Muəllif:

Əmanət faizləri düşdü, kredit faizləri də düşəcəkmi?

Mərkəz Bankı ölkədə bank kreditlərinin ucuzlaşacağını proqnozlaşdırır. Çünki bu il avqustun 1-dən etibarən Azərbaycanda qorunan əmanətlər üzrə faiz dərəcəsi 12%-dən 10%-ə endirilib. MB rəsmiləri bu qənaətdədir ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanan əmanətlərin maksimal faiz dərəcəsinin 10%-dək endirilməsi öz azaldıcı təsirini göstərəcək. Amma eyni zamanda vurğulanır ki, bir neçə amilin təsiri altında ölkədə bank kreditləri daha da ucuzlaşa bilər. Ölkədə nağdsız ödənişlər sisteminin inkişafı və nəticə etibarı ilə pul kütləsinin bank sektoruna axınının artması da öz növbəsində bankların sərəncamında olan maliyyə vəsaitlərini artıracaq. Bu da kreditlər üzrə faizlərin aşağı düşməsinə səbəb ola bilər.
Unibank İH sədr müavini Xalid Əsədov mətbuata açıqlamasında bildirib ki, qorunan əmanətlər üzrə faiz dərəcəsinin endirilməsi dolayı yolla kreditlərin faiz dərəcələrinin düşməsinə nisbətən təsir göstərəcəkdir. O deyir ki, kreditin dəyərinə təsir edən 3 faktor vardır. Bunlar cəlb edilən vəsaitin dəyəri, işlərin aparılması xərcləri və riskin dəyəridir: “Birinci makroiqtisadi faktordur. Əmanətlərin faiz dərəcəsi bazar tərəfindən diktə olunur. İkinci faktor — xərc siyasəti isə bankın özündən asılıdır, düzgün aparıldıqda işlərin maya dəyəri azalır. Kreditin faiz dərəcələrinin aşağı salınmasından danışırıqsa, burada əsas üçüncü faktor, yəni risklərin dəyəridir. Kreditlər üzrə faiz dərəcələrinin ciddi düşürülməsi risklərin azaldılması hesabına aparıla bilər”.
Bəs, görəsən, bu qərar bank sektoruna necə təsir göstərəcək? Bu addım vətəndaşların banklara qoyduğu əmənətlərin həcminin azalması ilə nəticələnə bilərmi?
Hazırda Azərbaycan banklarının kredit portfelində əmanətlərin payı təxminən 50 faiz təşkil edir. Bəzi banklarda bu göstərici daha yüksək yəni, 70 faizə qədər gəlib çıxır. Burdan bir nəticə çıxır ki, əmanətlərin faiz dərəcəsi kreditlərin faiz dərəcəsinə təsir göstərir. Çünki bank hansı faizlə əmanət cəlb edirsə, onun üzərinə yeni faiz tətbiq etməklə kredit şəkilində başqa müştəriyə təklif edir. Deməli, əmanət nə qədər baha olursa, həmin bankın verdiyi kredit də bir o qədər baha olur. Bir sözlə, bankların cəlb etdiyi vəsaitlərin maya dəyəri baha olduğundan bu əhaliyə verilən kreditlərə də təsir edir. Bu baxımdan əmanətlərin faiz dərəcəsinin aşağı düşməsi kreditləri ucuzlaşdıra bilər.
Məsələni şərh edən iqtisadçı-ekspert Samir Əliyev deyir ki, əgər sığortalanan əmanətlərin faiz dərəcəsinin aşağı salınması siyasəti bankların məcmu kapitalının minimum həddini 50 milyon manata qaldırılması ilə bağlı qərardan əvvəl verilmiş olsaydı, o zaman bank sektorunda daha effektli nəticələr əldə etmək mümkün olardı. Çünki bankların ucuz resurs cəlb etmək imkanlarının artırılmasında Mərkəzi Bankın da üzərinə böyük məsuliyyət düşür. Onun fikrincə, indiki dövrdə dövlət tərəfindən sığortalanan əmanətlərin faiz dərəcəsi aşağı salınması mərhələli şəkildə aparılmalıdır: «Artıq sığortalanma həddi 12 faizdən 10 faizə salındı. Amma mən bu prosesin sonrakı dövrlərdə 8 faizə və hətta inflyasiya səviyyəsindən asılı olaraq 6 faizə qədər endirilməsini təklif edirəm. Bu addım əmanətçiləri sığortalanan hədlərə üstünlük verməyə sövq edəcək və nəticədə əmanətlərin orta illik faiz dərəcəsi aşağı salınacaq. İllik 12 faizlə cəlb edilən əmanətlə 6 faizlə cəlb edilən əmanət arasında kifayət qədər enmə intervalı var».
İqtisadçı-ekspert Vüqar Bayramov isə Əmanətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə faizləri aşağı endirməsini müsbət qiymətləndirib. Onun fikrincə, bu, gecikmiş də olsa, müsbət addımdır.
Onun sözlərinə görə, sığortalanan əmanət faizlərinin yüksək olması bank kreditləri üzrə faiz dərəcələrini ağırlaşdıran əsas səbəblərdən biridir: «Hazırda kommersiya banklarının əksəriyyəti hələ də ucuz kampaniya apararaq əhaliyə 12 faizdən artıq faizlə əmanət yerləşdirməyi təklif edirlər. Bu isə sonradan vətəndaşlar üçün müəyyən problemlər yaradır. Biz bunu yüksək faizlə «Royal Bank»a əmanət yerləşdirən müştərilərin timsalında müşahidə etdik”.
O, eyni zamanda Mərkəzi Bankın kommersiya banklarına əmanətlər üzrə təklif etdikləri faiz dərəcələrini Əmanətlərin Sığortalanması Fondunun faiz dərəcəsinə uyğunlaşdırmalarını tövsiyə etməsini də vacib sayır: «Çünki fondun müəyyənləşdirdiyi faiz dərəcəsindən yüksək faizlər təklif edən kommersiya bankları müflis olduğu halda oradakı əmanətləri qaytarmaq mümkün olmayacaq».
İqtisadçı bildirir ki, monitorinqlər prosesin bu istiqamətə doğru getdiyini göstərir. Vüqar Bayramovun fikrincə, faizlər endirildikdən sonra daha çox əmanət cəlb etmək üçün kampaniya aparan kommersiya bankları öz faiz dərəcələrini fondun faiz dərəcələrinə uyğunlaşdırmazlarsa, həmin banklardakı əmanətlərin bir hissəsinin geri qaytarılma və ya batma riski artacaq. Beləliklə, Mərkəzi Bankın prosesə daha yaxından müdaxilə etməsinə ehtiyac yaranacaq.
Vüqar Bayramov həmçinin qeyd edib ki, son vaxtlar sığortalanmayan əmanətlərin həcmində artımların davam etməsinin narahatlıq doğurur: «Belə ki, son məlumatlara görə, fiziki şəxslərin əmanətləri 1 050 mln (28 faiz) artaraq 4 782 milyona çatıb və ümumi depozitlərin (maliyyə sektoru istisna olmaqla) 61 faizini təşkil edib. Fiziki şəxslərin əmanətlərinin (4,8 milyard manat) 36 faizini (1,7 milyard manat) qorunmayan əmanətlər, 64 faiz (3,1 milyard manat) isə qorunan əmanətlər təşkil edib. Bu isə o deməkdir ki, banklarda yerləşdirilən hər 100 manatdan 36 manatı qorunmur».
İqtisadçı qeyd edib ki, növbəti mərhələdə 8 faizə endirilməlidir:”Bu addım kreditlər üzrə faiz dərəcəsində enməni şərtləndirəcək. Amma əhəmiyyətli ucuzlaşmadan söhbət gedə bilməz. Ən yaxşı halda 2-3 faiz enmədən danışmaq olar. Daha çox ucuzlaşma üçün digər amillər həllini tapmalıdır. Əsas problem resurs azlığıdır. Bunu əmanətlər hesabına müəyyən dərəcədə örtsələr də, ümumilikdə ölkə iqtisadiyyatının daha çox kreditə ehtiyacı var. Cəlb edilmiş resursların dəyəri bahadır. Fondun yeni qərarı kreditlərin faizlərinin aşağı düşməsinə müəyyən qədər təsir göstərsə də, ciddi enmə baş verməyəcək. Ölkə iqtisadiyyatında riskin yüksək olması kredit faizlərinin yüksək həddə qalmasını şərtləndirir.
Növbəti mərhələdə kompensasiya məbləğini artırmaq lazımdır. Heç olmasa ilkin olaraq iki dəfə artırmaq olar”. Xatırladaq ki, fond bir əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsini dəyişməz, yəni 30 min manat səviyyəsində saxlayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 651