumlarına qardaşı barədə polisə xəbər vermək qərarına gəldiyini bildirib.
Bundan sonra Zeynal Ələkbərov barəsində Sabirabad rayon Polis Şöbəsinə şikayət olunub. Şikayət əsasında araşdırma aparılıb və Zeynalın 2011-ci ilin yanvarında Qazaxıstandan Azərbaycana gəldiyini və geri qayıtmadığı məlum olub.
Aparılan araşdırmalar nəticəsinsə Zeynal Ələkbərovun həyat yoldaşı Gülbəniz istintaqa dəvət edilib. Onunla aparılan sorğu-sual nəticəsində dəhşətli cinayətin üstü açılıb. Gülbəniz Ələkbərova ərini qətlə yetirdiyini və evlərinin zirzəmisində basdırdığını etiraf edib. Gülbəniz Ələkbərovanın etirafından sonra Zeynal Ələkbərovun meyiti basdırıldığı evin zirzəmisindən çıxarılıb.
Gülbəniz Ələkbərova ifadəsində hadisənin təfərrüatlarının da açıqlayıb. O, deyib ki, əri Qazaxıstanda olan zaman mərhum qaynı Əlibaxışla münasibətdə olub. Onun sözlərinə görə, əri Qazaxıstandan qayıdanda qardaşı Əlibaxışın həyat yoldaşı Gülbənizlə münasibəti olduğunun şahidi olub: “Bu zaman hər iki qardaş arasında dava düşdü. Məndə balta ilə ərimi qətlə yetirdim”.
Gülbəniz Ələkbərova daha sonra ifadəsində qeyd edib ki, ərinin qətlində günahkar özüdür. Onun sözlərinə görə, ərini balta ilə özü qətlə yetyirib. Onun ifadəsinə görə, ərinin qətlində qaynı Əlibaxışın günahı olmayıb…
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Gülbəniz Ələkbərovanı 13 il 6 ay müddətinə azadlıqdan məhrum etdi.