Elmi qrantlar vergi və rüsumlardan azad edilə bilər
Dünyada elm üzrə qrantlar əksər vergilərdən azad olunur. Hətta qonşu Rusiyada da belə praktika tətbiq olunur. Azərbaycanda da bunu arzulayırlar. Odur ki, Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev hesab edir ki, yeni hazırlanan «Elm haqqında» qanun layihəsində elm sahəsi üzrə verilən qrantların vergi və rüsumlardan azadedilmə məsələsi də əksini tapmalıdır. Artıq bununla bağlı təkliflər təqdim edilib: «Bu məsələ hətta qanunda öz əksini tapmasa belə, müxtəlif dövlət qurumları səviyyəsində bunun həllinə nail olmaq lazımdır.
Babayev «Elm haqqında» qanun layihəsinə müəyyən müddət ərzində və 5 ildən çox olmamaqla sanballı elmi nəticələr əldə etməyən, səmərəsiz fəaliyyət göstərən və ya müflis elan edilən dövlət elmi müəssisələrin özəlləşdirilməyə açıq elan edilə bilməsi ilə bağlı məsələnin daxil edilməsinə də müsbət yanaşdığını söyləyib. O qeyd edib ki, müəyyən elm müəssisələrinin özəlləşdirilməsi elmi nəticələrin kommersiyalaşdırılması, onların gəlir gətirməsi üçün addım ola bilər.»Uğurlu elmi tədiqatları olmayan elmi müəssisələrin özəlləşdirilməsi təklifinə münasibətim müsbətdir. Ucdantutma deyil, müəyyən elmi müəssisələr özəlləşdirilsə, elmi nəticələrin kommersiyalaşdırılması, onların maliyyə gətirməsi məsələsində artıq addım ola bilər. Bu məsələyə də addım-addım getmək olar. Baxmaq olar ki, ilkin nəticələr nədir. Ondan sonra ümumi şəkildə dünya praktikasında istifadə olunan məsələlərə keçmək olar. Ümumilikdə «Elm haqqında» qanunun qəbulu ölkədə elm sahəsində çox müsbət dəyişikliklərə gətirib çıxarmalıdır».
Qanun layihəsində öz əksini tapmış digər məsələyə — elmi müəssisə və təşkilatların elmi fəaliyyətlə məşğul olması üçün lisenziya almasına gəldikdə, Babayev qeyd edib ki, bu məsələ hüquqi aspektlər üzərində həll olunmalıdır.
«Bundan sonra isə müəyyən fikir söyləmək olar. Bu cür qanunlar və konsepsiyalar hazırlanarkən dünya praktikasından istifadə olunur. Hesab edirəm ki, «Elm haqqında» qanun layihəsindəki müəyyən bəndlər elm sahəsndə vəziyyəti kökündən dəyişməyə qadir ola bilər».
Fondun icraçı direktoru bildirib ki, qanun layihəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər təşkilatlar öz gəlirlərinin bir faizini, Elmin İnkişafı Fondunun hesabına keçirməklə elmin inkişafının dəstəklənməsi üçün maliyyə vəsaitinin artmasına kömək edə bilərlər.
Azərbaycanda fəlsəfə doktorlarına minimum əməkhaqqının 3 misli, elmlər doktoruna isə 5 misli məbləğində əlavə maliyyə vəsaiti veriləcək. MM Elm və təhsil komitəsinin üzvü, MEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın bildirdiyinə görə, bu məsələ yaxın vaxtlarda müzakirəyə çıxan «Elm haqqında» qanunda öz əksini tapıb.
Layihədə elmin inkişafına xidmət edən bır çox maddələrin öz əksini tapdığını deyən Baxşəliyeva bildirib ki, «Elm günü»nün elan olunması, gənc alimlər üçün dövlət mükafatının təsis edilməsi, alimlərin sosial problemlərinin həlli bu kateqoriyadan olan insanların arzusu olub.
Baxşəliyevanın sözlərinə görə, MEA nizamnaməsinə əsasən, akademiyaya ölkədə elmi idarə edən mərkəzi orqan olmaq səlahiyyəti verilib. «Elm haqqında» qanun layihəsində isə bu yoxdur. Ona görə də qanun layihəsinə bu bənd də əlavə edilməlidir: «Qanun layihəsində isə qeyd edilib ki, MEA ölkədə əsas elmi müəssisəsidir. Biz maraqlıyıq ki, MEA öz statusunu, avtoritetini qoruyub saxlasın. Çünki hazırda bütün əlaqələndirmə şuraları, onların yaratdıqları problem şuraları Akademiya institutlarında cəmləşib».