Əlyazmalar İnstitutu orta əsrlərə aid bir neçə mənbənin əlyazma surətini əldə edib
MEA Əlyazmalar İnstitutu orta əsrlər ədəbiyyat tarixinə aid bir neçə mənbənin əlyazma surətini əldə edib. İnstitutdan APA-ya verilən məlumata görə, farsca divanının surəti Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından əldə edilən Mürtəzaqulu Sultan Şamlu Səfəvi hökmdarı Şah Süley¬man taxta çıxarkən qorçubaşı, sonralar Qum şəhərinin hakimi təyin edilib.
Təxminən 1693-cü ildə vəfat edən müəllif şikəstə-nəstəliq xəttinin yaradıcısıdır: “Mürtəzaqulu Sultan şeirdə böyük mütəfəkkir Saib Təbrizinin davamçısı olub, bir-birinin şeirlərinə nəzirələr yazıblar. Saib «Səfinə» adlı cüngünə onun da şeirlərini daxil etmişdi. Divanın sonunda şairin anadilli şeirləri də var”.
Farsca divanı əldə edilən ikinci müəllif Nəşə Təbrizidir. Onun divanının əlyazma surəti İstanbulun Topqapı Sarayı Muzeyindən əldə edilib. Nadir şah Əfşarın hakimiyyəti dövründə yaşayıb-yaratmış Nəşə Təbrizi dövrünün görkəmli alim və sənətkarlarından, Saib Təbrizi ədəbi məktəbinin davamçılarından olub. Təxminən 1774-cü ildə vəfat edən müəllif Nadir şahın sifarişi ilə Nəcəf şəhərində Həzrət Əlinin qızıla tutulmuş məzar qübbəsinə Azərbaycan dilində bir maddeyi-tarix yazmışdı. Nəşə Təbrizi divanında da onun ana dilində şeirləri var.