Ərəblər Sultanovu hələ ki sərbəst buraxıblar
Azərbaycan XİN: Cavadağa Sultanov səhhəti ilə əlaqədar başqa yerə getməmək şərtilə azadlığa buraxılıb. Həyat yoldaşı Azərbaycanın Əbu Dabi səfirliyinə Cavadağa Sultanovun şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkməsi barədə sənədlər təqdim edib. XİN mətbuat katibi Elman Abdullayev bildirib ki, Cavadağa Sultanovun həyat yoldaşı dəfələrlə Azərbaycanın Əbu Dabi səfirliyinə müraciət edərək, onun səhhətinin pisləşdiyini deyib:
“O, səfirliyə Cavadağa Sultanovun şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkməsi barədə sənədlər təqdim edib. Bununla əlaqədar Azərbaycanın Əbu Dabidəki səfirliyi saxlanılan şəxsə zəruri konsul və hüquqi xidmət göstərib, BƏƏ-nin Ədliyyə Departamentinə müraciət edərək Cavadağa Sultanovu məhkəməyə qədər başqa yerə getməmək barədə iltizamla buraxmağı xahiş edib”.
İstintaqın davam etdiyini deyən Abdullayev qeyd edib ki, Sultanov BƏƏ-ni tərk etməmək barədə öhdəlik götürərək azadlığa buraxılıb.
Bilindiyi kimi, Bakı Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov noyabrın 6-da Şarja polisi tərəfindən saxlanıb. O, fırıldaqçılıqda və külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham edilir. Polis polkovniki Cavadağa Sultanov çoxsaylı qətllərdə günahlandırılan Hacı Məmmədovun işi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq Daxili İşlər Nazirinin 23 mart 2005-ci il tarixli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. O Hacı Məmmədovun cinayət işində şahid qismində dindirilib, məhkəmədəki ifadələri qalmaqalla müşahidə edilib.
Cavadağa Sultanov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi də işləyib.