Elnur Məmmədli reytinq siyahısında gerilədi
Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Samsunda keçirilən Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan yığmasının aparıcı üzvləri üçün yenə uğursuz alınıb. Doğrudur, təmsilçilərimizdən Türkiyədə finala yüksələn Elmar Qasımov (100 kq) irəliləyib. O, gümüş medal qazanmaqla, 27-ci pillədən 17-ci yerə yüksəlib. Elmarla eyni çəkidə mübarizə aparan Elxan Məmmədov və 66 kq çəki dərəcəsində qüvvəsini sınayan Nicat Şıxəlizadə da bir pillə qabağa gedib və hazırda müvafiq olaraq, 29-cu və 22-cü yerdədirlər.
Onlardan fərqli, Tərlan Kərimovla (66 kq), Kifayət Qasımova (57 kq) hərəyə 3, Elnur Məmmədli (81 kq) 2, İlqar Müşkiyevla (60 kq) Rüstəm Orucov (73 kq) isə hərəyə 1 pillə geriləyiblər. Onlar hazırda müvafiq olaraq, 21-ci, 18-ci, 23-cü, 14-cü və 20-ci yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.