Əlyazmalar İnstitutu Müctəhidzadənin əsərlərini əldə edib
MEA Əlyazmalar İnstitutu Qarabağ ədəbi mühitinin görkəmli nümayəndəsi, ictimai və din xadimi, 1910-cu ildə İstanbulda çapdan çıxmış «Riyazül-aşiqin» əsərinin müəllifi Məhəmməd ağa Müctəhidzadənin əsərlərinin əlyazmalarını, ona aid fotoları və bəzi sənədləri əldə edib. İnstitutun direktor əvəzi Paşa Əlioğlunun APA-ya verdiyi məlumata görə, materialları Müctəhidzadənin oğlu Hafiz Sədrzadə təqdim edib.
Əlioğlu qeyd edib ki, əlyazmaların içində şairin Azərbaycan və fars dilində şeirləri, 1918-ci ildə bolşevik-ermənilərin təcavüzü ilə bağlı Azərbaycanda cərəyan edən hadisələr, Məhəmməd ağanın bir heyətlə Türkiyəyə yardım üçün getməsi barədə xatirələri maraq doğurur: “Bir sənəddən məlum olur ki, Məhəmməd ağa Müctəhidzadə «Xalq xanəndələri və XIX əsr Azərbaycan musiqi alətləri» adlı əsər yazaraq 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən elmi-tədqiqat kabinetinin rəhbəri Bülbülə təhvil verib”.