Elşad Abdullayevdən yenə də intriqalı video
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin sosial şəbəkələrdə yeni və yenə də siyasi intriqalarla dolu videosu yayılıb. Elşad Abdullayev bu dəfə 1 saatlıq yeni video təqdim edir. Videoda sabiq rektorun MTN mayoru olmuş və oğurlanmış qardaşı Mahir Abdullayev, bandit qruplaşmaları, dövlət rəsmiləri, rüşvət faktlarından bəhs edilir.
Bu videoda sabiq rektorun Rövşanə adlı qadınla oğurlanmış qardaşı Mahir Abdullayevin qaytarılması barədə söhbəti, Rövşanə xanımın telefon danışıqları, Hacı Məmmədov, insan oğurluğu, bandit qruplaşmaları, biznesmen Arzu Kazimov, onun oğlu Zaur Kazımov, daxili işlər nazirinin keçmiş müavini, mərhum Zahid Dünyamalıyev və başqaları ilə bağlı intriqalı epizodlar yer alır.
Videoda Beynəlxalq Universitetin onun əlindən alınmasına cəhd, evinin alınması ilə bağlı söhbət də var. Videonun sonunda Elşad Abdullayev xəstəxanaların birində qardaşı, «Qurd Qapısı» restoranında zəhərlənən Eldəniz Abdullayevlə görüşür.
Artıq mətbuatda «Gülərgeyt» deyə hallandırılan bu serialın baş qəhrəmanlarından biri, sabiq deputat Gülər Əhmədovanın hüquq-mühafizə orqanlarının sərgilədiyi müəmmalı və anlaşılmaz tərəddüdlərdən sonra polis nəzarətində olduğunu Baş Prokurorluq təsdiqlədi. Baş Prokurorluq keçmiş deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs qətimkan tədbiri — polisin nəzarətinə verilmə ilə bağlı məsələyə aydınlıq gətirib. Bildirilir ki, Elşad Abdullayevin açıqladığı videogörüntülərlə bağlı qaldırılan cinayət işi üzrə təqsirləndirilən şəxs kimi istintaqa cəlb olunub. Videoyazıda E.Abdullayevin G.Əhmədova ilə söhbəti yer alıb. Söhbət zamanı birincinin 2005-ci il parlament seçkilərində deputat seçilməsi üçün rüşvətin məbləği müzakirə olunurdu.
Videogörüntü yayımlandıqdan sonra Bakı Şəhər Prokurorluğu CM 178.3.2 maddəsi (inamdan istifadə etmək yolu ilə başqasının iri məbləğdə əmlakını mənimsəməklə dələduzluq törətmək) ilə cinayət işi qaldırıb.
Turan-a istinadən, Baş Prokurorluq mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumatla bağlı ətraflı şərh verməyib. Onun sözlərinə görə, istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Öz növbəsində vəkil Xalid Bağırov həbs qətimkan tədbirinin — polisin nəzarətinə verilmə — mahiyyətini Turan-a açıqlayaraq bildirib ki, bu məsələ Cinayət Prosessual Məcəllənin 169-cu maddəsi ilə tənzimlənir. Bu, maddəyə görə, təqsirləndirilən şəxs mütəmadi olaraq polis nəzarətində olur, polis istənilən vaxt onu yoxlaya bilər. Eyni zamanda təqsirləndirilən şəxs müstəntiqin, prokurorun və ya hakimin icazəsi olmadan daimi yaşayış yerini dəyişə bilməz.
Bu arada Gülər Əhmədova mətbuata ürək və baş ağrılarından əziyyət çəkdiyini bildirmişdir. Bu qadının videolarda sərgilənən «sənədli-sübutlu» əməlləri ağır siyasi böhrana, toplumda ciddi müzakirələrə yol açmış, dünya mediasının diqqətini cəlb etmişdir. Onun həbsinə hazırlıq getdiyinə dair xəbərlər dolaşmaqdadır.