Elşad Abdullayev bu dəfə DİN-i hədəfə aldı
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Fransada olan sabiq rektoru Elşad Abdullayev daha bir video görüntü yayıb. Bu dəfə hədəfdə DİN-dir. Lakin DİN bu ciddi olay qarşısında hələlik şərh vermək istəmir.
APA-nın xəbərinə görə, Abdullayevin yaydığı video görüntü 2004-cü ilin noyabrında qeydə alınıb. Video görüntüdə DİN polkovniki Rasim İldırımzadə ilə Elşad Abdullayev arasında ikincinin qardaşı Mahir Abdullayevin itkin düşməsi və geri qaytarılması ilə bağlı danışıq gedir.
R.İldırımzadə 1 mln. dollar müqabilində qardaşını qaytarmağı ona vəd edir…
E.Abdullayevə qəti şəkildə deyir ki, qardaşınını azad buraxılması ilə bağlı başqa adamlarla danışıq aparmasın və ona bu cür təklif edənlərin heç birinə baş qoşmasın. O, Mahirin azad ediləcəyinə əminliklə zəmanət verir və özünün nüfuzlu əlaqələrinə toxunaraq deyib: «Bizim «krışamız» Ramil Usubov və Ramiz Mehdiyevdir».
R. İldırımzadə M. Abdullayevin Azərbaycanın qonşuluğundakı ölkələrdən birində olduğunu, sərbəst həyat tərzi sürdüyünü, bir neçə il ölkəyə gəlməsinin, yaxınları ilə əlaqə saxlamasının mümkünsüzlüyünü deyir. O bildirir ki, M. Abdullayevlə bağlı hadisə kriminal olay deyil, o oğurlanmayıb. Sadəcə, M. Abdullayev özü bir neçə il üzə çıxmaq, ölkəyə gəlmək istəmir və bununla bağlı özünün səbəbləri var. Amma E. Abdullayevin israrlarına baxmayaraq, R. İldırımzadə bu informasiyaları haradan əldə etdiyini, M. Abdullayevin harada olması, niyə ailəsi ilə əlaqə saxlamamasının səbəbi barədə məlumat vermir. O, bu sualların hamısına “özü gəlib sənə ətraflı danışacaq, sonra istəsən onu xaricə göndərərsən” deyə, cavab verir.
O, M. Abdullayevi ayın sonuna qədər (2004-cü il noyabr ayının sonu nəzərdə tutulur-red) geri qaytaracağını deyib, E. Abdullayevdən israrla qardaşını ondan istəməsini xahiş edir. R. İldırımzadə həm də dəfələrlə E. Abdullayevdən “son məqamda onu pərt vəziyyətdə qoymamağı” da xahiş edir.
Bu yeni yayılan video görüntüdəy fz sonra adı keçən Rasim İldırımzadənin qardaşı, Xətai rayon prokuroru Yusif İldırımzadənin səhhətinin pisləşdiyi, müalicə üçün xarici ölkələrdən birinə aparıldığı xəbəri yayıldı.
APA Y. İldırımzadənin telefonunu əldə edərək onunla əlaqə yaradıb. Uzun çağırışdan sonra telefon zənginə cavab verən Y. İldırımzadə APA-ya “Xaricdə — xəstəxanadayam” deyərək telefonu qapadıb.
R.İldırımzadənin reaksiyası belədir ki, «video montaj edilib». E.Abdullayevin vəkili
E.Məcidliyə görə, R.İldırımzadə cinayət məsuliyyətinə cəlb olunmalı, dediyi sözlərin hesabını verməlidir: “Bu videoların olması bu cür inkarçı və öz sözündən qaçanlara qarşı bizim əlimizi gücləndirir. Bu videolar Mahir Abdullayevin oğurluq cinayətini açmağa kömək edən hüquqi sənəddir. Rasim İldırımzadənin Elşad Abdullayevin ekstradisiyası ilə bağlı fikirləri isə sadəcə cəfəngiyyatdan ibarətdir. Bu videolar Mahir Abdullayevin oğurluq cinayətini açmağa kömək edən hüquqi sənəddir”.