Ərdəhandan Azərbaycana yol 2- 2,5 saata qət olunacaq
Türkiyə və Gürcüstan sərhədində yerləşən «Çıldır-Aktaş» nəzarət-buraxılış məntəqəsinin (NBM) istismara verilməsindən sonra Türkiyənin Ərdəhan vilayətindən Azərbaycana qədər qət ediləcək yolun müddəti 2-2,5 saat təşkil edəcək. Trend-in «Ardahan Haberleri» qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ərdəhan vilayətində səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül bildirib.
Gülün sözlərinə görə, NBM-in yenidən qurulması işləri 52 milyon lirəyə başa gəlib.
Prezident qeyd edib ki, «Çıldır-Aktaş» NBM-in açılması qarşılıqlı investisiyaların və Türkiyə ilə qonşu ölkələr arasında əmtəə dövriyyəsinin artmasınə gətirib çıxaracaq.
Bundan əlavə, Gül bildirib ki, Bakı-Tbilisi-Kars dəmiryolunun bir hissəsi Ərdəhandan keçəcək ki, bu layihənin reallaşdırılması vilayətdə də iqtisadi artıma səbəb olacaq.