Muəllif:

Ərəb payızı

Misir ordusu hakimiyyəti ələ aldığını elan edər-etməz prezident Məhəmməd Mursi tərəfdardarlarına səslənərək vəzifəsindən getmək fikrində olmadığını bildirdi və onları çevriliş edən orduya qarşı itaətsizliyə çağırdı və Təhrirə toplaşan əleyhdarlarıyla Adeviye meydanında kükrəyən tərəfdarlarını qarşı-qarşıya qoydu. Misir vətəndaş savaşı astanasındadır. Beləliklə, «ərəb baharı» rüzgarıyla hakimiyyətə gələn Məhəmməd Mursi elə xalq etirazları dalğasıyla da vəzifə kürsüsündən süpürülməkdədir. Əslində, bu bir hərbi çevrilişdir, amma ordu, millət ayağa qalxmasaydı, heç bir şey edə bilməzdi. Hər bir bahar əvvəl-axır yerini payıza verir, sadəcə, payıza hazır olmaq lazımdır.
Bu gün Frensis Skot Fitsjeraldın «Möhtəşəm Getsbi»sini bir daha oxuyub bitirdim. Nə vaxtsa oxuduğum əsərləri yenidən vərəqləyərkən onlarda fikir vermədiyim bir çox maraqlı məqamları aşkarlayıram. Bu dəfə də belə oldu. Personajların birinin həyatıyla bağlı söylədiyi adi bir fikir mənə tək bir Misirdə deyil, elə indi olduğum Türkiyə və Azərbaycanda da baş verənlərin tərifini verir — naşı sürücü yalnız digər naşı ilə qarşılaşanadək təhlükəsizlikdə ola bilər. Misirdə, deyəsən, artıq naşılar bir-birini tapıb.
«Ərəb baharı»nı dünyagörüşündən asılı olaraq hərə bir cür yozur. Məncə isə, bu bir ictimai-siyasi formasiya dəyişikliyidir, amma təbii ki, həmin məvhumun klassik anlamında deyil. Bu halda söhbət həyat tərzlərinin toqquşmasından gedir. «Ərəb baharı»nın əsas kütləsini təşkil edən və bu prosesi doğuranlar əsasən Avropa ölkələrində təhsil almış, yaxud çalışmış və yaşamış gənc adamlardır. Onlar ya orada özlərinə iş tapa bilməyib vətənə dönənlər, ya da təhsil alandan sonra biliklərini ölkələrində tətbiq etmək həvəsiylə geriyə qayıdaraq nə öyrəndiklərinin, nə də özlərinin bir kimsəyə lazım olduqlarını anlayanlardır. Bu insanların nə hisslər keçirdiyini başa düşmək heç də çətin deyil. Onlar nə geriyə qayıda bilirlər, nə də doğma məmləkətlərindəki kiflənmiş, konservativ, dəyişmək, yenilənmək istəməyən cəmiyyətdə yaşaya, çünki artıq «balonda gəzməyin» ləzzətini görüblər. Və bu kütlə kritik həddə çatanda küçələrə tökülüşərək meydanları doldurdu. İstəklərinə çatdılar, amma baş verənləri, avtoritar ölkə başçılarının əsl yarpaq tökümü başlasa da, nədənsə bahar adlandırdılar. Hərçənd, Misirdəki hadisələr göstərir ki, uzunömürlü avtoritar rejimlər özlərindən sonra sistemli və konstruktiv müxalifət deyilə biləcək bir şey belə qoymurlar. Nəticədə həyatlarını yaxşılığa doğru dəyişmək istəyənlərin başına digər naşı və məhz bu keyfiyyətlərindən də irəli gələn yeni diktatorlar gəlir. Çünki onlar da həmin rejimin suyunu içiblər. Deyəcəksiniz ki, bəs bu inqilaba təkan verənlər nə üçün hakimiyyətə gəlmədilər? Cavab sadədir, çünki onlar ölkəni idarə etmək yox, ölkəni dəyişmək və öz istədikləri kimi sərbəst yaşaya biləcəkləri bir cəmiyyətdə olmaq istəyirlər.
Ərəb dünyasının, o cümlədən də daha yaxşı və təminatlı həyata can atan digər müsəlman ölkələrinin daha bir çətinliyi İslamdan irəli gələn doqmatizmdir. Şəxsən mən İslamı hər bir müsəlman üçün bir Konstitusiya və bunun məntiqi davamı kimi həyat tərzi bilirəm. Amma iş orasındadır ki, doğmalarla əbədi olaraq yaşamaq mümkün deyil. Hər bir şey mükəmməlləşdirildiyi, yeni şəraitə uyğunlaşdırıldığı kimi İslam da bir inanc və həyat fəlsəfəsi kimi inkişaf etdirilməlidir, əks halda müsəlman dünyası müasir çağırışlara cavab vermək və yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkəcək və elə öz daxilindəcə, onun dəyərlərinin daşıyıcıları olanların həyat tərzlərinin toqquşmalarına şahidlik edəcəkdir.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 163