Muəllif:

Elmi müəssisələr lisenziya almalı olacaqlar

Haqqında nə zamandan bəri söhbət gedən «Elm haqqında» qanun layihəsinin tezliklə MM Elm və təhsil komitəsində müzakirəyə çıxarılacağı bildirilir. Xeyli yeniliklər gözlənilir. Layihədə dövlətin bəzi elmi müəssisə və təşkilatlarının özəlləşdirməyə çıxarılması ilə bağlı maddə də var. Yəni, müəyyən müddət ərzində və 5 ildən çox olmamaqla sanballı elmi nəticələr əldə etməyən, səmərəsiz fəaliyyət göstərən və ya müflis elan edilən elmi müəssisələr özəlləşdirilməyə açıq elan edilə bilər.
Qanun qəbul olunandan sonra dövlət elmi müəssisə və təşkilatları yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elan oluna bilər. Eyni zamanda qeyd olunur ki, fundamental və strateji əhəmiyyətli elmi tədqiqatlar aparan dövlət elmi müəssisə və təşkilatları, eləcə də onların nəzdində fəaliyyət göstərən qurumlar özəlləşdirilə bilməz.
Strateji əhəmiyyətli dedikdə isə Azərbaycan xalqının özünəməxsusluğunun, milli və mənəvi dəyərlərinin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanşünaslıq sahəsində aparılan tədqiqatların reallaşdırılmasında iştirak edən elmi müəssisə və təşkilatlar nəzərdə tutulur.
Yeri gəlmişkən, layihədə elmi müəssisə və təşkilatların elmi fəaliyyətlə məşğul olması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq alması nəzərdə tutulur. Layihəyə görə, dövlət elmi müəssisə və təşkilatlara xüsusi razılıq müddətsiz veriləcək. Digər hüquqi və fiziki şəxslər tərəfindən təsis edilmiş elmi müəssisə və təşkilatlara isə xüsusi razılıq 5 il müddətinə veriləcək.
Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində elmi fəaliyyətlə məşğul olması üçün aldıqları xüsusi razılığın Azərbaycanda tanınması dövlətlərarası müqavilə ilə müəyyən ediləcək. Layihəyə görə, xüsusi razılığı olmayan elmi müəssisə və təşkilatların fəaliyyətinə yol verilmir. Onların verdikləri elmi dərəcə və adlar isə tanınmayacaq.
Elmi fəaliyyətin bəzi növlərinə xüsusi razılıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada xüsusi şərtlər əsasında verilə bilər. Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş hallarda bəzi elmi nəticələrə məxfilik qrifi qoymaq və məxfilik qrifinə əməl olunmasına nəzarət etmək, elmi fəaliyyətin bəzi növlərini sertifikatlaşdırmaq hüququna malikdir.
Qanun layihəsində qeyd edib ki, elmi müəssisə və təşkilatlar akkreditasiyadan keçəcəklər. Layihəyə görə, elmi müəssisə və təşkilatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət akkreditasiyasından keçəcəklər və onlara dövlət akkreditasiyası haqqında şəhadətnamə — sertifikat veriləcək.
Akkreditasiyanın məqsədi elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi tədqiqat müəssisəsinin maddi-texniki bazasının, infrastrukturunun, elmi proqramların, elmi-tədqiqat nəticələrinin, kadr potensialının, maliyyə resurslarının və s. qəbul olunmuş dövlət standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir. Elmi müəssisə və təşkilatlar beynəlxalq akkreditasiyadan da keçə bilərlər. Beynəlxalq akkreditasiya həmin müəssisələrin dünya elmi məkanında tanınması və reytinqinin yüksəldilməsi məqsədilə aparılır.
Nəzərdə tutulur ki, Elm Günü təsis olunsun. Elm sahəsinin və bu sahədə çalışan alimlərin, mühəndislərin, konstruktorların və digər işçilərin cəmiyyət həyatının inkişafında xüsusi rolunu və əhəmiyyətini nəzərə alaraq belə bir gün təsis olunacaq. Qeyd olunur ki, təsir gücünə malik olan, istinad indeksli jurnallarda dərc olunan hər bir elmi məqaləyə görə müəllifə minimum əməkhaqqının 10 misli həcmindən az olmamaq şərtilə qonorar veriləcək. Bu jurnalların siyahısı dövri mətbuatda dərc ediləcək və səlahiyyətli orqanların internet resurslarında yerləşdiriləcək.
Elmi fəaliyyətin və elmi işçilərin stimullaşdırılması ilə bağlı qanun layihəsində həmçinin qeyd olunur ki, elmin inkişafı, elmi tədqiqatların nəticəsi və səmərəliliyin yüksəldilməsi, milli elmi mərkəzlərin yaradılması, elmi biliklərin yayılması və tanıdılması, müasir gənclərin elmi fəaliyyətə daha fəal cəlb edilməsi məqsədilə müxtəlif maddi, mənəvi həvəsləndirmə vasitələrindən və mexanizmlərindən istifadə ediləcək.
Layihədə elmi işçilərin sosial müdafiəsi gücləndirilməsi də unudulmayıb. Layihəyə görə, MEA akademiklərinə və müxbir üzvlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə vəzifə maaşına əlavələr verilir.
Elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olmasından asılı olmayaraq, fəlsəfə və elmlər doktorlarına elmi dərəcəyə görə əlavələr müvafiq olaraq minimum əməkhaqqının 3 və 5 misli həcmindən az olmayaraq, sonrakı artımlar nəzərə alınmaqla ödənilir. AMEA-nın həqiqi və müxbir üzvlərinə yaşa görə əmək pensiyasının məbləği orta aylıq əməkhaqqının 80 faizi miqdarında, orta aylıq əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla təyin edilir.
AMEA-nın həqiqi və müxbir üzvü vəfat etdikdə onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə AMEA üzvlərinin orta aylıq əməkhaqqısının 80 faizi məbləğində pensiya müəyyən edilir.
25 il (qadınlar 20 il) və daha çox elmi fəaliyyətlə məşğul olan elmi işçilərə görə əmək pensiyası orta aylıq əməkhaqqının 80 faizi miqdarında, orta aylıq əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla təyin edilir. Onu da qeyd edək ki, MEA alimləri stimullaşdırmaq üçün dünyasını dəyişmiş böyük alimlərin adına mükafatlar təsis etmək niyyətindədir.
MEA prezidenti Akif Əlizadə bildirib ki, alimlərin əməkhaqları fərqlənməlidir. Onun sözlərinə görə, yaxşı işləyən alimləri stimullaşdırmaq, onlara əlavə maliyyə vəsaiti vermək lazımdır.
«Sovet dövründə alimlərə eyni məbləğdə əməkhaqqı verilirdi. Bu da bərabərləşdirmə məsələsini ortaya atırdı. Ancaq bu, düzgün deyil. Biz alimləri stimullaşdırmalıyıq. Yaxşı işləyən alimləri stimullaşdırmaq üçün əlavə maliyyə vəsaiti verilməli, onlar üçün mükafatlar təsis edilməldir. Bu da alimin apardığı işin nəticəsinin fərqlənməsini göstərəcək», — Əlizadə qeyd edib. O hesab edir ki, belə stimullaşdırıcı tədbirlər başqa alimlərin də yaxşı işləməsi üçün stimul yaradacaq. Onlar da həmin mükafatları almaq üçün çalışacaqlar.
«Biz Rəyasət Heyətindən başlayaraq, fərqlənmə prinsipini qəbul etməliyik. İndi fikirləşirik ki, dünyasını dəyişmiş böyük alimlərin adına mükafatlar yaradaq, hər il illik hesabatda yüksək uğur əldə edən alimlərə adlı mükafatları təqdim edək», — akademiya prezidenti əlavə edib.
Əlizadə qeyd edib ki, bu stimullaşdırıcı addımların atılması üçün AMEA RH-də müzakirələr aparılmalıdır. Daha sonra bu məsələlər həyata keçiriləcək. Akademiya prezidentinin sözlərinə görə, çöl tədqiqatları aparan alimlərə əlavə maliyyə vəsaiti ödənilməlidir, çünki onlar tədqiqatlarını başqa şəraitdə aparırlar.
Sovet dövründə belə bir təcrübənin olduğunu deyən Əlizadənin sözlərinə görə, tədqiqat işləri aparanlara məsafənin uzaq, ərazinin dağlıq olmasına görə ayrıca vəsait verilirdi.
Bunların yenidən tətbiqini vacib sayan Əlizadə onu da qeyd edib ki, elmin bir çox sahələrində çöl tədqiqatları aparılmasa, həmin sahə inkişaf edə bilməz. Akademiya prezidentinin sözlərinə görə, son 10-15 ildə maliyyə vəsaitinin ayrılmasına baxmayaraq, alimlər tərəfindən çöl tədqiqatları aparılmayıb. «Buna görə də tapşırıq vermişəm ki, bununla bağlı əsasnamə hazırlansın. Bu gün Azərbaycan elmində bu təcrübələr, çöl tədqiqatları hansı əsaslarla, hansı formada aparılmalı, bu işlərin maliyyələşdirilməsi necə olmalıdır? Bu işlər üçün vəsaitlər ayrılmış ümumi vəsaitdən fərqli olmalıdır», — Əlizadə əlavə edib.
Bundan başqa, ölkəmizdə dövlət mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan elmi işçilərə, xüsusilə, gənc alimlərin növbəsiz mənzillə təmin olunmasına şərait yaradacaq, onlara güzəştli sosial ipoteka kreditlərinin verilməsinə təminat verəcək. Bu məsələ yeni hazırlanan «Elm haqqında» qanun layihəsində öz əksini tapıb. Layihədə qeyd edilib ki, dövlət yaşayış sahəsi olmayan gənc alim və istedadlı elmi işçilərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz torpaq sahəsi ayrılmasını təmin edir. Elmi işçilər qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli kredit götürmək və qrantlar almaq hüququna malik olacaqlar. Layihəyə görə, dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, stajartırma və digər məqsədlər üçün qrantlar ayrılmasını təmin edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 256