Muəllif:

Ərdoğan həbsləri və Hakan Şükürün partiyanı tərk etməsini pisləyib

 Türkiyə mətbuatının çərşənbə axşamı gündəmini rüşvət iddiası üzrə həyata keçirilən həbslər zəbt edib.  Türkiyə mətbuatı dünən səhərdən başlayan əməliyyatlarda 37 nəfərin həbsə alındığını yazır. Həbs edilənlərin arasında daxili işlər naziri Müəmmər Gülərin. xarici iqtisadiyyat naziri Zəfər Çağlyanın oğulları, tanınmış iş adamları Rza Zərrabi və Əli Ağaoğlu da var.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu əməliyyatlar nəticəsində 37 nəfərin saxlanmasına münasibətini bildirib.
“Türkiyənin daxilində və xaricində bu ölkənin istiqaməti ilə oynamaq istəyən bir qrup qaranlıq dairələr bilsinlər ki, bunu bacarmazlar. Türkiyə üzərində əməliyyat aparılacaq bir ölkə deyil. AKP iqtidarı buna imkan verməz. Birilərinin topu-tüfəngi, hiyləsi varsa, bizim də Allahımız var. Arxasında mətbuat, sərmayə və xarici bağı olanlar Türkiyədə əməliyyat apara bilməz. Millət və bu iqtidar buna icazə verməz”, — Ərdoğan həbslərə münasibətini ifadə edib.

Türkiyə hüquq-mühafizə orqanları isə öz növbəsində bu şəxsləri təsadüfən həbs etmədiklərini, onların fəaliyyətlərini bir ildən artıq izləməkdə olduqlarını açıqlayıblar.

Bununla yanaşı Türkiyə futbolunun əfsanələrindən Hakan Şükür hakim AKP-ni tərk edib. O, yazılı açıqlamasında bu addımı atmasına səbəb kimi Türkiyənin ünlü din xadimlərindən Fətullah Gülən əfəndiyə bağlı “dərshanələr”in (ali məktəblərə hazırlıq kursları) bağlamasını göstərir. Daha maraqlısı budur ki, Hakan Şükürün ardınca AKP-dən daha 20 deputatın istefa edəcəyi gözlənilir.

Hakan Şükürün AKP-dən istefasını gözləmədiyini deyən Ərdoğan onu AKP-nin xəttilə deputat seçildiyi üçün deputatlıqdan da imtina etməyə çağırıb.

Son baş verən hadisələr rəsmi Ankaranın siyasətinə ölkənin hüquq-mühafizə orqanları daxilində üstünlük təşkil edən “nurçu”lardan ibarət ciddi müxalifətin  olduğunu göstərir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 138