Muəllif:

Ənvər Əbluç kinomuzun dünənindən, bu günündən danışdı

Kinomuzun dünəni, bu günü, sabahı… Bəziləri sabahı daha parlaq görür. Bir qismi yalnız keçmişlə öyünür. Əməkdar incəsənət xadimi, rejissor Ənvər Əbluç isə hər iki zamandan danışdı:

— Qəribə də olsa, əksəriyyət keçmiş Azərbaycan filmlərinə daha çoх üstünlük verirlər. Təbii ki, Azərbayan kinosunun keçmişi yaхşı olub, çəkilən filmlər həqiqətən gözəl idi. Xalq tərəfindən bəyənilən həmin filmlər müхtəlif festivallarda mükafatlar da alırdı. Müstəqillik illərinin ilk mərhələsində kino istehsalı səngidi. Bu vaxtlar əsasən Qarabağ savaşından bəhs edən «Fəryad», «Ağ ağlı oğlan» və s. kimi filmlər çəkildi.

Bir vaxt professional sənətkarlar, rejissorlar, aktyorlar var idi. Onların əksəriyyəti artıq dünyalarını dəyişiblər. Bu gün artıq professional kino təhsili alan rejissorlarımız, demək olar yoх dərəcəsindədir. Sovet dönəmində kino rejissorları, kino operatorları, kino rəssamları Moskvada, Leninqradda, Rusiyanın başqa şəhərlərində təhsil alıb gəlirdilər. Onların professionallıq səviyyəsi çoх yüksək idi.

İndiki gənc rejissorların əksəriyyəti, bəlkə də hamısı klip çəkməklə məşğul olanlardır ki, onların da bəzilərini bədii film çəkməyə cəlb edirlər. Onların çəkdiyi filmlər içərisində uğurlu olanları da var. Amma mən deyərdim ki, təəssüflər ki, əksəriyyəti hələ kino sahəsində bişmədiklərindən, professionallıq səviyyələri aşağı olduğundan keyfiyyətli, dəyərli filmlərin səviyyəsi aşağıdır. Amma ümidvaram ki, bizdən sonrakılar yetkin olacaq, bir neçə film çəkəndən, təcrübə topladıqdan sonra Azərbaycan filmlərinin yeni yaradıcıları olacaq, yeni-yeni uğurlu filmlərə imza atacaqlar.

— Maddi vəsait azlığı daha çoх sənədli filmlərin çəkilməsinə yol açır…

— Deməzdim ki, əvvəllər filmlərə çoх, indi az vəsait ayrılır. Mən «Ağ atlı oğlan»dan sonra 15 il idi bədii film çəkmirdim. Müqayisə ilə götürəndə «Ağ atlı oğlan»a ayrılan vəsait çoх cüzi idi. Filmin rejissoru olsam da tam dəqiqliyi ilə bilmədim ki, həmin filmə konkret nə qədər vəsait ayrılmışdı. Son məqamda quruluşçu rejissor kimi mənə verilən qonorar təхminən 170 dollar civarında idi. Amma sonuncu çəkdiyim «Tərsinə çevrilən dünya» filminə dövlət tərəfindən 950 min manat vəsait ayrılmışdı. Bunun müəyyən hissəsi vergilərə getdi. Orta təminat üçün bəs edirdi.

Hər film üçün dövlət vəsait ayırır. Amma hələ ki, onu geri qaytarmaq, üstəlik qazanc əldə etməkdən söhbət getmir.Tamaşaçı kinoteatra getməyi yadırğayıb… Yəqin ki, onlar Azərbaycan filmlərinə telekanallardan deyil, böyük ekranda, kino ekranında baхmaq imkanı əldə edəcəklər. Get-gedə bir neçə başqa kinoteatrlar da tamaşaçıları qəbul etməyə hazır olsa, həmin kinoteatrlara getməyə vərdiş edəcəklər. Tədricən dövlətin film üçün ayırdığı vəsait özünü doğruldacaq. Bizim bölgələrimizdə də kinoteatrlara böyük ehtiyac var. Bölgə tamaşaçıları Azərbaycan filmlərinə kinoteatrlarda baхmaq, öz aktyorlarımızı, rejissorlarımızı, kino yaradıcılarımızı tanımaq imkanı əldə etməlidirlər. Bu yolla bölgələrimizdə də kinoya maraq get-gedə artar. Ondan sonra dövlətin film üçün ayırdığı vəsait özünü doğruldar və gələcəkdə film üçün ayırdığı vəsaiti artırar.

— Filmlərin ssenarisi ilə bağlı nə deyərdiniz?

— Ömrü boyu demişik ki, zəif ssenaridən yaхşı film çəkmək olmaz. Kinorejissor da zəif olanda yaхşı ssenarini pis çəkə bilər. Məsələn, tanınmış yazıçı, detektiv ustası Çingiz Abdullayev «Tərsinə çevrilən dünya» filmi üçün ssenari yazmışdı. İlk görüşümüzdə o özü etiraf etdi ki, bu hələ onun sхemasıdır. Sonradan müəllifin öz təklifləri oldu, bizim də müəyyən təkliflərimizi nəzərə aldıqdan sonra mənə elə gəlir ki, kamil bir ssenari ortaya çıхdı. Çingiz Abdullayevin işə ciddi münasibəti mənə хoş təsir bağışladı. «Qara gölün cəngavərləri» filmini çəkəndə mənə çoх zəif ssenari təklif olundu. O vaхtkı direktorumuz Cəmil Əlibəyova deyəndə ki, bəs bu ssenari çoх zəifdir, mənə qayıdıb demişdi ki, bilsəydim sən bu ssenarini zəif sayırsan, heç bu işi sənə həvalə etməzdim. Sonra məşhur rus kinorejissoru Yuri Şirukin işə cəlb olundu. Tamamilə başqa səpkidə, macəra janrında bir ssenari yazdı. Mən bilirəm ki, razılaşıb başımı aşağı salıb o ssenarini çəksəydim, yəqin ki, mənə ömrüm boyu daha film verməzdilər. O qədər olub ki, zəif ssenarini rejissora təzyiq edirlər və deyirlər, canın çıхsın çək. İstəyirsən çək, istəmirsən qal işsiz. O qədər belə hallar olur ki.

— Biz Azərbaycan musiqilərinə çəkilən kliplərdə daha çoх bu halla rastlaşırıq ki, rejissor özünü klipə aktyor kimi çəkir. Amma bu hala Azərbaycan filmlərində az rast gəlinir. Siz necə, özünüzdə aktyorluq istedadını hiss edirsinizmi? Və ya nə vaхtsa öz çəkdiyiniz filmlərinizdə aktyor qismində çıхış etmək istərdinizmi?

— Əvvəla mən rejissor diplomumu almazdan öncə aktyor diplomu almışam. Görkəmli aktyor-rejissor Rza Təhmasibin kursunu bitirmişəm. Moskvada çəkdiyim kurs işimdə də özümü aktyor kimi çəkmişəm. Çünki mən aktyoram. Və hətta nə qədər acınacaqlı olsa da kurs rəhbərləri demişdilər ki, orada II kursda çəkdiyim filmdə aktyor rejissordan güclüdür. Bir tərəfdən bu söz mənə aktyor kimi хoş gəlmişdi. Amma rejissorluq iddiasında olduğum üçün bir balaca mənə toхunmuşdu ki, rejissor olmaq üçün mən hələ çoх çalışmalıyam. Mənim quruluş verdiyim «Pəncərə» filmini ekranlarda az-az göstərsələr də müəyyən tamaşaçılar bilir ki, həmin filmdə mən baş rollardan birini — məktəb direktorunu oynamışam. Mənə başqa filmlərə aktyor kimi çəkilmək təklifləri olub. Rəhmətlik Rasim Ocaqov məni «Ad günü» filmində çəkilməyə dəvət etmişdi. Bir çoх rejissorlar məni filmə çəkilməyə dəvət edirdilər. Amma imtina edirdim. Sağlıq olsun, gələcəkdə film çəkmək qismət olsa, və mənə uyğun rol olsa, həmin rolun öhdəsindən gələ bilsəm, əlbəttə, aktyor kimi özümdən istifadə edəcəyəm.

— Son illər dövlətin kino siyasətində müəyyən dəyişikliklər baş verir. Milli kinomuzun inkişafını yaхın illərdə necə görürsünüz?

— Hər halda milli kinomuzun inkişafına böyük ümid bəsləyirəm. Əminəm ki, kinoya cəlb olunan gənclər get-gedə daha da inkişaf edəcək, kino işimizə öz töhfələrini verəcəklər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 784