Elmi tədqiqatların keyfiyyəti müəyyənləşəcək
Azərbaycan MEA elmi tədqiqatların keyfiyyətini müəyyənləşdirəcək. MEA müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Hacıyev «Trend»ə açıqlamasında bildirib ki, bununla bağlı informasiya texnologiyası işlənib hazırlanıb. Hazırda müvafiq məlumatlar toplanılır. Bu məlumatlar toplandıqdan sonra elmi tədqiqatların keyfiyyətinin müəyyənləşdirilməsinə başlanacaq. Elmi tədqiqatların keyfiyyətinin yoxlanması ilə MEA-da yaradılan xüsusi komissiya məşğul olacaq. Bu iş ölkədə, həyata keçirilən bütün elmi tədqiqatları əhatə edəcək. Dünyada bu prosesin aparıldığını deyən Hacıyev bunun çox mürəkkəb bir proses və elm üçün çox önəmli məsələ sayır: «Azərbaycanda elm dövlət tərəfindən maliyyələşdirilir. Ona görə də dövlət bilməlidir ki, elmdə hansı istiqamət inkişaf edir və hansı istiqamətə maraq necədir, Azərbaycanda hansı istiqamətlərdə keyfiyyətli işlər görülür?»
MM Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev onu da bildirib ki, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı»nın məzunları Azərbaycanda təhsil mühitinin dəyişməsinə səbəb olacaqlar.
Onun sözlərinə görə, Azərbaycanda ali təhsil səviyyəsinin qaldırılması üçün tələb olunan işlərin bir hissəsi artıq görülüb. Bu proqrama uyğun olaraq, bir necə min gənc xarici ölkənin ali məktəblərində təhsil alacaq. MM üzvü hesab edir ki, bir müddətdən sonra Azərbaycan gənclərinin təhsil almaq üçün xarici ölkələrə getməsi məsələsi öz həllini tapacaq. Onun sözlərinə görə, bu proqramın icrası nəticəsində Azərbaycanda təhsil mühitinin dəyişməsinə nail olunacaq. Sonda isə Azərbaycan gənclərinin ali təhsil almaq üçün xarici ölkələrə getməsinə ehtiyac qalmayacaq: «Həmin proqramın məzunları təhsil müddətlərini bitirdikdən, Azərbaycana döndükdən sonra burada mühit təbii ki, dəyişəcək. Bir müddətdən sonra bu məsələ artıq öz həllini tapa bilər. Ona görə də bir müddət dözümlü olmaq lazımdır ki, bu vaxt keçsin, həmin gənclər Azərbaycana gələrək aldıqları biliklərini, gördüklərini Azərbaycana gətirsinlər. Onda da təbii ki, gənclərin xarici ölkələrə getməsinə ehtiyac qalmayacaq. Ancaq şübhəsiz ki, hansısa şəxslər xaricə gedə bilərlər. Bu da normal haldır. Bütün ölkələrin təcrübəsinə nəzər saldıqda, bunu görmək olur».