Ən yaxşı məktəb, ən yaxşı müəllim
Bu müsabiqələr artıq 6-cı ildir keçirilir və buna böyük maraq var. TN-də «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələri üzrə Təşkilat Komitəsinin iclasında təhsil naziri, bu iki müsabiqə üzrə Təşkilat Komitəsinin sədri Misir Mərdanov təhsil müəssisələri və işçiləri arasında sağlam rəqabətə yol açan bu müsabiqələrin əhəmiyyətini vurğulayıb.
«Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinə 2012-ci ildə 151 məktəb sənəd təqdim edib. 2013-cü ildə isə 132 məktəb müraciət edib. Onlardan bəziləri əvvəlki müsabiqələrin qalibi olub.
Müsabiqədə 103 məktəbin müvafiq bal toplayaraq II mərhələyə buraxıldığını bildirən Misir Mərdanov onların ayrı-ayrı rayon və şəhərlər üzrə bölgüsünə diqqət çəkib. Nazir, həmçinin «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsi üzrə məktəb direktorlarının təqdimat mərhələsinin martın 1-dən başlanmasının nəzərdə tutulduğunu qeyd edib.
«Ən yaxşı müəllim» müsabiqəsinə 2012-ci ildə 464, bu il isə 481 müəllimin sənəd təqdim etdiyi, onlardan 477-nin sənədi ekspertizadan keçirilərək qiymətləndirilib. Onlardan 27 müəllim 2007-2008-ci dərs ilində «Ən yaxşı müəllim» müsabiqəsinin qalibi olublar.