Ən fərasətli — özbək İslam Kərimov, ən sadəlövh — puştun Həmid Karzai
Özbəkistan prezidenti İslam Kərimov Mərkəzi Asiyada ən fərasətli prezident kimi tanınıb. CA-NEWS saytında rəyi soruşulanların əksəriyyətinin fikri belədir. Səsvermədə 6,5 min nəfərdən çox insan iştirak edib. Onların yarısından çoxu – 3,3 min nəfər Kərimova səs verib. Respondentlər Nursultan Nazarbayevi ondan bir qədər az fərasətli lider hesab ediblər (onun nəticəsi 1,8 min səsə bərabərdir). Qırğızıstan prezidenti Almazbek Atambayev 828 səslə üçüncü yeri tutub. Səs verənlərin 10%-ə yaxını Tacikistan prezidenti Emomali Rahmona səs verib. Türkmənistan rəhbəri Qurbanqulu Berdımuhəmmədov 488 səslə beşinci yeri tutub. Rəyi soruşulanların fikrinə görə regionun ən sadəlövh lideri əfqan lideri Həmid Karzai seçilib.
Kərimov 1991-ci ilin dekabrından Özbəkistan prezidentidir. BMT-nin hesabladığı insan potensialının inkişafı reytinqində ölkə 2013-cü ildə 186 ölkə arasında 114-cü yeri tutub (bu göstərici həyat, savadlılıq, təhsil səviyyəsi və ölkə sakinlərinin uzunömrlülüyü nəzərə alınmaqla hesablanır). Hazırda Özbəkistanın bir neçə milyon vətəndaşı qazanc üçün xaricdədir.
Bu fonda Özbəkistanda müntəzəm olaraq ölkə sakinlərinin mütləq əksəriyyətinin iqtisadiyyat, insan hüquqlarının təmin edilməsi, əhalinin sosial müdafiəsi və azad iqtisadi fəaliyyət üçün şərait yaradılması sahəsində əldə edilmiş uğurlardan razı olması haqqında araşdırma nəticələri dərc olunur. 2013-cü il ölkədə “Rifah və çiçəklənmə” ili elan olunub.
Təxminən bu günlərdə bir çox KİV-lər Kərimovun böyük qızı Gülnarəni ölkədə hakimiyyətin ələ keçirilməsi cəhdində iştirakı ilə bağlı xoşagəlməz davranışına və fitnələrə görə döydüyü haqqında sensasiya dolu məlumat dərc edib.