Ərdəbilli rəssam Vədud Müəzzinin sərgi açılacaq
Noyabrın 22-dən-27-dək Bakıda Muzey Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, əslən İranın Ərdəbil şəhərindən olan rəssam Vədud Müəzzinin əsərlərinin sərgisi təşkil olunacaq. Bu barədə Trend-ə Vədud Müəzzin özü məlumat verib. Onun sözlərinə görə, sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunur.
Sərgidə müxtəlif mövzularda yağlı boya və pastel texniki üslubi ilə işlənmiş əsərlər, ulu öndər Heydər Əliyev, Məhəmməd Hüseyn Şəhriyar, Şah İsmayıl Xətai, Füzuli, Şəms Əttar, Habil Əliyev, Ağaxan Abdullayev kimi şəxsiyyətlərin portretləri, eləcə də Şahdağ və 1830-cu illərdə çəkilmiş fotolardan ilham alınaraq çəkilmiş köhnə Bakının rəsmlərindən ibarət 110 əsər nümayiş olunacaq. Həmçinin V.Müəzzinin əl işi olan 15-dən çox heykəltaraşlıq nümunəsinin fotoları da sərgilənəcək.
V.Müəzzin bildirib ki, indiyədək dünyanın bir çox yerlərində, o cümlədən İstanbul, Konya, Aşqabad, Düşənbə, Hamburq, Darmstadt, Los Anceles, Çiqaqo, San Fransisko, Vaşinqton, Nyu-York kimi böyük şəhərlərdə uğurlu sərgilər təşkil edib.